Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda Gürcüstan Prezidenti Mixail Saakaşvili iştirak etdi
Oqtay Əsədov: "Bu gün Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar"
Milli Məclisin Sədri Oqtay Əsədov qonağı salamlayaraq, bildirdi ki, Azərbaycan və gürcü xalqlarının dostluğu qədim tarixə malikdir: "Biz bu dostluğu əsrlər boyu möhkəmləndirmiş və indiki yüksək səviyyəyə gətirib çıxarmışıq. Bu gün Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar və hər sahədə bir-birinə dəstək verirlər. Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvili arasında mövcud olan səmimi münasibətlər dövlətlərarası əlaqələrin dinamik inkişafına kömək göstərir. Ölkələrimizin yaxından iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri həm xalqlarımıza fayda gətirir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Hazırda birgə səylərimizlə digər layihələr, o cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilməkdədir. Nəzərdə tutduğumuz AGRİ layihəsi isə Xəzər dənizinin enerji ehtiyatlarının Avropaya çatdırılmasında ən perspektivli marşrutlardan biri ola bilər".
O.Əsədov onu da vurğuladı ki, Azərbaycanın və Gürcüstanın problemləri də oxşardır: "Hər iki dövlət separatizm meyillərindən, ərazilərinin işğalından əziyyət çəkir. Bu, ölkələrimizin inkişafı yolunda dayanan ən böyük maneədir. Amma beynəlxalq hüquq, dünya birliyinin dəstəyi bizim tərəfimizdədir. Şübhə yoxdur ki, gec-tez bu problemlər öz həllini tapacaq və dövlətlərimizin ərazi bütövlüyü bərpa ediləcəkdir".
Sonra Gürcüstan Prezidenti Mixail Saakaşvili çıxış etdi.
Mixail Saakaşvili: "Azərbaycan regionun lideridir"
Milli Məclisin iclasında çıxış edən Mixail Saakaşvili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan nəinki sürətlə inkişaf edən ölkədir, həmçinin, regionun lideri və qlobal səviyyədə tanınan bir dövlətdir: "Azərbaycan bir çox beynəlxalq təşkilatlarda öz maraqları əsasında fəaliyyət göstərir. Bu gün Azərbaycan artıq BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Azərbaycan bütün məsələlərdə, birmənalı olaraq, müsbət rol oynayır. Biz istənilən məsələdə Azərbaycanın yardımını hiss edirik. Buna görə də ölkələrimizi birləşdirən münasibətlərin gücü məhz bundadır. Bu, əslində, regiondakı sabitliyin və inkişafın təməl daşıdır. Bu, məhz Sizin fəaliyyətiniz, Sizin güclü iradəniz, Azərbaycan xalqının iradəsi əsasında baş verir. Siz həm daxildə, həm xaricdə əsil müstəqil ölkəsiniz. Siz regionda bir çox dövlətlər üçün nümunə ola bilərsiniz. Azərbaycan bizim üçün, həmçinin, digərləri üçün yaxşı bir nümunədir. Əslində, biz bunu adi bir hal kimi qəbul etməli deyilik. Biz, həmçinin, regionda digər hadisələri də görmüşük və hesab edirik ki, məhz bu baxımdan Azərbaycan xüsusi bir istisnadır".
O, qeyd edib ki, dostluğumuz əsrlər boyu kədər və sevinc, ümid və təşviş dolu günlərdən keçərək formalaşıb: "Azərbaycan da, Gürcüstan da qədim xalqlardır, lakin həm də çox gənc müstəqil dövlətlərdir. Bu ölkələrə hər zaman ümumilikdə meydan oxumaqla məşğul olublar və oxumaqdadırlar. Başlıcası isə onlar bu tələblər qarşısında birgə, bir-birindən xəbərdar şəkildə qalıblar və indi də qalmaqdadırlar. Bu, təkcə qədim zamanların yox, həm də yaxın keçmişin bizə verdiyi ibrət dərsidir".
Gürcüstan prezidenti bildirib ki, bizi təkcə siyasi müttəfiqlik birləşdirmir, onun kökləri kifayət qədər dərinə gedib çıxır. Mədəniyyətlərimizin, mətbəxlərimizin bir-biri ilə qarşılıqlı təması hər zaman olub və indi də var: "İndi Gürcüstan və Azərbaycan süqut etdirilməsi mümkün olmayan dövlət yaradıblar. Biz indi 2012-ci ili yaşayırıq və hər kəs başa düşməlidir ki, 2012-ci ildə Sovet İttifaqını yenidən dirçəltmək cəhdləri uğursuzluğa məhkumdur. İnsanlar azadlıqlarından və müstəqilliklərindən, öz yollarını seçmək hüquqlarından imtina etməyəcəklər".
Gürcüstanın dövlət başçısının çıxışı millət vəkillərinin alqışları ilə qarşılandı. Sonra Milli Məclis öz işini davam etdirərək, gündəlikdəki qanun layihələrinin müzakirəsinə başladı. İlk olaraq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi dinlənildi.
Elmira Süleymanova: "Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi nəticəsində məşğulluğun səviyyəsi artmışdır"
Ombudsman Elmira Süleymanova bildirdi ki, məruzənin əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi vəziyyətinin qiymətləndirilməsi, 2011-ci ildə insan hüquqları ilə bağlı vacib problemlərin təhlili, pozulmuş insan hüquqlarının bərpası, müdafiəsi, habelə, profilaktikası ilə bağlı görülmüş işlər barədə məlumat verməkdir: "Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin, insan hüquq və azadlıqlarının təmin edilməsi nəticəsində ölkəmizdə məşğulluğun səviyyəsi artmış, ötən il 94 min yeni iş yeri açılmış, işsizliyin səviyyəsi 5,4 faizə qədər azalmışdır. Yoxsulluq həddi 2011-ci ildə 106,9 manata çatdırılmış, yoxsulluq səviyyəsi isə 7,6 faizə enmişdir. "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur. Ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, "Evrovision" Mahnı Müsabiqəsində birinci yeri tutması, Dünya Mədəniyyətlərarası Dialoq Forumunun və Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından böyük əhəmiyyət daşımışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması əhalinin rifahının layiqli səviyyəyə çatdırılmasında, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasında xüsusi əhəmiyyət kəsb edəcəkdir".
Sonra məruzə ətrafında çıxışlar oldu.
Mübariz Qurbanlı: "İnsan və hüquq azadlıqları ilə bağlı Azərbaycanda ciddi işlər görülməkdədir"
Müzakirədə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirdi ki, bu gün Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox böyük işlər görülür. Xüsusilə də, hakimlər bu istiqamətdə beynəlxalq miqyasda əldə olunmuş təcrübəni və beynəlxalq miqyasda qoşulduğu konvensiyalara əməl edərək, uğurlu siyasət həyata keçirir: "Bir faktı qeyd edim ki, 2011-ci ilin sonlarında ölkə Prezidenti Sərəncam imzalayıb. Həmin Sərəncamda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib və hazırda bu proqramı ilə əlaqədar işlər genişlənməkdədir. İnsan hüquq və azadlıqları geniş anlayışlardır və universal xarakter daşıyır. Dünyanın demokratik ölkələrində insan hüquq və azadlıqlarının daha da inkişaf etdirilməsi istiqamətində işlər görülməkdədir. O cümlədən, BMT, Avropa Şurası, ATƏT və s. təşkilatlar səviyyəsində insan və hüquq azadlıqlarının daha da inkişaf etdirilməsi üçün lazımi sənədlər qəbul edilib. Azərbaycanda da bu sahədə ciddi işlər görülməkdədir".
"Məruzədə qeyd olunduğu kimi ötən illərlə müqayisədə şikayətlərin istiqamətinin də dəyişdiyini görməkdəyik", - deyən millət vəkilinin sözlərinə görə, bütün bunlar Azərbaycanın sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərlə bağlıdır: "Çünki cəmiyyət inkişaf etdiyi üçün, insanların narazılığı da azalıb, şikayətlər məhdud səviyyəyə enib. Bir məsələni də qeyd etmək istəyirəm ki, bu gün yerlərdə dövlət qurumlarında insanların bu və ya digər şikayətlərinə vaxtında diqqət yetirilmədiyi təqdirdə, onlar ya Milli Məclisə, yaxud onların seçdiyi deputatlara, insan hüquqları üzrə müvəkkilə müraciət edirlər. Bəzi hallarda vətəndaşların şikayətlərinə baxılmadıqda, onlar yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalırlar".
Bahar Muradova: "Azərbaycan vətəndaşlarına qarşı cinayətlər işlədən ermənilər cəzalarını alacaqlar"
Milli Məclisin vitse-spikeri Bahar Muradova K.Əliyevanın maraqlı məsələyə toxunduğunu qeyd etdi. Onun sözlərinə görə, haqqında söhbət gedən ermənilərin əksəriyyəti başqa ölkələrin ərazisində yaşayırlar və bu ölkələrin müvafiq orqanları ilə bizim sazişlərimiz var. Bu sazişlər çərçivəsində də vəzifəmizi yerinə yetirməliyik. "Əgər söhbət Azərbaycan vətəndaşlarına qarşı cinayətlər işlədən ermənilər və Ermənistan hakimiyyətində əyləşən belə insanlardan gedirsə, onlar zamanında cəzalarını alacaqlar və dövlətimiz bunun üçün lazım olan hər şeyi edəcək. Amma nail olmaq lazımdır ki, bizim soydaşlarımızın da Ermənistanda üzləşdiyi ədalətsizliklər və bu gün üzləşdiyi çətinliklər də eyni qaydada qarşı tərəfin dövlət orqanları tərəfindən aradan qaldırılsın"- deyə vitse-spiker vurğuladı.
Siyavuş Novruzov: "Azərbaycanda insan hüquqlarının qorunması nümunəvi xarakter daşıyır"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov məruzənin əhatəli olduğunu bildirərək, bir çox məsələləri özündə əks etdirdiyini dedi. Millət vəkilinin fikrincə, faktlar göstərir ki, vətəndaşlar öz hüquqlarının təmin olunması istiqamətində qanun çərçivəsində addımlar atır: "Dünyada baş verən hadisələr göstərir ki, dünyada haqq-ədalət qalmayıb. Elə dövlətlər var ki, başqa ölkənin ərazisini parçalayır, işğal edir və s. Vaxtilə Səddam Hüseyni ittiham edirdilər ki, onun sayəsində 145 nəfər həlak olub. Lakin S.Hüseyndən sonra İraqda 1 milyon insan həlak olub, 6 milyon insan isə şikəst edilib. Yəni dünyada mövcud olan təhdidlər fonunda Azərbaycanda insan hüquqlarının qorunması nümunəvi xarakter daşıyır".
S.Novruzov onu da qeyd edib ki, insan hüquqları ilə bağlı, Azərbaycana dərs verməyə çalışan təşkilatlar Avropada vətəndaşların etirazının qarşısının necə sərt alınmasına diqqət yönəltməlidirlər: "Bu ölkələr Avropa Xartiyasına qoşulublar.Bu təşkilat isə insan hüquqlarını təmin etməyə borcludur. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən bəzi hüquq-müdafiə təşkilatları Ombudsmanın hesabatından nümunə götürməlidirlər ki, hansı insanların hüquqları müdafiə olunmalıdır. Onlar indiyə qədər oğruların, vətən xainlərinin, erməniyə qulluq edənlərin "hüquqlarını" qoruyurlar. Bu təşkilatlar bir müəllimin, həkimin və ya internat məktəbində olan adamın hüquqlarını müdafiə ediblərmi? Xeyr. Onlar Azərbaycana təzyiq göstərilməsi üçün yalan hesabatları müxtəlif təşkilatlara göndərməklə məşğuldurlar. Hesab edirəm ki, bu qurumlar da cəmiyyət qarşısında hesabat verməlidirlər".İclasda, həmçinin, millət vəkilləri Əli Məsimli, Musa Qasımlı, Rafael Cəbrayılov, Astan Şahverdiyev, Çingiz Qənizadə və başqaları çıxış etdilər. Müzakirələrdən sonra Ombudsmanın illik məruzəsi qəbul edildi.
RƏFİQƏ KAMALQIZI