YAP Səbail rayon Milli Azərbaycan Tarixi Muzeyi ilk ərazi təşkilatının təsis edilməsi ilə bağlı keçirilən tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov Yeni Azərbaycan Partiyasının yaranması zərurətindən danışıb. O, qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə birbaşa bağlı olan Yeni Azərbaycan Partiyası xalqımızın və respublikamızın müstəqilliyi istiqamətində böyük mübarizə yolu keçib: "Yeni Azərbaycan Partiyası qısa müddətdə təşkilatlanaraq ölkənin ən mütəşəkkil siyasi qüvvəsinə çevrilib. Partiyamızın üzvləri ölkəmizdə gedən quruculuq işlərində yaxından iştirak edirlər".
Z.Qaralov Milli Azərbaycan Tarixi Muzeyində partiyanın ilk təşkilatının yaranmasını YAP-ın ölkənin ən mütəşəkkil siyasi qüvvəsi olduğundan irəli gəldiyini söyləyib. Tədbir iştirakçılarının yekdil səsverməsi nəticəsində Milli Azərbaycan Tarixi Muzeyində partiyanın ilk ərazi təşkilatı təsis edilərək, "Azərbaycan Tarixi Muzeyi" adlandırılıb. Muzeyin əməkdaşı Pərvanə Əzimova təşkilatın sədri seçilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev Yeni Azərbaycan Partiyasının respublikamızın ictimai, siyasi və mədəni həyatındakı önəmli rolundan söhbət açıb: "Təbii ki, ölkəmizin əldə etdiyi uğurlarda hakim partiyanın da özünəməxsus rolu və payı var. Hazırda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası uğurla fəaliyyət göstərir və regionun ən güclü siyasi qüvvəsinə çevrilib. Məhz bu gün partiyanın sıraları getdikcə artır. Bu da xalqın YAP-a olan inamından irəli gəlir". Ə.Qarayev Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarını ilk ərazi təşkilatının yaranması münasibəti ilə təbrik edib və bu addımı müsbət qiymətləndirib. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı da YAP-ın ölkə həyatındakı qabaqcıl mövqeyindən danışıb və partiyaya üzv olmuş muzey əməkdaşlarına uğurlar arzulayıb. Sonda YAP-ın ilk ərazi təşkilatına üzv olmuş muzey əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.
Rəfiqə HÜSEYNOVA