PDF Oxu

Sosial

  • 10

Cenevrə nümunəsi...

Cenevrə nümunəsi...

Artıq bəlli olduğu kimi, bundan sonra icazəsiz etiraz aksiyalarında iştirak etmək istəyən hər bir Cenevrə sakini şəhər hakimiyyətinə 100 min İsveçrə frankı (110 min ABŞ dolları) məbləğində cərimə ödəməli olacaqdır.

Belə ki, sözügedən qanun Cenevrədə keçirilmiş referendumun yekunlarına əsasən qəbul edilmişdir. Şəhər sakinlərinin görünməmiş fəallığı ilə keçmiş referendumda cenevrəlilərin 90 faizi iştirak etmişdir. Şəhər sakinlərinin 55 faizi icazəsiz mitinqlərə görə cərimə tətbiq edilməsini nəzərdə tutan qanun qəbul olunmasının lehinə səs vermişdir.

Xarici KİV-lərin yazdığına görə, indi şəhərin hakim dairələri müvafiq icazə olmadığı halda, nümayişdə iştirak edən və ya aksiyanın keçirilməsinə verilmiş icazə qaydalarını pozan hər kəsə 100 min İsveçrə frankı məbləğində cərimə təyin edə biləcəklər.

Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, əslində, bu kimi məhdudiyyətlərin tətbiqi normal haldır. Belə ki, məhdudiyyətlərin tətbiq edilməsi insanlar və onların əmlakı üçün risk yarandıqda, küçə yürüşlərinin marşrutlarını dəyişməyə, o cümlədən, şəhərin mərkəzində nümayişlər keçirilməsini qadağan etməyə imkan verir.

Ölkəmizdə də bu kimi qanunun tətbiq edilməsinin nə dərəcədə uyğun olmasına gəlincə isə, E.Mirzəbəyli bildirib ki, Azərbaycanda da qanun çərçivəsində inzibati xətalar məcəlləsi mövcuddur: "Həmin məcəlləyə əsasən, ölkədə icazəsiz aksiyalar keçirilərsə, dağıdıcılıq halları müşahidə olunarsa, eləcə də, insanlar, müxtəlif obyektlər, iş yerləri zərər görərsə, burada həmin inzibati xətalar məcəlləsi xüsusi rol oynayır və qanun çərçivəsində müəyyənləşdirilmiş cərimələr tətbiq olunur".

Bu kimi yüksək cərimə məbləğinin Azərbaycanda da tətbiq edilməsinə gəlincə, E.Mirzəbəyli qeyd edib ki, həmin məbləğ dəyən ziyanın məbləğinə uyğun şəkildə olmalıdır: "Fikrimcə, cərimə məbləği dəymiş ziyanın ölçüsü ilə müəyyənləşdirilməlidir. Əgər dəymiş ziyan külli miqdardadırsa, cərimə də artmalıdır. Həmçinin, bununla bağlı müvafiq qurumlar məşğul olmalı, çəkindirici və xəbərdarlıq kimi məsələlər icazəsiz mitinq və aksiyalar keçirməyə cəhd göstərənlərin diqqətinə çatdırılmalıdır".

R.RƏSULOV

Digər xəbərlər