Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində Səbail rayonu icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin bir qrup nümayəndəsi, respublikamızın populyar incəsənət xadimləri Tərtər rayonundakı "N" saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə gediblər. Əvvəlcə qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə ön cəbhə xəttindəki səngərlərə gəlib, burada əsgərlərin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıblar.
Görüşdə Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıbdır. A.Əsgərov hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımızın düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu bildirib. Rayon rəhbəri, həmçinin, vurğulayıb ki, lazım gələrsə Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin əmri ilə silaha sarılaraq, müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildiribdir.
Tədbirdə iştirak edən Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsgərlər qarşısında çıxış edərək, bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıbdır. Sonra Səbail RİH-in hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər. Həmçinin, xidmətdə fərqlənən əsgərlərə, çavuşlara, zabitlərə və incəsənət xadimlərinə Səbail rayon icra hakimiyyətinin xatirə hədiyyələri və fəxri fərmanları təqdim olunubdur.
Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik Nizami Əliyev şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon icra hakimiyyəti rəhbərliyinin hərbi hissə ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə və bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
Mərasimdə respublikamızın tanınmış incəsənət ustalarından xalq artisti Nazpəri Dostəliyeva, populyar parodist Ramin Abdullayev, gənc müğənnilər Elçin Məhərrəmov və Fərid Məmmədovun gözəl çıxışları əsgərlər tərəfindən xususi rəğbət və sürəkli alqışlarla qarşılanıbdır.
Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar ediblər. Qeyd edək ki, Səbail rayonunun nümayəndələri rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı hərbi hissəsinin də qonağı olublar.
R.HÜSEYNOVA