Gənclik hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən əsas təbəqədir. Müasir dövrdə gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verilir. Bu günkü "Azərbaycan gəncliyi" rubrikasının qonağı olan gənclər - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Mahmud Möhbalıyev və sədr müavini Yengibar Əliyev Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən gənclər siyasətinin gənclərin hərtərəfli inkişafına, onların cəmiyyət həyatında fəal iştirakının təminatına yönəldiyini diqqətə çəkdilər.
MAHMUD MÖHBALIYEV:
- Azərbaycan gəncləri cəmiyyətin aparıcı qüvvəsi olaraq öz fəaliyyət dairələrini geniş şəkildə qurmuşdur. Dövlət başçısı İlham Əliyevin gənclər siyasəti, həyata keçirdiyi çoxşaxəli tədbirlər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin məntiqi davamıdır. Mən universitetin biologiya fakültəsinin 3-cü kurs tələbəsiyəm. Birinci kursdan etibarən tələbə gənclər təşkilatında fəaliyyət göstərirəm və artıq 1 ildir ki, bu təşkilatın sədri vəzifəsinə təyin edilmişəm. Bir gənc olaraq, dövlət siyasətini dəstəkləyirəm. Müasir gənclər dövlətçiliyimizin qorunub saxlanılmasında, əmin-amanlığın, sabitliyin davamlılığında potensialımızı ortaya qoyur. Biz gənclər Prezidentin yürütdüyü siyasətə kömək olmağa və Onun ətrafında sıx birləşməyə çalışırıq. Müasir gənclər geniş dünyagörüşünə malik qüvvədir ki, onların hər biri fiziki və mənəvi sağlamlığı ilə müstəqil dövlətin gələcək qurucusudur. Prezident İlham Əliyev gənclərin elmi-intellektual səviyyəsinin yüksəlməsinə, respublikanın gələcəyi baxımından vacib olan intellektual kadr potensialının formalaşdırılmasına xüsusi diqqətlə yanaşır. Qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq, azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Biz də bu məsuliyyətdən irəli gələrək, əməli fəaliyyətimizi genişləndiririk. Təşkilatın sədri kimi, mütəmadi olaraq, elmi konfranslar, tədbirlər təşkil edirik. Bu da gənclərin elmi potensialının, elmi görüşünün formalaşmasına müsbət təsirini göstərir. Ümumilikdə, belə görüşlərin keçirilməsi gənclərin ictimai həyatdakı rolunun artırılması, onların fəal sosial zümrə kimi təşkilatlanması baxımından mühüm əhəmiyyətə malikdir. Cəmiyyətin fəal, təşəbbüskar təbəqəsi olan gənclərin sağlam məqsədlər naminə birləşməsi ölkənin inkişafına xidmət edir. Universitetimizdə idman klubumuz fəaliyyətdədir ki, bu da gənclərin fiziki sağlamlığının təminatına böyük təsirini göstərir. Müxtəlif idman yarışları təşkil olunur. Eyni zamanda, Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev məktəbləri təşkil edilir ki, bu da gənclərin siyasi fəallığının artmasına, vətənpərvərlik hisslərinin formalaşmasına yönəlib. Mən özüm də YAP Səbail rayon təşkilatı tərəfindən təşkil edilən Heydər Əliyev məktəbini fərqlənmə diplomu ilə bitirmişəm. Universitetin tələbələri də bu məktəbin dinləyiciləridir. Müasir gənclik inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar Azərbaycanın ən inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilməsi ilə nəticələnəcəkdir.
YENGİBAR ƏLİYEV:
- Gənclərin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların fəaliyyətinin genişləndirilməsi yönümündə ardıcıl işlər görülməkdədir. Gənclər dövlət quruculuğu işlərinə geniş cəlb olunur. Azərbaycan gəncliyinin təşkilatlanması, milli maraq və mənafelərin təminatı baxımından əhəmiyyətli işlər görülür. Dövləti və xalqı qarşısında məsuliyyətini dərk edən Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir və öz sözünü deyir. Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir. Ölkəmizin zəngin mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edir.
Bu baxımdan respublikamızda keçirilən bütün tədbirlərdə iştirak edir və münasibətlərini bildirirlər. 26 fevral Xocalı soyqırımının 20 illik ildönümündə biz gənclər də fəal iştirak etdik. Haqq səsinin ucaldılmasında, həqiqətlərin təbliğində imkanımızı səfərbər edirik. Xocalı soyqırımı bizim yaralı yerimizdir. Tələbələr paytaxtımızda təşkil olunan yürüşdə də vətəndaşlıq mövqeyindən çıxış edirlər. Universitetimizdə hərbi fakültə olduğundan, tələbələrimiz vətənpərvərlik ruhunda, vətənə sevgi hissində tərbiyə olunurlar.
Azərbaycanın 20 illik müstəqillik tarixi böyük uğurlarla nəticələnib və bu gün gənclərimiz uğurları görüb, daha da dövlətin ideologiyasını, eləcə də, onun məqsədi, fəaliyyətini dəstəkləyir, var gücünü, potensialını bu işə həsr edirlər.
Nəzakət ƏLƏDDİNQIZI