Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan fərqli olaraq Qərbin passiv mövqe tutması nə ilə izah oluna bilər? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
E.Mirbəşiroğlunun sözlərinə görə, Qərb hər zaman Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı real addımların atılmasını təklif edir. Amma Qərbin özünün kifayət qədər imkanları olduğu halda, işğalçı ölkə olan Ermənistana qarşı heç bir təsir göstərmir. Nəzərə almaq lazımdır ki, ATƏT-in Minsk Qrupunun bu günə kimi tərəflərə təqdim etdiyi tənzimləmə layihələri Qərbdə hazırlanıb. Burada əvvəlki üç variantı nəzərdə tuturam. Bildiyiniz kimi, həmin layihələr mərhələli həll variantıdır. Həmin həll variantları Qərbdə hazırlanmışdır. Amma sözügedən həll variantları Azərbaycanın maraqlarına cavab vermirdi. Ümumiyyətlə, baza prinsiplərinin razılaşdırılması ilə bağlı bu günə qədər Qərb Ermənistana qarşı heç bir təzyiq göstərməyib. Rusiyaya gəlincə isə, fikrimcə, o, bu gün münaqişənin tənzimlənməsi ilə bağlı prosesləri öz nəzarətində saxlamaq istəyir. Son vaxtlar prezidentlər səviyyəsində görüşlərin məhz Rusiyanın təşəbbüsü ilə keçirilməsi və tərəflər ilə dialoqların aparılması istiqamətində fəallığın göstərilməsi Rusiya tərəfindən müşahidə olunmaqdadır. Təbii ki, bu görüşlər əsasən imitasiya xarakteri daşıyır. Bu görüşlər əsasən ona hesablanıb ki, yenidən müharibə alovlanmasın. Amma təəssüflər olsun ki, bu gün Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı real addımların atılması görünmür. Bu baxımdan, hesab etmirəm ki, bu gün tək Qərb konstruktiv, Rusiya isə destruktiv mövqe tutur. Əslində, hər iki tərəf Dağlıq Qarabağ münaqişənin ədalətli tənzimlənməsi istiqamətində əsas səbəbkar olan işğalçı Ermənistana təsir etmək fikrində deyil. Demək olar ki, Ermənistanın ən böyük havadarları Qərbdə yerləşir. Yəni, Azərbaycanın işğal olunmuş ərazilərinə əsas yardımlar Qərbdən və ABŞ-dan gəlir. Bu baxımdan, məsələ ilə bağlı fikrim tamamilə fərqlidir. Yəni, həm Rusiya, həm də Qərb bu gün status-kvo vəziyyətinin saxlanılmasında maraqlıdırlar.
GÜLYANƏ