PDF Oxu

Sosial

  • 13

“Eurovision - 2012” Mahnı Müsabiqəsi Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı kimi şouya çevriləcək

“Eurovision - 2012” Mahnı Müsabiqəsi Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı kimi şouya çevriləcək

May ayında start veriləcək "Eurovision - 2012" Mahnı Müsabiqəsi günlərində Bakıya gələcək qonaqları paytaxtımızın maraqlı, tarixi abidələri ilə tanışlıq gözləyir. Azərbaycanın əsrlər boyu yaratdığı nadir nümunələrinin - onun zəngin, milli koloritli, sərvətləri ilə seçilən abidələrinin xarici qonaqların marağına səbəb olacağı şübhəsizdir. "Eurovision - 2012" beynəlxalqşousunun keçiriləcəyi "Bakı Kristal Zalı"nın yaxınlığında yerləşən Dövlət Bayrağı Muzeyində Azərbaycan ərazisində tarixən mövcud olan dövlətlər, xanlıqların bayraqları, gerbləri, Azərbaycanın müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları və digər maraqlı eksponatlar onun bir dövlət olaraq varlığını və əsrlərin sınağından keçdiyi zəngin yollarını özündə ehtiva edir.

"Eurovision Mərkəzi"ndə Azərbaycanın milli musiqi tarixi və milli musiqi alətlərinin sərgisi də təqdim edilir. Bu nümunələr sırasında Azərbaycan xalçalarının təqdimi xüsusi maraq doğurur. Tarixdən soraq verən Azərbaycan xalçalarının hər bir ilməsində ölkənin keçmişi, adət-ənənələri, dövrün ictimai-siyasi prosesləri belə həkk olunub. Belə xalçalarla tanışlıq qonaqlarda kifayət qədər təəssürat formalaşdıracaq. Azərbaycan xalçaları özünün naxışına, rənginə görə seçilir. Bu ilmələrin hər birinin mənası və fəlsəfəsi var. Azərbaycan xalçası təbiətlə insanın təmasından doğan yaradıcılıq məhsulu kimi qiymətləndirilir. Xalçalar azərbaycanlıların həyat tərzindən xəbər verir. Tarixi orta əsrlərədək gedən Azərbaycan xalçaları hələ həmin dövrdə yun, ipək, hətta qızıl-gümüş saplardan toxunurdu. Azərbaycan xalçaları öz toxunma üslubuna, bədii xüsusiyyətlərinə görə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Naxçıvan, Təbriz kimi əsas məktəblərə bölünür. Belə bir kökə və əsaslara malik olan Azərbaycan xalçalarınını YUNESKO-nun "Qeyri-maddi Mədəni İrs" siyahısına daxil edilməsi də məhz bu dəyərləri ilə qiymətini alıb.

"Odlar Yurdu"nun ritmlərini dinləyəcək müsabiqə təmsilçi və iştirakçıları Azərbaycanın qayalarının səsindən eşidilən sehri, ecazkarlığı musiqinin ritmlər ilə dərk edəcəklər. Bu ritmlərdən seziləcək ahəngdə vətənimizin səsi, onun keçdiyi yol eşidiləcək. Bu ritmlərdə insanların həyat eşqi duyulur. İnsanların sevgisindən, dərin məhəbbətdən, ilahi eşqdən yoğrulmuş ritmlərdə nələri duymaq mümkündür. Təbiətin oyanışında, quşların nəğməsində belə ahəng, həyat ritmi yaranır. "Odlar Yurdu"nun ritmlərində qonaqlar azərbaycanlıların həyat eşqini, emosiyalarını, hiss və həyəcanlarını belə duyacaq və gözəlliklə əhatə olunacaqlar.

Belə gözəlliklər içinə qərq olan Azərbaycanın məhəbbət paylaşan hər məkanı qonaqları elə indidən vəcdə gətirir. Təmsilçilər yarış iştirakçısı olmaqla yanaşı, Odlar Diyarının məşəlinin ətrafında toplaşıb zəngin və bənzərsiz ölkələrdən olan Azərbaycanda məhəbbət dolu musiqilərini paylaşacaqlar. Hər kəs həvəslə buna hazırlaşır. Bakıda yaşayan ispanlar ölkəmiz haqqında təəssüratlarını həmvətənləri ilə paylaşarkən aşıb-daşan hisslərini ifadə ediblər. İspaniyanın RTVE televiziyası: "Azərbaycandakı "Eurovision" şousu Olimpiya Oyunlarına bənzəyəcək..."-deyib. İspaniyanın RTVE internet saytında isə "Eurovision - 2012" Mahnı Müsabiqəsinə ev sahibliyi edən Azərbaycan haqqında məqalə dərc olunub. Məqalədə Bakıda yaşayan ispanların "Eurovision 2012" hazırlıqları barədə təəssüratları yer alır. Müəlliflər Azərbaycanı nadir təbiətə və memarlığa sahib "rəssamlıq əsəri" kimi təsvir edir. Onlar öz həmvətənlərinə Azərbaycanın son illər ərzində sürətli iqtisadi və mədəni yüksəlişi barədə də danışırlar. Müxtəlif sahələrdə çalışan ispanlar azərbaycanlıları dostsevər, mülayim insanlar kimi səciyyələndirirlər. Məqalədə bu ekzotik, günəşli ölkənin zəngin mənəvi irsindən söhbət açılır: "İçərişəhərin labirint dalanlarını gəzin, hər cür yeməkdən zövq alın". Onlar dostlarına həm də Bakı Bulvarına getməyi tövsiyə edirlər. Məqalə müəllifləri oxuculara İçərişəhər, "Yanar Dağ" və palçıq vulkanlarının onları təəccübləndirəcəyini deyir. Bakıda yaşayan ispanların fikrincə, Azərbaycandakı 57-ci "Eurovision" Mahnı Müsabiqəsi Olimpiya Oyunları, futbol üzrə dünya çempionatı kimi bir şouya çevriləcək. Məqalədə azərbaycanlıların müsabiqəyə bayram əhval-ruhiyyəsində hazırlıq gördükləri bu cür qələmə köçürülüb: "Onlar buna çox şaddırlar və onu ölkələri üçün əhəmiyyətli hesab edirlər".

Həqiqətən də, Azərbaycan bu şouya bayram əhval-ruhiyyəsi ilə hazırlaşır. Möhtəşəm şouda Azərbaycan odunu alovlandırıb, dünya ölkələrinin nümayəndələrini məşəli ətrafında toplayacaq.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər