PDF Oxu

Sosial

  • 10

“Sədərək şairləri (II hissə)” kitabı çapdan çıxıb

“Sədərək şairləri (II hissə)” kitabı çapdan çıxıb

Yazıçı, publisist, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hacı Tofiq Seyidzadə axtarışları ilə uzun yaradıcılıq yolu keçərək özünəməxsus irs yaratmışdır. Gənclik dövründən pedaqoji fəaliyyət göstərməklə yanaşı, publisist məqalələri, elmi, ədəbi-publisistik yazıları ilə dövri mətbuatda çıxış edib. Belə ki, "Bakinski raboçi", "Azərbaycan müəllimi", "Şərqin səsi", "Şərurun səsi" və başqa mətbu orqanlarda məqalələri dərc edilib.

Uzun illərin təcrübəsi və axtarışlarının nəticəsi olaraq onun bir-birinin ardınca kitabları da nəşr olunub. Onun son illərdə nəşr etdirdiyi kitablar sırasında Azərbaycanın qədim tarixə malik torpağı olan Sədərəyin vətənpərvər oğullarına həsr etdiyi nümunələr diqqəti çəkir. Belə ki, "Sədərək dünya coğrafiyaşünaslarının, diplomatlarının və alimlərinin gözü ilə" kitabında müəllifin dünya alimləri, böyük mütəfəkkirləri tərəfindən Naxçıvanın flora-faunasına, yeraltı-yerüstü təbii sərvətləri, mədəniyyəti,infrastrukturu cəhətdən yüksək səviyyədə quruculuğunun diqqətdə olmasını göstərir. "408 sədərəkli Vətən uğrunda" kitabında tarixi reallıqlara söykənən yazıçı Azərbaycan torpağının fədakar övladlarının olduğunu sübuta yetirən amilləri diqqətdə saxlayır. Kitabına müəllifin araşdırmaları və axtarışları əsasında Böyük Vətən müharibəsinin iştirakçısı, döyüşçüsü olmuş insanların fəaliyyətini əks etdirən avtobioqrafik məlumatlar daxil edilib. Kitabın ərsəyə gəlməsində axtarışlar aparan müəllif təkcə Azərbaycanda deyil, xarici ölkələrdə yüzədək şəhərə müraciət edib, aldığı sənədlər əsasında kitabı ərsəyə gətirib.

Sözsüz ki, vətən üçün ömrünü həsr edən insanlar xalqın qan yaddaşının bir hissəsinə çevrilərək, zaman-zaman xatırlanır, onlar haqqında dəyərli məlumat dərc etdirilir. "Şəhidlər Sədərək məktəbinin məzunlarıdır", "Sədərək alimləri və şam ömrü", "Sədərəyin sərhədi kömür basdırılan yerdən başlanır" kimi kitabları bu silsilədən olan yaradıcılıq nümunələridir. Bu nümunələrin davamı olaraq onun bu günlərdə "Sədərək şairləri" (II hissə) kitabı çapdan çıxıb. Kitabda müəllif Sədərək şairlərinin yaradıcılığı haqqında ətraflı məlumat verib. Kitabda qədim Oğuz yurdu Sədərəyin igid oğul və qızları, onların erməni quldurlarının hücumlarına mətanətlə sinə gərmələri, 20 Yanvar şəhidləri və dünya tarixində ən dəhşətli soyqırımı aktlarından olan Xocalı faciəsinə həsr edilmiş əsərlər toplanıbdır.

Bu nəşrdən əvvəl nəşr edilən I hissədə olduğu kimi, yeni çapdan çıxmış kitabda da Sədərəkdən olan 20-yə yaxın şair, yazıçı və alimin əsərləri yer alıb.

Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Nizami Xudiyev, dosent Əbülfəz Muxtaroğludur. Kitaba şeirləri toplanmış şairləri iki qismə ayırmaq olar: şairlər və şair təbiətli aşıqlar. Bu sırada olan yaradıcı simalardan Ağ Aşıq Yusif Sədərəkli, Əhməd Türk Sədərəkli, Sultan Nadirsoy, Aydın Arslan, Kəmalə Nəsrin, Təbib Əli Nəsənoğlun, Kəmaləddin Qədim və başqalarının yaradıcılıq irsindən nümunələr daxil edilib. Bu nümunələrdə yaradıcı insanların vətənlə, həyatla bağlı olan düşüncələri yer alıb.

Daim özünə qarşı tələbkar olan Hacı Tofiq Seyidovun yaradıcılıq axtarışları, məhz öz meyarları baxımından davam edir.

Digər xəbərlər