PDF Oxu

Sosial

  • 11

Ölkəmizin iqtisadi göstəriciləri yüksələn xətlə inkişaf edir

Ölkəmizin iqtisadi göstəriciləri yüksələn xətlə inkişaf edir

Dünən Daşkəsən rayonunda 2011-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərə yekun vurularaq, 2012-ci il üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı geniş tədbir keçirildi. Mərasim iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzüblər.

Rayon mədəniyyət evində davam etdirilən hesabat yığıncağı dövlət himninin səsləndirilməsi ilə başladı. Hesabat yığıncağında məruzə ilə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi.

Ə.Abıyev Azərbaycan dövlətinin çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirdiyini, yeni iş yerləri açıldığını və regionların yüksək inkişafının təmin olunduğunu vurğuladı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi uğurlarının paytaxtla yanaşı, bütün bölgələrini əhatə etdiyini bildirən Ə.Abıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyi daxili və xarici siyasət xəttinin, düşünülmüş iqtisadi və hüquqi islahatların real nəticələrinin ötən ilin yekunlarında özünün bariz əksini tapdığını vurğuladı

Ölkəmizdə davam edən inkişaf tendensiyasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərdiyini bildirən rayon icra hakimiyyətinin başçısı Ə.Abıyev bildirdi ki, ötən il rayonda ilin yekunlarına görə - sənayedə əvvəlki ilə nisbətən artım 2 dəfə, kənd təsərrüfatı məhsulları 21,9 faiz, nəqliyyat üzrə 9,6 faiz, ticarət və ictimai-iaşə xidmətləri üzrə 19,4 faiz, rabitə xidmətləri üzrə 2 faiz çox olub. Ötən bir ildə 228 nəfəri daimi olmaqla, 278 nəfər işlə təmin edilib. Yola saldığımız 2011-ci ildə Daşkəsəndə sənaye müəssisələri üzrə çalışan işçilərin orta aylıq əmək haqqı 313 manat, dövlət sektorunda isə 149,9 manat olub.

Natiq onu da vurğuladı ki, ötən ildə Daşkəsən rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılıbdır: "Ötən il Daşkəsəndə də bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri aparılıbdır. Belə ki, Bayraq Meydanı və istirahət mərkəzi olan park yaradılıb, "Yeni həyat" xeyir-şər evi tikilərək rayon ictimaiyyətinin ixtiyarına verilibdir. Daxili imkanlar hesabına şəhərin "Cümə" məscidi əsaslı təmir edilibdir. Həmçinin, rayonun Heydər Əliyev, İ.Qayıbov küçələrinə asfalt örtüyü salınmış, rayon baytarlıq idarəsinin inzibati binasının, diaqnostika mərkəzi və Dəstəfur kəndində baytar sahəsi üçün inzibati binanın və rayon mərkəzi xəstəxanasının inzibati binaları tikilərək istifadəyə verilibdir. Eyni zamanda, rayonda qəza vəziyyətində olan və sökülməsi nəzərdə tutulan binaların sakinləri üçün 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisində son tamamlama işləri görülməklə yanaşı, rayon statistika idarəsinin yeni inzibati binasının tikintisinə başlanılacaq. Bütün bu işlərlə yanaşı, rayonda sel sularının təsirindən dağılmış, sıradan çıxmış obyekt və qurğuların, müxtəlif su kanalizasiya sisteminin təmiri üzrə işlər görülüb, Daşkəsən qəsəbəsində 80 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılıb".

Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, heyvandarlıq üzrə 1 və arıçılıq üzrə isə 1 damazlıq təsərrüfatları fəaliyyət göstərdiyini vurğulayan rayon rəhbəri bitən ildə toxumçuluq təsərrüfatlarında 90 ton kartof, 200 ton taxıl toxumu istehsal edildiyini söyləyib.

Daha sonra hesabat məruzəsi ətrafında rayon prokuroru İlqar Əliyev, RİHB-in rayon nümayəndəsi Nüsrət Vəliyev, DSMF rayon şöbəsinin müdiri Mahir İsayev, rayon telekommunikasiya qovşağının rəisi Aslan Rüstəmov, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin direktoru Üfət Abdıyeva və başqaları çıxış edərək, rayon icra hakimiyyətinin başçısının məruzəsini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev iştirak və çıxış etmişdir. Sonda iştirakçılar adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.


R.HÜSEYNOVA

Digər xəbərlər