Dünən millət vəkili Etibar Hüseynov və "20 Yanvar" Cəmiyyətinin sədri Sultan Əzimzadə Mixail Qorbaçova təqdim olunan Nobel mükafatının geri alınması tələbi ilə hazırlanan müraciətlə əlaqədar birgə mətbuat konfransı keçiriblər. SİA-nın xəbərinə görə, toplantı zamanı İsveç və Norveç kralları, Norveç Nobel Komitəsinin sədri və Norveç parlamentinə, eləcə də Nobel ailəsinin üzvlərinə ünvanlanan müraciət açıqlanıb.
Müraciətin mətnində Azərbaycanda törədilən hadisələr barədə ətraflı məlumat verilərək Nobel qardaşlarının Bakıdakı fəaliyyətlərinə diqqət yönəldilib.
Bildirilib ki, öz tolerantlığı və qonaqpərvərliyi ilə seçilən Azərbaycan 1990-cı ilin 20 yanvar günü dünyanın xəbər gündəminə ağır faciə ilə düşüb: "Həmin gün SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə hərbi texnika və müxtəlif qoşun növləri heç bir xəbərdarlıq edilmədən şəhərə yeridildi, azadlıq və demokratiya tələbi ilə dinc aksiya keçirən vətəndaşlara qarşı amansız terror həyata keçirildi. Bu hadisələr zamanı 131 nəfər öldürülüb, 744 şəxs yaralanıb, 328 nəfər əlil olub, 841 nəfər isə qanunsuz həbs edilib".
Müraciət məktubunda qeyd olunub ki, Mixail Qorbaçov Nobel mükafatının simvolizə etdiyi sülhpərvərlik və xoş məramlılıq kimi ümumbəşəri dəyərləri kobudcasına pozub: "O, sovet ordusunun törətdiyi cinayətlərə görə dövlət başçısı və ali baş komandan kimi məsuliyyət daşıyır. M. Qorbaçovun əli keçmiş SSRİ ərazisində yüzlərlə dinc və heç bir günahı olmayan insanın qanına bulaşıb, milyonlarla insanı qaçqına çevirib. Sadalanan bu və bu kimi digər səbəblərə görə Mixail Qorbaçova Nobel Sülh Mükafatının verilməsi bu mötəbər mükafatın adına bir ləkədir".
Aynurə Asimqızı