Martın 3-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 19 illiyi münasibəti ilə ümumrayon iməciliyi keçirildi. Tədbirdə Milli Məclisin deputatları Madar Musayev, Rafael Cəbrayılov, rayon icra hakimiyyətinin nümayəndələri və rayon partiya fəalları iştirak edirdilər. İməcilik rayon təşkilatının idarə heyətinin yığıncağının qərarı ilə rayonun ilk ərazi partiya təşkilatlarında, qəsəbə bələdiyyələrinin ərazilərində, mikrorayonlarda keçirildi. 7-ci mikrorayonda Dərnəgül metrosunun üzərində start götürən ağacəkmə kampaniyası M.Rəsulzadə qəsəbəsindəki Aboyev adına Parkda, Binəqədi kəndindəki 1941-1945-ci il Böyük Vətən müharibəsi iştirakçılarının abidəsinin ətrafında, Xocasən qəsəbəsində, 28 May qəsəbəsində davam edərək, Biləcəri qəsəbəsində başa çatdı.
Rayon təşkilatının yaradılmasının 19-cu ildönümü ilə təşkil olunmuş iməcilik ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin yaşıllaşdırılması baxımından əhəmiyyət kəsb edir. YAP Binəqədi rayon təşkilatı tərəfindən bu cür silsilə tədbirlər həyata keçirilir. Təşkilatın sədri Nəbi Xəlilov, mütəmadi olaraq, belə tədbirlərin diqqətdə saxlanıldığını bildirdi. Təşkilatın fəaliyyəti barədə məlumat verən N.Xəlilov YAP Binəqədi rayon təşkilatının 1993-cü ildə yaradıldığını vurğuladı: "Bu günlərdə rayon təşkilatının yaranmasının 19 ili tamam olur. Bununla əlaqədar insanların rifahının və istirahətinin yüksəldilməsi, təşkili məqsədi ilə bu cür tədbirlərin keçirilməsi YAP Binəqədi rayon təşkilatında və ilk ərazi partiya təşkilatlarında davam etdirilir. Məlumdur ki, YAP yarandığı zamandan bu günə qədər geniş ictimai fəaliyyəti ilə respublikamızda, eləcə də, respublikamızdan kənarda tanınmışdır. Rayon təşkilatı da bu illər ərzində az iş görməmişdir. YAP Binəqədi rayon təşkilatının üzvlərinin sayı artıq 13 mindən yuxarıdır ki, onların da əsasını gənclər təşkil edir. Təxminən, rayon təşkilatının 60%-ə qədəri gənclərdir. Ölkədə gənclərin ictimai-siyasi işlərə cəlb olunması Yeni Azərbaycan Partiyasının ideoloji ana xəttini təşkil edir. Bu baxımdan YAP Binəqədi rayon təşkilatı tərəfindən də böyük işlər görülür və gənclərin fəaliyyətinə diqqət günü-gündən artırılır. Rayonumuzda gənclərimiz böyük fəallıq göstərirlər. Bugünkü iməcilikdə də gənclərimiz, xüsusilə, fəaldırlar və ağacəkmə kampaniyasında iştirak edirlər. Partiyamızda təşkilatlanan yaşlı nəslin nümayəndələri, ziyalılarımız da çoxdur ki, onlar bu gün gənc nəslə örnəkdirlər. Biz gənclərlə işi yüksək səviyyədə qurmuşuq və onlar rayonumuzun bütün tədbirlərində fəal iştirak edirlər".
Təşkilatın ağacəkmə kampaniyası ərazinin yaşıllaşdırılması istiqamətində atdığı addımların davamı idi. Kampaniya çərçivəsində rayon ərazisində, ümumilikdə, 2 minə yaxın müxtəlif növlü uzunömürlü ağaclar əkildi.
Zümrüd BAYRAMOVA