PDF Oxu

Sosial

  • 8

Tarixin qanlı səhifəsi

Tarixin qanlı səhifəsi

Dünən 31 mart soyqırımının 94-cü ildönümü ilə bağlı Səbail rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Park Bulvar Ticarət və İstirahət Mərkəzindəki" "Sinema-klub"da rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, müharibə veteranları, din xadimləri, bir sıra ictimai təşkilat və birliklərin nümayəndələrinin iştirakı ilə tanınmış kinorejissor Vaqif Mustafayevin yeni çəkdiyi "Xoca" filminə ictimai baxış keçirildi.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov 1918-ci il hadisələri, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklər barədə məlumat verdi və bildirdi ki, Azərbaycana qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırıldı: "1918-ci il martın 31-də ermənilər tərəfindən həyata keçirilən soyqırımı yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan etibarən, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir".

A.Əsgərov onu da vurğuladı ki, son illərin reallığı göstərir ki, erməni şovinistlərinin imkanları getdikcə tükənməkdədir: "Bunun da əsas səbəbkarı ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində geniş iqtisadi potensiala malik qüdrətli dövlət olmuş Azərbaycan Respublikası, onun beynəlxalq aləmdə günbəgün artan siyasi nüfuzu, ölkəmizin dostlarının möhkəmlənən həmrəyliyi, nəhayət, güclü Azərbaycan Ordusudur. Ölkə başçısının rəhbərliyi ilə ölkəmiz dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə məhsuldar iş aparır, onilliklər boyu formalaşmış stereotipləri, yanlış yanaşmaları dağıtmaqla Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Dövlətimizin başçısının siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, həmrəyliyi sayəsində qarşıya qoyulan bütün məqsədlərə, o cümlədən, ərazi bütövlüyümüzün bərpasına, soyqırımı həyata keçirənlərin, xalqlar arasında düşmənçilik salanların iflasına nail olacağıq".

Sonda "Xoca" filmi nümayiş etdirildi.

R.Kamalqızı

Digər xəbərlər