Dünən Hilton otelinin "Kristal" zalında "Eurovision-2012" müsabiqəsinin rəsmi tərəfdaşı kimi çıxış edən "Baltika-Baku" şirkəti "Xırdalan" brendindən "Eurovision"na bilet qazan!" aksiyasının başlanması ilə əlaqədər ictimaiyyət və media mənsubları üçün tədbir keçirib. Tədbirdə bildirilib ki, kampaniya xarakteri alacaq aksiya müsabiqənin finalına - 26 may 2012-ci il tarixinədək davam edəcək.
Belə ki, biletlər və digər qiymətli mükafatlar uğrunda aksiyada iştirak etmək üçün 1,5 litrlik və 0,5 litrlik şüşələrdə "Xırdalan Draft", eləcə də, "Xırdalan" pivəsini əldə etmək və qapağın altına baxmaq lazımdır. Üzərində "Eurovision" yazısı olan işarə biletin uduşlu olduğunu göstərir. Eyni zamanda, həmin aksiyada digər uduş da oynanılacaq ki, bu da mobil telefonların balansının artırılması üçün təşkil olunub. 6 rəqəmli kod və 50 qəpik və ya 1 manat yazısı isə mobil telefon balansını artırmağa imkan verir. Həmin kodu 8808 nömrəsinə ( "Azersell" şəbəkəsindən başqa) göndərməklə abonent avtomatik olaraq balansını artırmış olur.
Tədbirdə o da qeyd olunmuşdur ki, "Baltika Baku" şirkəti fəaliyyətdə olduğu bütün dövr ərzində mədəniyyət və təhsil sahəsindəki layihələri dəstəkləyir, populyar mədəniyyət işçilərinin iştirakı ilə şəhərdə şənliklər təşkil edir. Onu da qeyd edək ki, şirkət 2011-ci ildə Azərbaycan büdcəsinə 13,5 milyon manatdan çox vəsait ödəmişdir.
Aksiya təşkilatçıları onu da əlavə ediblər ki, Promo-aksiya ilə bağlı əlavə suallar yarandığı halda zənglər (012) 555-15-99 nömrəsində qəbul ediləcəkdir.
ZAKİR