Dünən Bakı Slavyan Universitetində tanınmış yazıçı, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullanın Nobel mükafatına namizədliyinin qeydə alınması ilə bağlı mətbuat konfransı keçirildi. Jurnalistləri salamlayan Kamal Abdulla bu yüksək mükafatla bağlı geniş məlumat verdi. Konfransın əsas məğzini açıqlayan Kamal Abdulla qeyd etdi ki, mətbuat işçilərini buraya toplamaqda məqsəd onlarla düşüncələrini bölüşməkdir. Sonra mətbuatda gedən qaranlıq məqamlara aydınlıq gətirdi. O, bəzi media orqanlarının yazdığı kimi onun namizədliyini heç də Azərbaycan Yazıçılar Birliyinin irəli sürmədiyini söylədi. Onun sözlərinə görə, Nobel mükafatına namizədliyi bir neçə il əvvəl də irəli sürülmüşdü. Bu məktubda ali məktəbin 5 professoruna öz namizədini irəli sürməklə bağlı sorğunu cavablandırmaları təklif edilib. Həmin alimlər - Rəhilə Qeybullayeva, Məmməd Qocayev, Asif Hacılı, Rəhilə Quliyeva, Naidə Məmmədxanova Kamal Abdullanın namizədliyini göstəriblər. İki həftə öncə 5 alimə və K. Abdullaya Nobel Komitəsinin sədri Per Vastper tərəfindən növbəti məktub daxil olub. Məktubda K. Abdullanın namizədliyinin qəbul olunduğu qeyd edilib. İlk dəfə olaraq Nobel Komissiyası Azərbaycandan ünvanlanan müraciətə müsbət cavab verib. Belə ki, tanınmış yazıçı Kamal Abdullanın quruma təqdim edilən trilogiya tipli 3 - "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazmalar" və "Unutmağa kimsə yox" əsərləri yüksək qiymətləndirilərək, mükafata namizəd kimi qeydə alınıb. Sonra K. Abdulla Nobel mükafatına namizədliyinin qəbul edilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırdı.
ZÜMRÜD