Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər son illər xüsusi fəallıq nümayiş etdirirlər. Bu fəallıq özünü Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə bariz şəkildə göstərmişdir.
AzərTAc xəbər verir ki, bu sözləri Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında iştirak etmək üçün Danimarkadan Bakıya gəlmiş Mehriban Əliyeva demişdir. M.Əliyeva yeni qurulmuş "Vətən" Cəmiyyətinin Təşkilat Komitəsinin sədridir.
O bildirmişdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Danimarkada yaşayan həmvətənlərimiz tərəfindən təbliğ olunur. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması Avropa ölkələrində yaşayan və təhsil alan gənclərin bir araya gəlməsinə kömək edəcəkdir. Koordinasiya olunmuş fəaliyyət daha səmərəli olacaqdır. Güman edirəm ki, qurultaydan sonra Avropanın hər hansı ölkəsində keçirəcəyimiz tədbir daha kütləvi olacaqdır. Yəni əlaqələr qurulduqdan sonra Danimarkada keçirəcəyimiz tədbirdə təkcə bu ölkədə yaşayan həmyerlilərimiz yox, Fransada, Almaniyada, İtaliyada və başqa Avropa ölkələrində yaşayan azərbaycanlı gənclər də qatılacaqlar.