Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın fəaliyyətə başlamasından 92 il ötür
1920-ci ilin mart ayının 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan bu agentlik fəaliyyət göstərdiyi müddətdə yeddi dəfə adını dəyişmək məcburiyyətində qalsa da, 2000-ci il yanvar ayının 17-də öz tarixi adını bərpa edərək, yenidən AzərTAc - Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmışdır.
Rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında 24 saat Azərbaycan, rus və ingilis dillərində dəqiq və operativ xəbər yayan AzərTAc, çox sevindirici haldır ki, bu gün dünyanın aparıcı xəbər agentlikləri ilə bir sırada dayanmaq imkanı qazanıb və onlarla ikitərəfli əməkdaşlıq edir. Bu gün AzərTAc təkcə respublikamızda deyil, bütün dünyada böyük hörmət və nüfuza malik olduğunu öz çoxşaxəli və uğurlu fəaliyyəti ilə sübut edib.
Müstəqil Azərbaycan Respublikasının inkişaf yolu ilə uyğunluq
AzərTac həm də müstəqil Azərbaycan Respublikasının inkişaf yolu ilə uyğunluq təşkil edir. Bu uyğunluğun ən gözəl ifadəsi isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 2000-ci ilin fevralında AzərTAc-ın 80 illik yubileyi ərəfəsində agentliyin kollektivinə ünvanladığı təbrik məktubunda yer almışdır: "Müstəqilliyimizin daha da möhkəmləndirilməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən köklü isilahatların, baş verən mütərəqqi dəyişikliklərin, Ermənistanın respublikamıza təcavüzü ilə yaranmış mürəkkəb sosial-iqtisadi və insani problemlərin açılmasında, beynəlxalq aləmə yayılmasında AzərTAc-ın fəaliyyəti mühüm əhəmiyyət kəsb edir".
Xüsusi olaraq qeyd etmək vacibdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində inkişaf prosesi başlanmışdır ki, sözsüz, AzərTAc da bu tərəqqi və yüksəliş dalğasından kənarda qalmayıb. Ulu Öndər Heydər Əliyevin 1995-ci il martın 3-də "Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc) yenidən təşkil edilməsi haqqında", 1996-cı il iyunun 29-da "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc) işinin yaxşılaşdırılması haqqında", 2000-ci il yanvarın 17-də "Azərbaycan Teleqraf Agentliyinin (AzərTAc) fəaliyyətinin təkmilləşdirilməsi haqqında", 2002-ci il dekabrın 28-də "Azərbaycan Teleqraf Agentliyi (AzərTAc) işçilərinin maddi təminatının yaxşılaşdırılması haqqında" fərman və sərəncamlarının bu informasiya agentliyinin mövcud nailiyyətləri əldə etməsində müstəsna əhəmiyyəti olubdur. Bütün bu fərman və sərəncamlar Ümummilli Liderin AzərTAc-a böyük dəyər verməsi və hər zaman bu agentliyə dövlət qayğısı göstərməsinin göstəricisidir. Ümummilli Lider Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu dövlət qayğısını hər zaman davam etdirməkdədir.
AzərTAc-ın inkişafında 2002-ci ildən bu quruma rəhbərlik edən baş direktor Aslan Aslanovun xüsusi rolunu ayrıca qeyd etmək lazımdır. O, informasiya sahəsində əməkdaşlığın müasir problemlərini, dünyada informasiyanın rolunu çox yaxşı başa düşən müasir təfəkkürlü peşəkardır. Elə bu peşəkarlığın nəticəsidir ki, AzərTAc-ın üzvü olan təşkilatlarla keçirilən bütün tədbirlərdə bu qurum öz sözünü deyir. 92 yaşlı informasiya agentliyinin ev sahibliyi etdiyi bütün tədbirlər yüksək nailiyyətlərlə başa çatır. Düzənlənmiş bütün tədbirlərin bir amalı var: Azərbaycanın siyasət, iqtisadiyyat və sosial sahədə qazandığı uğurları informasiya məkanında da öz əksini tapsın və dünya onu etiraf etsin.
Böyük potensiala malik AzərTAc
Eyni zamanda, bu qocaman mətbuat qurumu bir çox beynəlxalq informasiya təşkilatlarına üzvdür. Belə ki, AzərTAc 2004-cü ildə Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci il aprel ayının 18-də Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. Agentlik Müstəqil Dövlətlər Birliyi üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin milli informasiya agentlikləri assosiasiyasının (PANİA) təsisçilərindən biridir.
AzərTAc həm də 2008-ci ildən "AsiaPulse" - Asiya xəbər agentlikləri konsorsiumunun üzvüdür. Bu gün AzərTac-ın fəaliyyəti onun təkcə nüfuzlu xəbər agentliyi olması ilə bitmir. Bu agentlik Azərbaycan tarixinin təxminən bir əsrlik dövrünü özündə sənədləşdirən bir arxivdir. Bu faktın özü isə 91 ildə bu xəbər agentliyində çalışan əməkdaşların nə qədər öz xalqını sevdiklərinə açıq sübutdur. Mətbu qurumun 90 illik yubileyi ərəfəsində agentliyin 19 nəfər əməkdaşı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, fəxri adlara və mükafatlara layiq görülüblər. Deyə bilərik ki, bu gün dünyada AzərTAc qədər yaşı olan çox az agentlik mövcuddur.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında AzərTAc-ın xidmətləri hər zaman əvəzolunmaz fəaliyyət kimi dəyərləndirilmişdir. Fürsətdən istifadə edərək, biz də "Səs" qəzetinin kollektivi olaraq, Azərbaycan mətbuatının və informasiya dünyasının qocaman orqanı olan AzərTAc-ın kollektivini 92 illiyi münasibəti ilə təbrik edir, bu qurumun fəaliyyətinin daha da uzunömürlü olmasını arzulayırıq.
RƏFİQƏ KAMALQIZI