Dünən YAP Səbail rayon təşkilatının Azərbaycan Tarixi Muzeyinin ərazi ilk təşkilatı AMEA Milli Azərbaycan Tarixi Muzeyində 31 mart azərbaycanlıların soyqırımının 94-cü ildönümü ilə bağlı tədbir keçirildi. Dövlət himni səsləndikdən sonra tədbir iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədr müavini Mehman İsmayılov erməni millətçilərinin əsassız iddialarından, ölkə Prezidenti İlham Əliyevin dövlətçiliyimiz naminə apardığı haqq işindən danışdı: "31 mart soyqırımı erməni millətçilərinin əsrlər boyu azərbaycanlılara qarşı məkrli planı və düşünülmüş şəkildə apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Ona görə də, xalqımızın başına gətirilən müsibətlərə biganə qalmamalı, haqq səsimizi ucaltmalıyıq".
Anım mərasimində YAP Səbail rayon təşkilatı Azərbaycan Tarixi Muzeyinin ərazi ilk təşkilatının sədri Pərvanə Əzimova 1918-ci ilin 31 martında azərbaycanlılara qarşı erməni qaniçənləri tərəfindən törədilən soyqırımı aktında həyatlarını itirmiş soydaşlarımızın əziz xatirəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirdi. Qeyd etdi ki, 200 il öncə əzəli və əbədi Azərbaycan torpaqlarına köçürülmüş mənfur ermənilər hər cür iyrənc əməllərə əl atıblar.
P.Əzimova əsrin əvvələrindən başlayaraq erməni daşnakları tərəfindən Azərbaycan türklərinə qarşı amansız siyasət yürüdərək, öz iddialarını gerçəkləşdirmək niyyətində olduqlarını bildirdi: "Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçilərinin, bütövlükdə, bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirdiyini bildirərək, dəhşətli cinayətlərə əl atıblar. Bu soyqırımın əsil hüquqi-siyasi qiymətinin Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verildi. Ulu Öndər Heydər Əliyev azərbaycanlıların mart soyqırımı barəsində 26 mart 1998-ci ildə verdiyi sərəncamla bu tarix Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmışdır".
P.Əzimov onu da vurğuladı ki, ölkə başçısı İlham Əliyev tərəfindən xalqımızın tarixi həqiqətlərinə və başına gətirilən müsibətlərə verdiyi qiymət göstərir ki, dövlətimizin və xalqımızın bütövlüyü daima etibarlı əllərdədir.
Sonra Azərbaycan Tarixi Muzeyinin YAP ərazi ilk təşkilatı üzvlərinin tərtib etdiyi soyqırıma həsr edilmiş elektron slayd nümayiş etdirildi.
Anım mərasimində təşkilatın üzvlərindən Günel Əliyeva "Erməni terrorunun izi ilə", Aqil Əhmədov "Azərbaycanlılara qarşı soyqırımı hadisələri dünya mətbuatında", Fərahilə Babayeva "1918 il 31 mart Azərbaycan tarixşünaslığında", Aygün Məmmədova "31 mart şəhidlərini xatırlayarkən" adlı məruzələrlə çıxış edərək 1918-ci ilin martında Bakıda və Azərbaycanın qəzalarında xalqımıza qarşı törədilmiş amansız qırğınlar və bu vəhşilikləri törədənlərə havadarlıq edən qüvvələrin əsil simasının bir daha geniş ictimaiyyətə çatıdırılması ilə bağlı fikirlərini söylədilər.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Aygün Məmmədova 1918-ci il hadisələrini və bu tarixdən öncə xalqımızın başına gətirilən müsibətlərin gənclər tərəfindən həmişə nifrətlə qarşılandığını bildirdi: "Bu tarixi faktlar həmişə araşdırılmalı və unudulmamalıdır. Belə ki, 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə və analoji olaraq davamlı şəkildə Qafqazda azərbaycanlılara qarşı erməni daşnkaları və onların havadarları tərəfindən amansız divanlar tutulmuşdur. Bütün bu faktlar onu göstərir ki, ermənilər azərbaycanlılara qarşı həmişə soyqırımı siyasəti yürüdüblər. 31 mart soyqırımı da xalqımıza qarşı erməni vəhşiliyinin bariz nümunəsidir".
AMEA Arxeologiya və Etnoqrafiya İnsitutunun elmi işçisi Bədircahan Əmrullah qızı isə son dövrlərdə aparılmış arxeoloji qazıntıların soyqırımı faktı detallarını aşkarlamaqda vacib əhəmiyyətini qeyd edərək soyqırımın təbliğatında aktivlik göstərməyə çağırdı.
RƏFİQƏ HÜSEYNOVA