"Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş bir sıra gənclər təşkilatlarının keçirdiyi mitinq müxalifət partiyalarında sosial bazanın olmadığını bir daha nümayiş etdirdi". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının şənbə günü keçirdiyi mitinqi şərh edərkən deyib. Onun sözlərinə görə, uzun illər boyunca müxalif siyasi təşkilatlar Azərbaycanda "çoxsaylı etiraz elektoratının" mövcud olduğunu bəyan ediblər: "Bununla belə, onlar aksiya keçirmək üçün müvafiq yerin olmamasından tez-tez şikayət edirdilər. Müxalifət partiyaları daim "çoxsaylı aksiyalar" keçirmək üçün şəraitin olmaması ilə bağlı əsassız fikirlərə söykənərək, xarici kütləyə sübut etməyə çalışırdılar ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı hüququna riayət olunmur".
Elnur Aslanovun fikrincə, aksiya bu iddianın əsassız olduğunu göstərdi: "Birincisi, hakimiyyət tərəfindən həmin və sonrakı mitinqlərin keçirilməsi üçün yer ayrılıb. İkincisi, aksiya iştirakçılarının təhlükəsizliyi təmin olunub. Üçüncüsü, təşəbbüsçülərin bu tədbirin təşkili üçün kifayət qədər vaxtı olub. Lakin, internetdə və sosial şəbəkələrdə elan edilməsinə baxmayaraq, müxalifət təşkilatlarının aksiyasına 250-300 nəfərdən çox adam gəlmədi. Bu, bir daha sübut edir ki, müasir Azərbaycan gəncləri müxalifət partiyalarını hazırkı hakimiyyətə alternativ görmür".