PDF Oxu

Sosial

  • 4

“Tarixi unutma - 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür”

“Tarixi unutma - 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür”

Dünən YAP Nizami rayon təşkilatı Nizami rayon icra hakimiyyəti və "RESURS" Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə rayonun milli qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseydə "Tarixi unutma - 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür" mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları ilk öncə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra məktəb-liseyin direktoru Almaz Əsgərova məktəbdə vətənpərvərlik ruhunda keçirilən tədbirlərdən, şagirdlərin Vətənə məhəbbət ruhunda tərbiyə almaları üçün pedaqoji kolektivin gördüyü işlərdən bəhs etdi.

Nizami RİH-in başçısının müavini Gülnaz İsrafilova bədnam qonşularımızın zaman-zaman başımıza gətirdikləri dəhşətli faciələrdən danışdı və eləcə də, azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərə nəzər saldı. Diqqəti azərbaycanlılara qarşı soyqırımı siyasətinin məğzinə yönəldən natiq iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdikləri genosid və deportasiya siyasəti nəticəsində azərbaycanlıların əzəli torpaqları olan İrəvan, Göyçə və Zəngəzuru itirdiklərini bildirdi. G.İsrafilova onu da vurğuladı ki, XX əsrin sonunda erməni işğalçıları Dağlıq Qarabağı və ətraf 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və Cəbrayılı zəbt ediblər: "Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Liderimiz Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı" haqqında 1998-ci il 26 mart tarixli Fərmanı böyük tarixi əhəmiyyət daşıyıb".

"RESURS" Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə, "Xüsusi Təyinatlı" kitabının müəllifi Sahib Şirinov və başqaları çıxış edərək, ermənilərin "böyük Ermənistan" iddialarının həyata keçirmələrinin acı nəticələrini azərbaycanlıların hər zaman öz üzərində hiss etdikləri vurğuladılar. Onların 1918-ci ildə Bakıda, Qubada, Lənkəranda on minlərlə azərbaycanlını öldürmələrini, kəndləri, evləri heç kimə aman vermədən yandırmalarını və bu tarixi faktların dünyanın bir çox arxivlərində saxlandığını da qeyd etdilər. Anım mərasimində düşmənə qarşı mübarizə aparan xalqımızın minlərlə qəhrəman övladlarından olan 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş İbad Hüseynovla bağlı məlumat verildi. Həmçinin, qəhrəmana həsr edilmiş "Kəşfiyyatçı" filminə baxış keçirildi.


Rəfiqə

Digər xəbərlər