Dünən YAP Gədəbəy rayon təşkilatı ilə RİH birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günümünasibətilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.
Sonra YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov tədbirdə çıxış edərək, bütün qadınları, o cümlədən, rayonun qadınlarını təbrik edib. R.Muradov müasir Azərbaycanda qadınlara olan münasibətlə bağlı fikirlərini də söyləyib: "Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Belə ki, ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər və cəmiyyətdə müxtəlif sahələrdə çalışırlar".
Bayram mərasimində Gədəbəy rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə respublikanın bütün sahələrində qadınlarımızın təmsil olunduğunu söyləyib: "Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan qadınına olan diqqət və qayğı hər kəsə məlumdur. Onun qadına verdiyi qiymət, Azərbaycan qadını haqqında ifadə etdiyi səmimi tarixi fikirlər milli dəyərləri özündə yaşadan qadınlarımızın kimliyini ifadə edir. Bu gün Azərbaycan qadını bütün sahələrdə mübariz və dəyanətlidir. O cümlədən, ictimai-siyasi fəaliyyətdə məxsusi keyfiyyətləri ilə seçilir. Azərbaycan qadınının ümumiləşdirilmiş siması olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva dünya miqyasında Azərbaycan qadınının simvoluna çevrilib. Azərbaycan Mehriban xanım Əliyevanın timsalında dünyada öz layiqli yerini tapıb. Onun Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban Əliyevanın gördüyü işlərin sədası dünyanın hər yerindən eşidilir. Dünya dövlətlərinin yüksək tribunalarındakı çıxışı və qaldırdığı məsələlər bu fikri təsdiqləyir ki, Ümummilli Liderin təməlini qoyduğu yol bu gün də davam etdirilməkdədir".
Tədbirdə YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Nəzakət Hüseynova və fəal qadınlar çıxış edərək, Azərbaycan qadınının ictimai-siyasi həyatındakı fəallığından danışıblar. Tədbirin sonunda rayonun ictimai-siyasi işlərində fəal iştirak edən bir qrup ziyalı qadınlara qiymətli hədiyyələr təqdim edilib.
A.Səmədova