PDF Oxu

Sosial

  • 11

QANLI TERROR AKTI

QANLI TERROR AKTI

Sirr deyil ki, 1980-ci illərin sonlarında Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirdikdən və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində silahlı əməliyyatlara başladıqdan sonra erməni terroru daha da fəallaşdı və "Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu", "Erməni Soyqırımının Ədalətli Əsgərləri" və "Erməni İnqilab Ordusu" kimi tanınmış terrorçu təşkilatlar öz fəaliyyət mərkəzlərini Yaxın Şərq, Qərbi Avropa və Şimali Amerikadan keçmiş SSRİ məkanına keçirdilər. 1980-ci illərin sonlarından etibarən Ermənistanın xüsusi xidmət orqanı və onunla yaxın əlaqədə olan erməni terrorçu təşkilatları tərəfindən Azərbaycana qarşı törədilmiş (avtomobil və dəmir yolları, dəniz və hava nəqliyyatı və yerüstü kommunikasiyalar) terror aktları nəticəsində çoxu uşaq, qadın və qoca olmaqla, 2000-dən çox Azərbaycan vətəndaşı qətlə yetirilmişdir.

Qeyd etmək lazımdır ki, hələ münaqişə başlamazdan əvvəl 1984-cü ildə Bakıda 106 saylı sərnişin avtobusunun partladılması nəticəsində ikiuşaqlı ana dünyasını dəyişmiş, bir çox adam isə yaralanmışdı. Vartanov soyadlı erməni tərəfindən həyata keçirilən bu terror aktı erməni terrorçularının Azərbaycan ərazisində törətdiyi ilk faciəvi cinayət idi.


Terror və "dövlət siyasəti"


1988-ci ilin əvvəllərində Ermənistanda terrorçuluq dövlət siyasəti səviyyəsinə yüksəldi və onun hədəfi Azərbaycan ərazisi oldu. Böyük miqdarda silah və döyüş sursatı Ermənistandan DQMV-yə gətirilir və oradan da Azərbaycanın digər ərazilərindəki gizli terrorçu qruplara ötürülürdü. Təkcə 1988-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 100-dən çox qeyri-qanuni odlu silah istehsalı və oğurluğu halı qeydə alınmışdır. Həmin il ərzində ermənilər DQMV və Ermənistanla sərhəd rayonlarında qurbanlarının çoxu mülki əhali olan 32 terror aktı törətmişlər. 1988-ci ilin dekabr ayında Ermənistanda zəlzələdən zərər çəkənlərə yardım üçün Bakı-Yerevan istiqamətində uçan hərbi yük təyyarəsi xilasedicilərlə birlikdə Yerevan yaxınlığında səbəbi hələ də açıqlanmayan qəzaya uğramışdır. Qəzanın ehtimal olunan səbəbləri arasında yanğın, Yerevan hava limanının nəqliyyata nəzarət mərkəzi tərəfindən pilotun qəsdən çaşdırılması (dağlıq ərazidə təyyarənin alçaqdan uçmasına görə) və təyyarənin göyərtəsinə bomba qoyulması göstərilir. Bu planlaşdırılmış qəza indiyədək bənzəri olmayan bir hadisədir. Belə ki, o vaxt iki ölkə arasında əlaqələrin pisləşmə üzrə olmasına baxmayaraq, Azərbaycan bu qəzanın qurbanları olacaq 79 nəfəri humanitar yardım üçün Ermənistana göndərmişdi. 27 may 1989-cu ildə Yerevandan Bakıya gələn qatarda Ermənistan vətəndaşı V.Minasyanın üzərində partlayıcı qurğu aşkar edilmişdir. Qadın öz ifadəsində Bakıda sabotaj gerçəkləşdirmək niyyətində olduğunu etiraf etmişdir. İlk təşəbbüs reallaşa bilməsə də, 24 iyul 1989-cu il tarixində Azərbaycan dəmiryollarına məxsus qatarda Karçevan stansiyasında partlayış baş verdi. 7 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin cənubunda Xəlfəliçay üzərindəki körpü partladıldı. 29 aprel 1992-ci ildə bu terror aktını həyata keçirən A.Abramyan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edildi.

8 yanvar 1992-ci il tarixində erməni terrorçuları Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus gəmilərə qarşı terror aktları həyata keçirdilər. Krasnovodsk-Bakı istiqamətində hərəkət edən "Sovetskaya Kalmıkiya" gəmisinin partladılması nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər yaralandı. Həmin ildə "Sabit Orucov" adlı gəmiyə partlayıcı qurğu yerləşdirmə təşəbbüsünün qarşısı vaxtında alındı. 28 yanvar 1992-ci il tarixində Ağdam-Şuşa istiqamətində uçan mülki vertolyotun Azərbaycanın Şuşa şəhəri üzərində erməni terrorçuları tərəfindən vurulması nəticəsində çoxu qadın və uşaq olmaqla, heyətlə birlikdə 41 nəfər həlak oldu.

28 fevral 1993-cü il tarixində Bakı-Kislovodsk sərnişin qatarının Qudermes stansiyasında (Dağıstan) partladılması nəticəsində 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. 2 iyun 1993-cü il tarixində Bakı dəmiryolu vağzalının ehtiyat yolunda sərnişin vaqonu partladıldı. 22 iyul 1994-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi bu cinayətə görə Rusiya vətəndaşı, Kalininqrad əyalətinin Slavski rayonunun Qastelovo kənd sakini və "Demokratiçeski Tilzit" qəzetinin müxbiri İ.Xatkovskini təqsirli bilərək, 8 il azadlıqdan məhrum etdi. İstintaq araşdırmaları nəticəsində məlum olmuşdur ki, İ.Xatkovski Ermənistan milli təhlükəsizlik idarəsinin kəşfiyyat xidməti tərəfindən nəqliyyat, kommunikasiya və həyat əhəmiyyətli xidmət vasitələrinin partladılması, məxfi məlumatların toplanması və Rusiya Federasiyası ərazisində terror aktlarının törədilməsinə dair ətraflı göstərişlər almışdır. 1 fevral 1994-cü il tarixində Kislovodsk-Bakı sərnişin qatarının Bakı vağzalında partladılması nəticəsində 3 nəfər həlak olmuş, 20-dən çox insan isə yaralanmışdır. 9 aprel 1994-cü il tarixində Xudat stansiyasında vaqon partladılmışdır. 17 mart 1994-cü il tarixində Azərbaycanın işğal olunmuş əraziləri üzərində İran İslam Respublikasının C-130 tipli yük təyyarəsi Ermənistan silahlı qüvvələri tərəfindən vurulmuş, nəticədə, 32 nəfər İran vətəndaşı həlak olmuşdur.

"Sadval" separatizmindən erməni qaniçənliyinə doğru

19 mart 1994-cü il tarixində Bakı metrosunda vaqonlardan birinə erməni terrorçuları tərəfindən yerləşdirilən bombanın partlaması nəticəsində 14 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır. Məhkəmə metrostansiyada törədilmiş terror aksiyasının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

"Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin milli təhlükəsizlik baş idarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib. İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar.

"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.


İkinci partlayışda Zori

Balayan barmağı


3 iyul saat 8.30-da "28 May" stansiyasından çıxmış qatarın ikinci vaqonunda partlayış törədilmiş, partlayışdan sonra qatarda yanğın baş vermiş, terror aktı nəticəsində 13 nəfər həlak olmuş, 58 nəfər isə yaralanmışdır. Terror aktını törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunur və Azərbaycana ekstradisiya edilir. 1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı Metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülmüşdür. İstintaq nəticəsində müəyyən edilmişdir ki, 13 yanvar 1994 cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmişdir. Belə ki, onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur, Azər Aslanova isə anasının girov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994 cü ildə, Yerevan Mineralnıye Vodı- Bakı marşrutu ilə Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana gəlir, terror aktı törədir və Ermənistana qayıdır, yalnız bundan sonra onun girovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir. 2000-ci ildə erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.

Erməni terrorunun nəticələri, təəssüf ki, bu kimi faktlarla sona çatmır. Azərbaycana, eləcə də, türk dünyasına, habelə, bəşəriyyətə qarşı törədilən qanlı terrorların hər birində erməni məkrinin dayanması isə atrıq heç kimə sirr deyil. Lakin təəssüfdoğurucu məqam isə ondan ibarətdir ki, bu gün də dünyaya, bəşəriyyətə təhlükəli sayılacaq erməni terroru ölkəmizin işğal altında qalmış torpaqlarında digər vasitələrlə davam etdirilir. Dünya ictimaiyyəti isə susur. Və bu susqunluğa son qoymağın vaxtıdır.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər