Xocalı soyqırımı ilə bağlı aparılan genişmiqyaslı kampaniyalara qardaş Türkiyə Respublikası tərəfindən də ciddi dəstək göstərildi. Belə ki, İstanbulun Taksim meydanında təşkil olunmuş çoxminli yürüş, demək olar ki, bütün dünyada əks-səda verdi. Beynəlxalq aləm, dünya birliyi Xocalı soyqırımının həqiqətlərini duydu və eşitdi.
Qeyd edək ki, İstanbulun Taksim meydanında baş tutan çoxminli yürüşdə Azərbaycanın bir çox tanınmış siyasi-ictimai, mədəniyyət xadimləri yaxından iştirak ediblər. YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da həmin tədbirlərdə iştirak edərək, Xocalı soyqırımının həqiqətlərinin dünya birliyinə çatdırılması çərçivəsində əhəmiyyətli təbliğat aparıb. O, bu barədə "Səs" qəzetinə verdiyi açıqlamasında qeyd edib ki, Xocalı faciəsinin 20 illiyi ilə bağlı dünyanın hər yerində geniş tədbirlər keçirilib: "O cümlədən, respublikamızda Prezident İlham Əliyev cənablarının iştirakı ilə böyük və izdihamlı yürüş keçirilib. Eyni zamanda, Azərbaycanın diaspora qurumlarının iştirakı ilə dünyanın 30-dan yuxarı ölkəsinin paytaxtlarında bu tipli tədbirlər sırasında İstanbulun Taksim meydanında keçirilən tədbir öz möhtəşəmliyi, əks-sədası ilə ən böyük tədbirlərdən idi. Bildiyiniz kimi, İstanbul dünya informasiya mərkəzlərindən biridir və bu tədbirin təşəbbüskarları Türkiyədəki sivil toplum qurumları idi. Bu aksiyada ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin 15-ə yaxın üzvü, eyni zamanda, Azərbaycan parlamentinin bir qrup deputatları və tanınmış incəsənət xadimləri iştirak edirdilər".
M.Qurbanlı Taksimdə keçirilən mitinqdə səsləndirilən şüarların da yüksək səviyyədə olduğunu söylədi: "Bu şüarlar bir tərəfdən Xocalı soyqırımını törədənlərin cəzalandırılması, Dağlıq Qarabağ probleminin həll edilməsi və bu torpaqların Azərbaycana qaytarılması ilə bağlı çağırışlar idi, həmçinin, "Hamımız türkük, hamımız xocalılıyıq!" şüarları səsləndirilirdi. Bu şüarlar bir daha Türkiyə-Azərbaycan dostluğunu ifadə etməklə yanaşı, eyni zamanda, Türk dünyasının Azərbaycanın üzləşdiyi problemlərə biganə qalmadığını ifadə edirdi. Ümumiyyətlə, İstanbulun Taksim meydanında keçirilən çoxminlik tədbir bir daha Türkiyə-Azərbaycan dostluğunun qırılmaz olduğunu sübut etdi".
M.Qurbanlı keçirilən tədbirdə insanları riqqətə gətirən çıxışların olduğunu da söylədi. Xüsüsilə, azərbaycanlı qızı Zərifə Quliyeva adlı qızın çıxışı tədbir iştiraçılarına daha çox təsir etdi. 20 il öncə Xocalıda törədilən qanlı faciədən, cinayətdən danışan Z.Quliyeva həmin soyqırımı anasının bətnində olarkən yaşadığını söylədi. Hətta meydanda ağlayan insanları gördük. Həmçinin, Türkiyə millət vəkilləri öz çıxışlarında bir daha bildirdilər ki, Türkiyə hər zaman Azərbaycanla birdir. Həmin zamanlarda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxışında Xocalı faciəsi ilə bağlı münasibətini bildirdi və bu faciənin dünyada tanıdılmasının zəruriliyini vurğuladı. Bildirdi ki, bu faciəyə Türkiyə heç vaxt biganə qalmayacaq.
Fransa Konstitusiya Şurasının ədalətli qərarını söz və fikir azadlığının təzahürü kimi dəyərləndirmək olar
YAP İcra katibinin müavini M.Qurbanlı Fransa Senatının bir qrup üzvünün qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirdi: "Fransa Konstitusiya Şurasının bu addımı dünya erməniliyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsi oldu. Keçirilən bütün tədbirlər bir daha onu sübut etdi ki, Azərbaycan-Türkiyə birliyi üçün heç bir maneə ola bilməz. Fransa Konstitusiya Məhkəməsi sarkozilərin Fransa üzərinə ləkə yaxmasına imkan vermədi. Hesab edirəm ki, Avropada bu cür cəhdlər göstərən erməni lobbisinin təsiri altında belə hərəkətlərə yol vermək istəyənlərə tutarlı cavab oldu. Sərsəm qanunlara sərsəmlər dəstək verər. Sərsəm qanunların qarşısını isə kamil insanlar ala bilər. Fransa Konstitutsiyası Məhkəməsinin bu məsələdə mövqe nümayiş etdirənlər kamil hərəkətlərə əməl etdilər. Yeni Azərbaycan Partiyası bu sahədə öz sözünü dedi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu hadisə ərəfəsində Fransa Senatına və Fransa nümayəndələr məclisi üzvlərinə etiraz məktubları göndərmişdilər. Hesab edirəm ki, Türkiyə-Azərbaycan birliyini uğurlu təcəssümüdür".
RƏFİQƏ