Erməni vandalizmi 1992-ci il fevralın 26-da Xocalı soyqırımı törətməklə, bir gecədə 613 nəfər - qadın, uşaq, qocanı amansızlıqla qətlə yetirməklə XX əsr bəşəriyyət tarixinə qanlı ləkə saldı. Ermənilər insanlığa yaraşmayan bu qətliamdan bu gün belə fəxrlə danışırlar. Ermənilərin "ziyalısı" Zori Balayan Xocalıda balaca uşaqları çarmıxa çəkməsini öz kitabında göstərməklə bütün dünyaya erməni vəhşiliyini nümayiş etdirmişdir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan da Xocalıda baş verən soyqırımında iştirakını gizlətmir.
Xocalı bütün türk ulusunun dərdidir
Üzərindən 20 il keçməsinə baxmayaraq, Azərbaycan bu soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində informasiya blokadasını son 2-3 ildə qıra bilib. Artıq İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Xocalı faciəsini insanlığa qarşı cinayət kimi qiymətləndirib. Pakistan və Meksika parlamentləri tərəfindən bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamələr, Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsində bəyanat qəbul olunub.
Bu il isə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində Xocalı soyqırımını tanıtmaq üçün genişmiqyaslı tədbirlər keçirilib. Qardaş Türkiyədə, İstanbulun Taksim meydanında "Hepimiz Hocalılıyız" şüarı ilə keçirilən yürüş bunların ən möhtəşəmi idi. On minlərlə insan türk dünyasının ortaq kədəri olan Xocalı faciəsini unutmadığını göstərmək üçün bir yerə toplaşmışdı. Taksimdəki tədbir göstərdi ki, Xocalı bütün türk ulusunun dərdidir. Türkiyə və Azərbaycan hər zaman yan-yana, çiyin-çiyinədir. Sevincimiz də, kədərimiz də ortaqdır. Qardaş Türkiyə öz qardaş təəssübkeşliyini göstərdi. Türkiyənin daxili işlər naziri İdris Naim Şahin də izdihamlı tədbirdə çıxış edərək, "Azərbaycanın ağrısı, bizim ağrımız, Azərbaycanda axıdılan qan bizim qanımızdır" dedi.
"Sapı özümüzdən olan baltalar"
Ancaq türk dünyasının birliyi bir çox qüvvələrə sərf etmir. İstər Türkiyə daxilində, istər xaricdə bəzi güclər bu birliyə, dayanışmaya ləkə salmağa, qara yaxmağa cəhd göstərirlər. Bunun üçün də "sapı özümüzdən olan baltalar"dan istifadə edirlər. Türkiyə mətbuatının müxtəlif qəzetlərində çap olunan bir sıra köşə yazıları Türkiyə-Azərbaycan birliyinin kimlərisə narahat etdiyini açıq-aydın tərzdə göstərir. "Radikal" qəzetinin öndərliyi ilə Cengiz Çandar, Ahmet İnsel, "Taraf" qəzetində Murat Belge, "Milliyet"də Hasan Cemal və başqaları bu tədbiri millətçi, irqçi və hətta şovinist addım kimi qiymətləndiriblər. Cengiz Çandar öz köşə yazısında daha da irəli gedərək, Anadoludakı erməni üsyanının nəticələrini soyqırımı adlandırıb, Dağlıq Qarabağdakı hadisələri isə qanlı çatışmalar kimi qiymətləndirib. Sumqayıtdakı hadisələri etnik təmizləmə adlandırdığı halda, Xocalı faciəsinin hərbi strategiyanın qurbanı olduğunu düşünür və ya bu cür təqdim etməyə çalışır. O, 2001-ci ildə Dağlıq Qarabağda olarkən bu şəhərin onda oyatdığı təəssüratları belə göstərməyə çalışır: "Hocalı katliamının askeri anlamını, Hocalıyı ve çevresini görünce anlamamak mümkün deyildi". Xocalıdakı dəhşətləri, Azərbaycan türkünün başına gətirilənləri görmək istəməyən bu adam "Hepimiz ermeniyiz" deyə hayqıranlardandır, 100 il bundan əvvəl türk dövlətinə xəyanət etmişlərə haqq qazandıran, cəmi 20 il əvvəl isə öz gözləri qarşısında baş vermiş bir faciəni çirkin məqsədləri üçün təhrif edəndir.
"Hepimiz Türküz, Hepimiz Hocalılıyız" deyən on minlərlə insana minnətdarıq
Xocalı faciəsinin 20-ci ildönümünün Türkiyədə xüsusi qeyd edilməsini həzm edə bilməyən bir qrup, hətta emosiyalarını cilovlaya bilməyərək, təxribata da əl atıbdır. Belə ki, fevralın 28-də Ankaranın Hacettepe Universitetində təşkil olunan konfransda bir qrup PKK-çı kürd və kommunist gənclər təxribat törədiblər.
Tədbirin gedişində Xocalı ilə bağlı film nümayiş etdirildiyi zaman bir qrup gənc yerindən qalxaraq, səhnəyə doğru yürüyüb və "yetər bu səhnələri göstərirsiniz, uşaqların başının kəsilməsini nümayiş etdirməyi dayandırın, bu, gərək deyil" kimi fikirlər səsləndirib, təxribatlar törətməyə başlayıblar. Ardınca "Erməni, kürd və türk qardaşdır" kimi şüarlar ucaldıblar və sair. Bəlli olub ki, bu təxribatçılar kürdlər və kommunistlərdir. Daha sonra onlar stulları götürüb səhnəyə atmağa başlayıblar. Milliyyətçi gənclər də buna dözməyərək, onları zərərsizləşdirməyə çalışıblar. Təxribatçılar zaldan çıxarılıb və konfrans davam edib.
Sözsüz ki, bu adamları kimsə "sap" kimi istifadə edir, danışdırır və yazdırır. Hansı məqsədlərə xidmət etdikləri isə həm Türkiyə, həm də Azərbaycan ictimaiyyətinə məlumdur. Lakin Cengiz Çandar və onun kimilər "Hepimiz ermeniyiz" deyənlər, Hrant Drink aşiqləri bilməlidirlər ki, onlar istədiklərinə nail ola bilməzlər. Azərbaycan xalqı Taksim meydanını dolduran "Hepimiz Türküz, Hepimiz Hocalılıyız" deyən on minlərlə insana minnətdardır. Türkiyə və Azərbaycan Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "İki dövlət, bir millətdir". Azərbaycan - Türkiyə qardaşlığı və dostluğu əbədi, əzəli və sarsılmazdır.
CABİR