Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş rayon tədbiri keçirilib. İlk öncə tədbir iştirakçıları Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin məzarlarını ziyarət edərək, məzarları üzərinə tər gül-çiçək dəstələri düzüblər. Sonra tədbir YAP Qax rayon təşkilatının yeni inzibati binasında davam edibdir.
Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev hər il mart ayının 31-i azərbaycanlıların soyqırımı günü kimi anıldığını söyləyib: "Bu təqvim Azərbaycan tarixində baş vermiş ən dəhşətli və faciəli hadisələrdir. Azərbaycanlıların kütləvi şəkildə qırılmasını, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətllər törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımı əsil hüquqi-siyasi qiymətini isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra almışdır. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Ümummilli Liderimiz Heydər Əliyevin imzaladığı Fərman erməni millətçilərinin hərəkətlərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu Fərman Azərbaycanın bugünkü və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir".
Anım mərasimində rayon polis şöbəsinin rəisi Cümşüd İsmayılov, YAP Qax rayon təşkilatının sədr müavini Məmməd Xasıyev, YAP üzvü, tarix müəllimi Lalə Qabulova, MTN rayon şöbəsinin rəisi Araz İsgəndərov, ƏSMM rayon şöbəsinin direktor müavini Eldəniz Əzizov və başqaları çıxış edərək, erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi olduğunu bildirdilər. Çıxış edənlər vurğuladılar ki, bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımının qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, insanlığa qarşı yönəlmiş ən amansız dəhşətli cinayətlərə rəvac vermiş, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının şüurunda dərin izlər buraxmışdır. Və qeyd olundu ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzünə, soyqırımına son qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılacağına, işğal olunmuş torpaqların qaytarılacağına, qaçqın və məcburi köçkünlərin öz ata-baba torpaqlarına dönəcəklərinə, onların pozulmuş hüquq və azadlıqlarının bərpa ediləcəyinə inanır.
Tədbirin sonunda 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı videolent nümayiş olundu.
A.Səmədova