PDF Oxu

Sosial

  • 10

31 mart soyqırımı - erməni vandalizminin növbəti iç üzü...

31 mart soyqırımı - erməni vandalizminin növbəti iç üzü...

Dünən Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə H.Sarabski adına Mədəniyyət Evində 31 mart soyqırımının 94-cü ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları, ilk öncə, soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra mərasimdə Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək, 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı erməni qaniçənləri tərəfindən törədilən soyqırımı aktında həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirdi: "Ermənilər deportasiya və soyqırımı proseslərini tələm-tələsik yox, müxtəlif tarixi şəraitlərdə, mərhələ-mərhələ, düşünülmüş plan əsasında həyata keçirməklə, sərsəm "böyük Ermənistan" xülyalarını gerçəkləşdirmək üçün plan hazırlamışdılar. 1828-ci ildə "Türkmənçay" müqaviləsinə uyğun olaraq İrandan 40 min, 1829-cu ildə Rusiya-Türkiyə müharibəsi sona yetdikdən sonra isə Türkiyədən 84 min 600 nəfər erməni İrəvan, Qarabağ və Naxçıvan xanlıqlarının ərazilərinə köçürülmüş və həmin ərazilərdə qondarma "erməni vilayəti" təşkil edilmişdi. Həmçinin, erməni silahlı qüvvələri öz çirkin niyyətlərini həyata keçirmək üçün 1918-ci ilin mart-aprel aylarında Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Zəngəzurda 115, Şamaxıda 80, Quba qəzasında 122, Qarabağda 157 kəndi bütün məscidləri, məktəbləri, qədim memarlıq abidələri ilə birlikdə yandırıb külə döndərmiş, əhalisini qırmış və didərgin salmışdılar". N.Məhəməliyev onu da vurğuladı ki, 14 ildir ki, xalqımız Ümummilli Liderimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il mart ayının 31-ni dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edir: "Xalqımıza zaman-zaman üz vermiş faciələri unutmağa mənəvi haqqımız yoxdur və bu faciələrdən daha qanlısı, daha dəhşətlisi olan 31 mart hadisələri millətimizin qan yaddaşına əbədi həkk olunmalıdır. Çünki tarixi faktlar və dəlillər sübut edir ki, həmin vaxt xalqımız azğınlaşmış erməni daşnaklarının qurbanı olmuşdur. Biz bu faciələrimizi gələcək nəsillərə çatdırmalıyıq ki, gələcəkdə unutqanlıq üzündən tariximizdə bir də belə faciələr yaşanmasın. Bu gün uğurla inkişaf edən Azərbaycan azğın düşmənlərimizə göz dağıdır. Ölkə başçısı İlham Əliyev tərəfindən xalqımızın tarixi həqiqətlərinə və başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin və xalqımızın bütövlüyü daima etibarlı əllərdədir".

Sonra İrəvan Dövlət Dram Teatrının kolektivinin hazırladığı "Soyqırımı abidəsi" adlı tamaşa nümayiş etdirildi.

R.HÜSEYNOVA

Digər xəbərlər