PDF Oxu

Sosial

  • 9

Avropa standartı - icazəsiz aksiyaya görə  yüz min cərimə

Avropa standartı - icazəsiz aksiyaya görə yüz min cərimə

Radikal müxalifət düşərgəsinin, orada təmsil olunan "liderlərin" ölkəmizdəki insan haqlarının və demokratiyanın pozulması haqqında səsləndirdikləri cəfəng fikirləri və irəli sürdükləri əsassız iddiaları bir daha öz təsdiqini tapıb. Belə ki, pafos və şəxsi mənafe baxımından öz siyasi dividentlərini güdərək, az qala hər gün toplantılar keçirən AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, eləcə də, onların üzv olduqları qondarma "İctimai Palata" siyasətbazları, "hüquq müdafiəçiləri" bütün məqamlarda onlar tərəfindən törədilmiş qanunsuzluqları ört-basdır etməyə cəhd göstərirlər. Onlar gah "siyasi məhbus", gah da "vicdan məhbusu" kimi qərəzli terminləri xarici havadarlarının sifarişləri əsasında yaymaqla, guya fikir və söz azadlığının pozulduğunu car çəkirlər. Ancaq bunun belə olmadığını bəlkə də daha yaxşı özləri bilirlər.

Azərbaycan demokratiyası və Avropa "standartları"


Hələ ötən ilin mart-aprel aylarında paytaxtda icazəsiz aksiyalar keçirərək, ictimai asayişi pozmağa yönəldilmiş pozuculuq hərəkətlərinə rəvac verən müxalifət liderləri bilavasitə həmin hadisələri kənardan idarə ediblər. Nəticədə, dağıdıcı əməllərinə görə məhkəmə qərarları əsasında müvafiq cəzalar alan bir qrup şəxs bu gün də həmin cəzalarını çəkməkdədirlər. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin demokratik və humanist siyasətindən yararlananlar da oldu ki, onların bir çoxu vaxtından əvvəl azadlığa buraxıldı.

Bununla yanaşı, daha bir vacib nüansa toxunmaqla radikal liderlərin gözlərini açıb, ətrafa baxmalarını tövsiyə etmək mümkündür. Ətraf dedikdə isə, burada bir sıra Avropa ölkələrindəki söz və fikir azadlığının qarşısının necə alındığını nəzərdə tuturuq. Təkcə məlum London hadisələrində baş verənləri bir daha xatırlasaq, görərik ki, orada hökumət tərəfindən sosial şəbəkələrin istifadəsinə ciddi qadağalar qoyuldu və həmin qadağalar bu gün də qüvvəsindədir. Eləcə də, bu gün İngiltərədə iki blogger həbsdə saxlanılır və onların azadlığı məhdudlaşdırılıb. Məgər bunun özü demokratiyaya kölgə salacaq hadisələr deyilmi? Və radikal müxalifət liderləri olan Ə.Kərimov, İ.Qəmbərov, qondarma "hüquq müdafiəçisi" Leyla Yunusova, onun əlaltıları "Azərbaycan Avropa demokratiyasından çox şey öyrənməlidir" kimi "ideyalar" irəli sürərkən, sözügedən Avropa demokratiya standartlarını görmürlərmi? Əlbəttə ki, görürlər, amma bu reallığı digər reallıqlar kimi görməməzliyə vururlar. Əsil reallıqları görsələr, bəs onda bəzi xarici siyasi dairələrin sifarişlərini necə həyata keçirə bilərlər? Bu baxımdan, Azərbaycan demokratiyasının daha ali dəyərlərlə əhatə olunduğunu əminliklə söyləmək mümkündür.


Dağıdıcılıq siyasətinə "yox" və ya 50 manatla 110 min ABŞ dollarının fərqi

Bu günlərdə məlum oldu ki, daha bir Avropa ölkəsində insanlar dağıdıcılıq siyasətinə yox deyirlər. Belə ki, İsveçrənin ikinci ən böyük şəhəri olan Cenevrədə keçirdikləri icazəsiz mitinqə görə insanlar 110 min dollar məbləğində cərimə tətbiqinə məruz qalacaqlar. Daha dəqiq desək, bu qanun Cenevrədə keçirilmiş referendumun yekunlarına əsasən qəbul edilib. Referendumun nəticələrinə görə, bundan sonra icazəsiz etiraz aksiyalarında iştirak etmək istəyən hər bir Cenevrə sakini şəhər hakimiyyətinə 100 min İsveçrə frankı (110 min ABŞ dolları) məbləğində cərimə ödəməli olacaqdır.

Şəhər sakinlərinin görünməmiş fəallığı ilə keçmiş referendumda cenevrəlilərin 90 faizi iştirak etmişdir. Şəhər sakinlərinin 55 faizi icazəsiz mitinqlərə görə cərimə tətbiq edilməsini nəzərdə tutan qanun qəbul olunmasının lehinə səs vermişdir. Qərb mətbuatı isə yazır ki, hazırda şəhərin hakim dairələri müvafiq icazə olmadığı halda, nümayişdə iştirak edən və ya aksiyanın keçirilməsinə verilmiş icazə qaydalarını pozan hər kəsə 100 min İsveçrə frankı məbləğində cərimə təyin edə biləcəklər.

Yeni məhdudiyyətlər tətbiq edilməsi insanlar və onların əmlakı üçün risk yarandıqda, küçə yürüşlərinin marşrutlarını dəyişməyə, o cümlədən, şəhərin mərkəzində nümayişlər keçirilməsini qadağan etməyə imkan verəcəkdir. Bundan əlavə, qaydaları pozanların beş ilə qədər müddətdə aksiyalarda iştirak etmələri qadağan oluna bilər.

Maraqlıdır ki, Azərbaycanda olduğu kimi, Qərb ictimaiyyəti də icazəsiz aksiyaların keçirilməsinə qəti etiraz edirlər. Həmin etirazın referendum şəklində rəsmiləşdirilməsi bir daha deyilənləri yetərincə təsdiqləmiş olur. Başqa tərəfdən, burada daha bir müqayisəli halın mövcudluğuna diqqət yetirək. Məsələn, bu gün icazəsiz aksiyalardan dəm vuran Azərbaycanın dağıdıcı müxalifəti belə olan təqdirdə, yəni icazəsiz aksiyalar keçirməyə cəhd göstərərkən, məhkəmələrin çıxardıqları hökmlərə əsasən, maksimum 50 manat civarında cərimələnirlər. Təbii ki, burada icazəsiz aksiya və küçə yürüşləri təşkilatçılarını deyil, onların badına gedən başıpozuq qrupları nəzərdə tuturuq. Və burada müqayisənin özü aşkar şəkildə hər şeyi aydın edir: Azərbaycanda cərimə 50 manat (haradasa 40 ABŞ dollarına yaxın) İsveçrədə isə 110 min ABŞ dolları! Böyük fərqdir, deyilmi?

Məhz bu baxımdan da, demək mümkündür ki, bəli, hətta icazəsiz aksiyaların iştirakçılarına belə, Avropadan çox Azərbaycan dövləti daha humanist və daha demokratik tərzdə yanaşır ki, bu da yuxarıdakı müqayisədə özünü göstərir.


"Azadlıq" və "Yeni Müsavat" niyə "etiraz" səsini ucaltmır?


"Azadlıq" və "Yeni Müsavat" kimi qəzetlərdə, gündəlik olaraq, ictimaiyyəti bezdirən "demokratiya" avazı səslənərkən, nəyə görə həmin qəzetlər İsveçrədəki referenduma münasibət bildirmirlər? Nəyə görə yazmırlar ki, "İsveçrədə demokratiyaya məhdudiyyət qoyuldu", ya da "Cenevrə sakinləri referenduma qarşı qiyama hazırlaşır" və s. Ona görə yazmırlar ki, əgər bunu etsələr, özlərini ifşa etmiş olaralar. Məlum olar ki, bunlar əslində, Azərbaycandakı həqiqi demokratiyadan yararlanaraq, antidemokratik addımların atılmasında maraqlıdırlar. Yaxud da, bəlli olar ki, Ə.Kərimov və İ.Qəmbərov kimi "liderlər" bütün məqamlarda qatı radikalizmin, qaragüruhçuluğun tərəfdarlarıdırlar. Ona görə də, İsveçrədən yazmaqdansa, Azərbaycan əldə etdiyi həqiqi demokratiyaya, fikir plüralizminə, söz azadlığına kölgə salmağı üstün tuturlar. Ancaq bu kimi cəhdlərin nə ilə bitəcəyini, hansı məğlubiyyətlərlə rastlaşacaqlarını da pis bilmirlər. Ona görə də, qabaqdangəlmişlik edərək, indidən səs-küy salırlar. Səs-küy salırlar ki, daxili hərislikləri arxa plana keçsin və dünya ictimaiyyəti onların əsil sifətlərini görməsin. Amma bunun bir fayda verəcəyini də düşünmək sadəlöhvlük olardı.


R. NURƏDDİNOĞLU

Digər xəbərlər