- Rüstəm müəllim, Azərbaycan Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün bu bölgədə antiterror əməliyyatları apara bilərmi?
- 20 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Azərbaycan tərəfi işğal altında olan torpaqlarını azad etmək üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində aparılan bütün danışıqlarda yaxından iştirak edir. Bir sözlə, Azərbaycan sözügedən münaqişənin tezliklə sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Amma işğalçı ölkə olan Ermənistan münaqişə ətrafında aparılan danışıqlarda iştirak etsə də, sonda hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe sərgiləyir. Düzdür, Azərbaycan Dağlıq Qarabağın işğalından azad edilməsi üçün həmin bölgədə antiterror əməliyyatları apara bilər. Ancaq həmin bölgədə hərbi əməliyyatların aparılması BMT-nin qərarı əsasında ola bilər. Çünki BMT-nin işğal olunmuş ərazilər ilə bağlı qətnamələri var.
- Azərbaycan dövləti Dağlıq Qarabağda antiterror əməliyyatları apararsa, dünya birliyinin buna reaksiyası necə ola bilər?
- Əgər Azərbaycan dövləti Dağlıq Qarabağda antiterror əməliyyatları apararsa, fikrimcə, dünya birliyinin buna reaksiyası mənfi ola bilər. Əsasən də, Rusiya tərəfinin. Çünki işğalçı ölkə olan Ermənistanı hərtərəfli himayə və müdafiə edən Rusiya dövlətidir. Demək olar ki, Rusiya regionda öz siyasi maraqlarını həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə edir. Çünki Ermənistanın bir ölkə kimi var olması, Rusiyadan asılıdır.
G.Ağakərimova