Son vaxtlar Müsavat və AXCP (i) kimi xarici maraqlı qüvvələrdən maddi və mənəvi dəstək baxımından asılı olan təşkilatlar pozuculuq fəaliyyətlərini bir qədər də genişləndiriblər. Xain və rəzil mövqe tutan bu partiyalar bəzən pozucu fəaliyyətlərinə məram və məqsədlərini anlamayan bəzi QHT-ləri də cəlb edirlər. Bu QHT dövlətçilik maraqlarına zidd mövqe sərgiləməklə bəzi xarici qrupların diqqətini özlərinə cəlb edə bilirlər. Hətta bəzən dünya siyasi səhnəsində ciddi qrumlar kimi tanınan təşkilatların ayrı-ayrı nümayəndələri də, Azərbaycanda öz məkrli planlarını yerinə yetirmək üçün həmin QHT-lərlə əməkdaşlıq edir, görüşlər və sövdələşmələr aparırlar. Bu günlər Azərbaycanda səfərdə olmuş Almaniyanın xarici işlər naziri Gido Vestervelle də məqsədli şəkildə yerləri səhv düşən QHT rəhbərləri ilə gizli görüş keçirib, sövdələşmə aparanlardan olub. Təbi ki, Almaniya XİN rəhbərinin Bakıya səfəri zamanı qapalı görüşlər keçirməsi ictimaiyyətdə böyük narazılıqlar doğurur. Əslində, ictimaiyyətin hər hansı qorxusu və ya başqa çəkincək düşüncəsi yoxdur. Sadəcə, Azərbaycan ictimaiyyəti istəmir ki, beynəlxalq münasibətlər sisteminin ən fəal aktorlarından biri kimi Almaniya xalqının və dövlətinin maraqlarının ziddinə hərəkət edənlərə müəyyən mənada yardım etsin.
Artıq ictimaiyyətdə müzakirə mövzusuna çevrilən bu görüşlərdə Almaniyanın xarici işlər naziri Gido Vestervellenin radikal müxalifətin başçıları, onların təsiri altında olan "hüquq müdafiəçiləri", ictimai təşkilatların rəhbərlərilə nəyi müzakirə etdiyi "maraq" doğurur. Əgər həqiqətən, bu, Azərbaycanda ictimai sektorun inkişafına dəstək xarakteri daşıyırdısa, bəs nə üçün dövlət qeydiyyatından keçmiş 50-dən artıq siyasi partiyadan yalnız ikisinin rəhbəri görüşə dəvət olunub? Ümumiyyətlə, bu cür görüşün formatının kim tərəfindən müəyyənləşdirildiyi də hər kəsə maraqlıdır. Belə bir dar çərçivədə Almaniya XİN rəhbərinin radikal müxalifətin başçıları, xəyanətkar QHT rəhbərləri ilə keçirdiyi görüşlərdə qarşıya hansı məqsəd qoyulmuşdu?
Azərbaycan xalqı adları çəkilən xəyanətkarların dəfələrlə Azərbaycanın maraqlarına zidd olan sövdələşmələrə getdiyini, Dağlıq Qarabağı şəxsi ambisiyaları naminə satdığını, ermənilərlə gizli sazişlər bağladığını və s. çox görüb. Ona görə də, bu cür sualların ortaya çıxması da heç kəs də təəccüb doğurmamalıdır. İstər Almaniya, istərsə də, dünyanın ən güclü dövlətlərin biri olsun, onların Azərbaycandakı radikal müxalifətin nümayəndələri, eyni zamanda, xəyanətkar "hüquq müdafiəçiləri", ictimai təşkilat nümayəndələrilə dar çərçivədə görüşlər keçirməsi ictimaiyyətdə bir növ narazılıq yaradır. Çünki Ə.Kərimov, İ.Qəmbərov, Leyla Yunusova kimi xəyanətkar və riyakarlar yalnız Azərbaycanın maraqlarına zərbə vura, onu qara rəngdə təqdim edə bilərlər.
Əsas detallarının gizlin saxlanıldığı görüşlərdə tam əminliklə demək olar ki, Ə.Kərimov və İ.Qəmbərov G.Vestervelledən Almaniyanın Azərbaycana təzyiq göstərməsini, Almaniya mətbuatının Azərbayacana qarşı kampaniyasını davam etdirməsini xahiş ediblər. Hətta etibarlı mənbələrdən aldığımız məlumata görə, Ə.Kərimovun radikal müxalifətə yaxınlığı ilə seçilən müxtəlif QHT-ləri maliyyələşdirməyi Almaniya XİN rəhbərindən xahiş edib. Əvəzində isə, istənilən sifarişi yerinə yetirməyə hazır olduğunu bildirib.
Bir sözlə, özlərini "demokratlar" kimi qələmə verən, daim psevdovətənpərvər açıqlama səsləndirən İsa Qəmbərov, Əli Kərimov və onların ətrafındakı riyakar və xəyanətkar "hüquq müdafiəçiləri", ictimai təşkilat nümayəndələri Azərbaycan xalqına qarşı çevrilən daha bir xəyanətkar addım atıblar. Onlar Almaniya XİN rəhbərindən Azərbaycana qarşı kompromatların hazırlanması üçün yardım diləyiblər.
Amma cəmiyyətimiz əmindir ki, Almaniya dövləti heç bir halda Azərbaycanın maraqlarına zidd olan oyunların iştirakçısına və ya dəstəkçisinə çevrilməyəcək. Ölkəmizdə də dəqiq və praqmatik xalq kimi tanınmış almanlar, hər zaman olduğu kimi, bundan sonra da iki ölkə arasında formalaşmış dostluq münasibətlərinə sadiq qalacaq, Azərbaycanın maraqlarına təhdid yarada biləcək kompromatların hazırlanmasına qarşı çıxacaq.
İ.ƏLİYEV