PDF Oxu

Sosial

  • 8

Ordudan siyasi məqsədlər üçün istifadə etmək xəyanətdir

Ordudan siyasi məqsədlər üçün istifadə etmək xəyanətdir

Bu gün Azərbaycan ordusu regionda, eləcə də, dünyada öz qüdrəti ilə sayılıb-seçilən, eyni zamanda, müasir hərbi texnikaya malik olan güclü ordulardan biri kimi qiymətləndirilir. Son illərdə silahlı qüvvələrimizin beynəlxalq sülhməramlı tərkibdə qaynar nöqtələrdə yüksək səviyyədə təmsil olunması, bu kimi digər mühüm hadisələr fonunda daha çox nüfuza malik olması, sözsüz ki, ölkə rəhbərliyi tərəfindən hərbi sahəyə göstərilən xüsusi diqqətin və qayğının bariz nümunəsidir.

Məhz bu əhəmiyyətli faktorlar fonunda əsgər və zabit heyətinin həyat səviyyələrinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər də qeyd edilən amilləri təsdiq edir. Belə ki, bu gün orduda xidmət edən hər bir əsgər, hər bir zabit həm də ölkə ictimaiyyətinin bir nümayəndəsidir. Təbii ki, Azərbaycan ordusu da, digər ölkələrin orduları kimi, ictimaiyyət daxilində formalaşaraq, öz tərkib hissəsini müəyyənləşdirir. Yəni bütün normal cəmiyyətlərdə olduğu kimi, Azərbaycan ordusunda xidmət edənlər xalqın, ictimaiyyətin bir parçasıdırlar. Məhz bu kimi amilə nəzər salarkən, cəmiyyət arasında baş verən bəzi neqativ hallar ara-sıra orduda da müəyyən edilir.

Lakin burada bir sıra nüanslar mövcuddur ki, onlardan biri və təəssüfedicisi neqativ hallardan sui-istifadə edilərək, bəzi hadisələrin süni şəkildə şişirdilməsidir. Daha dəqiq vurğulasaq, siyasiləşdirilməsidir. Bu kimi işlərdə ölkədə fəaliyyət göstərən "Azadlıq", "Yeni Müsavat" kimi müxalifətyönlü qəzetlər daha çox canfəşanlıq göstərirlər. Ona görə yox ki, həmin qəzetlər və xidmət göstərdikləri siyasi təşkilatlar hər hansı bir hadisəyə canıyananlıq göstərirlər, məsələ ondadır ki, onlar əllərinə düşən ən xırda faktı böyüdərək, bundan şəxsi məqsədləri və dividendləri üçün istifadə edirlər. Bu isə, təbii ki, həm də ictimaiyyət arasında çaşqınlıq yaratmağa doğru atılan lüzumsuz addım kimi dəyərləndirilir. Belə ki, son vaxtlar ordunun adına ləkə gətirmək istəyən həmin qüvvələr və onların mətbuat səhifələri istefada olan general Lənkəran Əliyevin bir zamanlar orduda yol verdiyi bəzi nöqsanlarını Azərbaycan ordusunun çatışmazlığı qismində təqdim etməyə cəhd göstərirlər. Və əlbəttə ki, istefada olan birinin nə zamansa yol verdiyi neqativ olayları hazırkı güclü və qüdrətli ordunun adına yazmağa səy göstərmək ən azından xəyanət kimi qəbul olunmalıdır.

Təəssüflər olsun ki, bu işdə L.Əliyevin özü də yaxından iştirak edir və bir zamanlar daşıdığı general mundirinə, general paqonuna gölgə salır. Bu gün siyasi müxalifətin mətbu orqanlarında boy-boy özünü reklam etdirən istefada olan general bəlkə də nə vaxtsa özünü təmizə çıxarmaq üçün çıxış yolu tapa bilərdi, amma əldə etdiyimiz faktlar onun, əslində, bir zamanlar orduya necə ləkə vurduğunu sərgiləmiş olur. Belə ki, general L.Əliyevin bir sıra müxalifətyönlü kütləvi informasiya vasitələrində səsləndirdiyi və kifayət qədər təzadlı məqamlarla yadda qalan bəyanatları həm də ölkə ictimaiyyəti nümayəndələri, xüsusilə, hərbi qulluqçular tərəfindən birmənalı qarşılanmır. Və məlum olur ki, həmin bəyanatlarda ordu rəhbərliyinin ona qarşı qərəzli mövqe tutduğunu bəyan edən L.Əliyevin özü vaxtilə tabeliyində xidmət edən bir qrup zabit tərəfindən vəzifə səlahiyyətlərini aşmaqda, insanları mənəvi və fiziki təzyiqlərə məruz qoymaqda günahlandırılır.

Bu barədə artıq redaksiyamıza müraciətlər də daxil olmaqdadır. Daxil olan müraciətlərin birində mayor Məmmədov Əfqan Mehdixan oğlu qeyd edir ki, o, 19 ildir ki, ordu sıralarında xidmət edir. Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirib və leytenant hərbi rütbəsində Silahlı Qüvvələrimizin müxtəlif bölmələrində, o cümlədən, döyüş bölgəsində yerləşən hərbi hissədə Vətənə övladlıq borcunu yerinə yetirib. Öz üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəldiyinə görə ordu rəhbərliyi tərəfindən müxtəlif mükafat və medallarla təltif olunub. Ə.Məmmədov 2004-cü ilin avqust ayından xidmətini Təlim-Tədris Mərkəzində zabit ixtisas taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində davam etdirib. Elə həmin vaxtdan da onun xidmət karyerasının, necə deyərlər, qara günləri başlayıb. Bu müddət ərzində TTM-in sabiq rəisi general-mayor L.Əliyevin haqsız təqiblərinə məruz qalıb. Zabitin xədmətə başladığı ilk ildəcə, heç bir əsas olmadan 13-cü maaşını kəsən TTM rəisi sonradan öz qərəzli mövqeyini daha aqressiv formada nümayiş etdirirərək, onu hətta şəxsi heyətin gözü qarşısında belə təhqir etməkdən çəkinməyib. Mayor Məmmədov həmin günü belə xatırlayır: "2006-cı ilin iyul ayında mənə verilən tapşırığı tam yerinə yetirdiyimə baxmayaraq, TTM-in sabiq rəisi general-mayor Lənkəran Əliyev məni əsgər və zabitlərin gözü qarşısında nalayiq sözlərlə təhqir etdi. Ancaq bununla da ürəyi soyumayan L. Əliyev sonradan əlində tutduğu açar topası ilə başıma güclü zərbə endirdi. Sonra isə yaxamdan tutub məni var gücü ilə silkələdi. Nəticədə başım yarıldı, sinəmə isə yumruqla vurduğu yer qaraqançır oldu. Bu təhqirə və zədələrə dözməyərək məcburiyyət qarşısında qalıb Bakı Şəhər Hərbi Prokurorluğuna və Silahlı Qüvvələrin Mərkəzi Klinik Hospitalına şikayət ərizəsi ilə müraciət etdim. Baş leytenant Eldar Ələsgərov isə qeyd edir ki, TTM rəisi vəzifəsində xidmət etdiyi zaman L.Əliyevin haqsız təzyiqlərinə məruz qalan gizir və zabitlərin sayı kifayət qədərdir. Onların arasında, hətta zərif cinsin nümayəndələri də var.

Redaksiyamıza müraciət edən xanım hərbçi kapitan Günel Abbasova da belələrindəndir. Ali Hərbi Məktəbin məzunu olan Günel xanım 2005-2009-cu illərdə TTM-də kadrlar və nizami şöbə rəisinin köməkçisi vəzifəsində xidmət edib. Nizamnamə qaydalarını kobud şəkildə pozan L.Əliyevə öz şəxsi maraqlarından doğan məsələlərin həllində ciddi müqavimət göstərdiyinə görə, kapitan G.Abbasova da şəxsi heyət qarşısında haqsız təhqirlərinə məruz qalıb. Hətta istirahət günləri xidmətdə olmadığına görə hərbi qulluqçunun maaşını kəsən bir generalın indi ictimaiyyət qarşısında yüksək pafosla danışması Günel xanımı heyrətə gətirir: "Həmin dövrdə TTM-in rabitə rəisi vəzifəsində xidmət edən polkovnik-leytenant Namiq Bağırov L.Əliyevin onu daim təzyiq altında saxladığına və həbs etdirmək adı ilə təhdid etdiyinə görə, Respublika Hərbi Prpokurorluğuna şikayət etmişdi. Həmin vaxt mən kadrlar və nizami şöbə rəisinin vəzifəsini icra edirdim. L.Əliyev məni yanına çağırtdırıb polkovnik-leytenant N.Bağırovu şantaj etməyimi guya kimdənsə 700 ABŞ dolları məbləğində rüşvət aldığını gördüyümü deməyi tələb etdi və yalnız bundan sonra xidməti karyeramda irəliləyişlərin olacağını vurğuladı. Mən ona etiraz edib, belə iyrənc addımı atmayacağımı bildirdim. Bundan 3-4 gün keçmiş L.Əliyev vəzifəmi digər bir zabitə təhvil verməyimi tələb edərək, məni növbəti məzuniyyətə göndərdi. Geri qayıdandan sonra yerimə təyin olunan zabit mən məzuniyyətdə olarkən toplanılmış saxta "cəza" materiallarını göstərərək, mənim xidməti uyğunsuzluqla ehtiyata buraxıldığımı bildirdi. Hüquqlarımın L.Əliyev tərəfindən kobud şəkildə pozulması barədə müdafiə nazirinə etdiyim müraciətdən sonra yenidən ordu sıralarına qaytarıldım". Bizcə, bu kimi faktlar kifayət edər ki, L.Əliyev kimi insanların, əslində, nəyə xidmət etmələrindən xəbərdar olasınız. Bu səbəbdən də, belələrinin müxalifət mətbuatına çıxaraq özlərini hər tərəfdən reklam etdirmələri, müxalifət dairələrinin isə onun kimi üz qaralarını siyasi dividendləri xatirinə təmizə çıxarmaq cəhdləri hər kəsin yerinin harda olacağını bəlli edir.

QİSMƏT

Digər xəbərlər