PDF Oxu

Sosial

  • 13

Qan yaddaşımız

Qan yaddaşımız

YAP Nizami rayon təşkilatının nəzdində "Heydər Əliyev irsini öyrənirik!" devizi altında fəaliyyət göstərən siyasi məktəbin budəfəki seminarı 31 Mart Azərbaycanlıların Soyqırımına həsr olunmuşdur. Tədbirdə millət vəkilləri, rayon ictimaiyyəti, gənclər iştirak ediblər. YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin 200 ildən artıq tarixi olduğunu qeyd edərək, bu siyasətin məqsədinin azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə "böyük Ermənistan" dövləti yaratmaq olduğunu bildirdi: "Öz mənfur siyasətini gerçəkləşdirmək üçün ermənilər müxtəlif üsul və vasitələrdən, tarixin saxtalaşdırılmasından, siyasi təxribatlardan, separatizm və qonşu xalqlara qarşı təcavüz siyasətindən istifadə etmişlər. Təbii ki, bütün bunlar erməni şovinizminin əsil mahiyyətini ifadə etməklə sübut edir ki, ermənilər tarixən bir millət olaraq mahiyyətcə terrorizmə və vəhşiliyə üstünlük veriblər ".

Əsrlər boyu erməni şovinistlərinin Azərbaycan xalqını əzməyə, torpaqlarını işğal etməyə, çalışdıqlarını vurğulayan S.Vəliyeva bu işdə onlara dünyanın müxtəlif ölkələrində yaşayan havadarlarının yaxından kömək etdiyini qeyd etdi: "Biz, ilk növbədə, Ulu Öndər Heydər Əliyevə dərin minnətdar olmalıyıq. Çünki məhz Onun Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra bütün bu hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. Mən əminəm ki, Qarabağ uğrunda aparılan mübarizədən, eləcə də, başımızın üstünü alan qara buludlarla mübarizədən alnı açıq və qələbə ilə çıxacağıq. Çünki bizim müdrik, uzaqgörən Prezidentimiz var. Bir daha soyqırımı qurbanlarına Allahdan rəhmət diləyirəm".

Tədbirdə Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Aydın Mirzəzadə, Etibar Hüseynov, Flora Qasımova, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və başqaları çıxış edərək həm 31 mart, həm Xocalı, həm də digər soyqırımların eyni üsullarla törədildiyini diqqətə çatdırdılar. Gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyindən danışan millət vəkilləri bu işdə daha fəal olmağı arzuladılar.


R.HÜSEYNOVA

Digər xəbərlər