PDF Oxu

Sosial

  • 12

Növbəti humanist addım

Növbəti humanist addım

Sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən əfv və amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Ümummilli Lider Heydər Əliyevi böyük şəxsiyyət və Lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı. Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Bəzi iddiaların əksinə olaraq, bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir. 1995-ci ildən bəri imzalanan 50 əfv Sərəncamı 5314 nəfər məhkuma şamil edilmişdir. Heydər Əliyev cəzanın adekvatlığı və humanistliyi məsələlərinə daim diqqətlə yanaşmış, bu məqsədlə hüquq-muhafizə orqanlarında yeni dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasını daim nəzarətdə saxlamışdır. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hisslər aşılayan əfv və amnistiya aktları Ulu Öndər Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında daim xüsusi qeyd olunur.


Dövlət hətta cinayət əməlinə yol vermiş insanların da

taleyinə biganə deyildir

Ümummilli Liderin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etmişdir. Hər bir vətəndaşın Prezidenti olduğunu qısa müddətdə tam sübuta yetirmiş cənab İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır.


Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir


Ölkə başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Prezident İlham Əliyev humanizm prinsiplərinə əsaslanaraq, ölkə konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq, 15 mart 2012-ci il tarixli Sərəncamı ilə növbəti əfv sərəncamı imzalamışdır. Əfv Sərəncamı bütövlükdə 62 məhbusa şamil edilmişdir. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. İmzalanan əfv fərmanlarının, bir qayda olaraq, mühüm tarixi günlər və dövlət bayramları ərəfəsinə təsadüf etməsi insanlara hədsiz sevinc bəxş etməklə yanaşı, onlara yüksək mənəvi dəyərlər aşılayır.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər