Daşkəsən rayon icra hakimiyyəti ilə YAP Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə Bahar bayramı münasibətilə silsilə tədbirlərin keçirilməsi davam edir. Rayonun mərkəzi meydanında Bahar qızının təqdimatı ilə müxtəlif nominasiyalar üzrə qədim adət-ənənələrimizi əks etdirən məişət, mətbəx, təsərrüfat əşyalarına baxış keçirildi. Eləcə də, pəhləvanların qeyri-adi idman nömrələri rayon ictimaiyyətinə nümayiş etdirildi. Sonra tədbirdə Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayon ictimaiyyətini milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik etdi. Ə.Abıyev bildirdi ki, Azərbaycan xalqı da milli özünəməxsus adət-ənənələrimizə uyğun olaraq bu gözəl bayramı yüksək səviyyədə qeyd edir: "Novruz bayramı hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilərək, xalqımızın silinməz yaddaşına həkk olunmaqdadır".
Rayon rəhbəri onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarının qorunması və davam etdirilməsində rolu olan Heydər Əliyev Fondunun da bu istiqamətdəki məqsədyönlü fəaliyyətini qeyd etməliyik: "Fondun sədri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi Azərbaycanın milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunmasında böyük əhəmiyyətə malikdir. Heydər Əliyev Fondu ölkənin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə Ümummilli Liderin zəngin irsindən bəhrələnərək, bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına nail olur. Azərbaycanın məxsusi dəyərlərinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı planlı işlər həyata keçirir".
Tədbirin sonunda Daşkəsən rayon rəhbərliyinin və ictimaiyyətinin iştirakı ilə rayon ərazisində yerləşən "N" saylı hərbi hissədə əsgərlərə bayram sovqatı da aparılıb. Həmçinin, rayon ərazisində yaşayan 500 nəfər şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini, kimsəsiz, tənha qocalar və aztəminatlı ailələri bayram sovqatı ilə sevindiriblər.
R.KAMALQIZI