Mirmahmud Fəttayev:
Yusif bəy, o gün də sənin tək Əli,
Yanıma gəlmişdi, üzü gülməli,
Dedi ki, etmişik "İP"-i ilməli,
Bütün radikallar axışır ora.
Yusif Bağırzadə:
Gedib sığallayıb Bonnda itini,
Etibar tökərək üzdə ətini,
Danışıb maliyyə vəsaitini,
Gido qoymayacaq biz düşək dara.
Mirmahmud Fəttayev:
Əli, İsa minsin "İP"-in atına,
Ensin ifratizmin yeddi qatına,
Girək "Müqavimət Hərəkat"ına,
Bizim dərdimizə bir Rəsul çara.
Yusif Bağırzadə:
Çox qurdalansa da, "İP" mata keçmir,
Bossun bir sözü də ifrata keçmir,
Heç bir tədbirləri həyata keçmir,
Bu qurum aparar onları gora.
Mirmahmud Fəttayev:
Qərbdən bu quruma çoxlu maq gəlir,
Uğur sindromu da "İP"-ə lağ gəlir,
Əli İsa bəyə badalaq gəlir,
İsa da Əlini dartmaqda tora.
Yusif Bağırzadə:
"İP"-ə əziyyəti qürbət göndərər,
Rəsul sizin üçün mürvət göndərər,
Bizə Vestervelle sərvət göndərər,
"İP"-i apararlar ən ucuz bara.
Mirmahmud Fəttayev:
Qərq edə bilərdi dənizlər bizi,
Çirk-pasdan çıxarıb təmizlər bizi,
Rəsul hərəkatda əzizlər bizi,
Qərb "İP"-i pisləyib gətirir zara.
Yusif Bağırzadə:
Kütlələr nə "İP"-ə, nə "VİP"-ə gəlsin,
Atıb "Moskviç"i, qoy cipə gəlsin,
Şəfa arzulayan AMİP-ə gəlsin,
Qərb "İP"-ə vuracaq hələ çox yara.
Mirmahmud Fəttayev:
Liderlər qışqırır quyu dibindən,
"İP" ayrıla bilmir Qərblə kəbindən,
Biz dollar qırarıq Rəsul cibindən,
"İP"-də Əli-İsa qazanmır para.
Yusif Bağırzadə:
Etibarla Rəsul mizləri açıq,
İsa da, Əli də dizləri açıq,
AMİP-də bizlərin gözləri açıq,
"İP"-in liderləri oxşayır kora.
Mirmahmud Fəttayev:
O da "Demkonqres" tək ən bica qurum,
Yeni yaransa da ən qoca qurum,
"İP" də gözlərində ən uca qurum,
İkisi də qalxıb oturub tara.
Yusif Bağırzadə:
Guya Qərb durubdu üst kult üstündə,
Narıncı geyim yox heç alt-üstündə,
Etibar gəzməkdə asfalt üstündə,
Əli də, İsa da oturub xıra.
Mirmahmud Fəttayev:
Onlarçün çox etdik gözümüzü ağ,
Biz elan etmədik özümüzü ağ,
Rəsul edəcəkdir üzümüzü ağ,
Hər iki "İP"-çinin çöhrəsi qara.
Yusif Bağırzadə:
"İP"-də edərdilər kirayə bizi,
Qərb baş əydirərdi kirvəyə bizi,
Gido aparacaq zirvəyə bizi,
"İP" keçməyəcəkdi ikinci tura.
Mirmahmud Fəttayev:
Cibə çox xeyirdi məsuldan müjdə,
Xoş nübar adlanar məhsuldan müjdə,
Gətirər hərəkat Rəsuldan müjdə,
Bunu təsdiq edər, əlbəttə, şura.
Yusif Bağırzadə:
Qızarıb yöndəmsiz, əyri nosları,
İsa da, Əli də ayaq kosları,
Diz çökər son anda Qərbin bossları,
Sonda Vestervelle verəcək fora.
Mirmahmud Fəttayev:
Moskva yaxşıdı bizim dom deyir,
Yusif Vestervelle və Gidom deyir,
Biri Qərb, biri boss, biri Tom deyir,
Etiqad edirik biz Tomas Mora.
Yusif Bağırzadə:
"İP"-in zəmiləri zəlidən bezar,
Hər bir qrantverən dəlidən bezar,
Qərbin bossları da Əlidən bezar,
Son anda İsanın ağzını cıra.
Mirmahmud Fəttayev:
Yelləməkdə Qərbin yeli İsanı,
Bir boss da bəyənmir dəli İsanı,
Qərbin pulverəni Əli, İsanı,
Səmaya buraxar bağlayıb şara.
Yusif Bağırzadə:
Bosslarda dərələr-düzlər mərhəmət,
"İP"-çilər də Qərbdən gözlər mərhəmət,
Gidodan gözlərik bizlər mərhəmət,
"İP"-də qoşulmarıq ümumi xora.
Mirmahmud Fəttayev:
Sözsüz, bizə Rəsul, Gido dədədi,
Bizlərdən onlara əta hədədi,
İsa da, Əli də vahimədədi,
"İP"-də məzhəb itib, qarışıb ara.
Yusif Bağırzadə:
Gəzirik İsa tək yağırdan uzaq,
"İP"-i cinləndirib bağırdan uzaq,
Gidodan qaçanlar uğurdan uzaq,
Cəbhə-Müsavatda pozulub sıra.
Mirzə Qərənfil