PDF Oxu

Sosial

  • 9

Azərbaycan Avropa üçün böyük əhəmiyyətə malikdir

Azərbaycan Avropa üçün böyük əhəmiyyətə malikdir

Aprelin 3-də Bakıda Azərbaycan Respublikası Milli Məclisinin binasında "Avronest" Parlament Assambleyasının (APA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi, sözsüz ki, qurumun ölkəmizə göstərdiyi etimaddan, önəmdən xəbər verir.


"Avronest"in tədbirlərinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var


Ümumiyyətlə, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin təhlili göstərir ki, qısa bir zaman kəsiyində bu münasibətlər dinamik inkişaf edib. XX əsrin 90-cı illərində Avropa Birliyinin (AB) birtərəfli yardımları formasında qurulmuş əlaqələr, artıq XXI əsrin əvvəllərindən ümumi maraqlara cavab verən qarşılıqlı əməkdaşlıq, daha sonra isə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Hazırda bu strateji tərəfdaşlıq cəmiyyətin inkişafının, demək olar ki, bütün sahələrini əhatə edir, ümumi maraqlar və qarşılıqlı razılaşmalar çərçivəsində mövcud problemlərin həlli istiqamətində konkret fəaliyyət planları hazırlanaraq, həyata keçirilir.

Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin, "Avronest" PA-nın üzvü xanım Narika Nikola Azərbaycanın Avropa üçün böyük əhəmiyyətə malik olan bir dövlət olduğunu deyib. O, qeyd edib ki, Azərbaycanın yüksək səviyyədə tanınması nöqteyi-nəzərdən "Avronest"in tədbirlərinin burada keçirilməsinin böyük əhəmiyyəti var.


Əməkdaşlığımızın yaxşı tarixi və gələcəyi vardır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avronest" Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimindəki çıxışında assambleyanın Avropa Birliyinin hüdudlarından kənarda ilk sessiyasının Bakıda keçirilməsini parlamentimiz üçün böyük tarixi bir hadisə kimi dəyərləndirib. Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin ilk rəhbəri olduğunu fərəh hissi ilə qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüdür: "Əməkdaşlığımızın yaxşı tarixi və gələcəyi vardır. Çünki yüksək səviyyədə olan daimi təmaslarımız, yüksək səviyyədə həyata keçirilən səfərlər, parlamentarilərin səfərləri Avropa Birliyi ilə Azərbaycan arasında tərəfdaşlığı daha da gücləndirir".

2008-ci ildə Avropa Birliyinn Azərbaycan Respublikasındakı tam funksiya göstərən nümayəndəliyinin açılışı, 2009-cu ilin dekabr ayında Lissabon sazişinin qüvvəyə minməsi və 2011-ci ilin yanvar ayında Avropa Xarici Fəaliyyət Xidmətinin işə başlaması AB Azərbaycan əlaqələrini gücləndirmək üçün təməl qoyub.

Azərbaycan və Avropa Birliyi qarşıya siyasi birlik və iqtisadi inteqrasiyanı sürətləndirmək kimi aydın ümumi məqsəd qoyub, Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində müxtəlif proqramlar vasitəsilə əməkdaşlığı inkişaf etdirmək üçün ciddi öhdəliklər götürüblər.


Siyasi islahatlar birmənalı olaraq davam edəcək


"Biz siyasi islahatları birgə həyata keçiririk" deyən dövlət başçısı, Azərbaycanın siyasi islahatlara sadiq olduğunu diqqətə çatdırıb: "Biz müstəqillik illərimiz ərzində bütün sahələrdə böyük irəliləyişə nail olmuşuq və sabit siyasi təsisatlar yaratmışıq. Bizim bütün təsisatlarımız vardır. Bizim çoxpartiyalı sistemimiz mövcuddur. Bizim bir çox partiyaların nümayəndələrindən ibarət parlamentimiz, ifadə, yığıncaq azadlıqlarımız, azad internetimiz vardır. Mən çox şadam ki, Azərbaycanda internet istifadəçilərinin sayı aydan-aya artır. Artıq əhalimizin 50 faizindən çoxu məhz internet istifadəçisidir və genişzolaqlı internetdən istifadə edir. Gələcəkdə siyasi islahatlar birmənalı olaraq davam edəcəkdir".

Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda mövcud olan azad siyasi mühit plüralizm şəraitində sağlam siyasi mübarizəyə hər cür imkan yaradıb. Məhz vətəndaşların qanunvericiliklə müəyyən olunan siyasi hüquq və azadlıqlarının reallıqda tam şəkildə əksini tapmasının nəticəsi olaraq ölkəmizdə siyasi mədəniyyətin yüksəlməsi, sağlam rəqabətin formalaşması istiqamətində müsbətə doğru ciddi irəliləyişlər hiss olunmaqdadır.

Bu gün Azərbaycanda, bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar, əsaslı yeniliklər sayəsində respublikamız, sözün əsil mənasında, müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevrilib.

"Avronest" Parlament Assambleyasının həmsədri Kristian Vigenin bildirib ki, Azərbaycan demokratik dəyərlərin inkişafına sadiqdir: "Dünyada mükəmməllik yoxdur, amma çox vacibdir ki, Azərbaycan demokratik dəyərlərin təminatı, insan hüquqları və mətbuat azadlığına sədaqətini ifadə edir".


İşğal altında olan torpaqlar azad edilməlidir


Azərbaycanın sosial və siyasi problemlərindən birinin Ermənistanın təcavüzü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyib: "Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul etmişdir. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir".

"Avronest" Parlament Assambleyasının (APA) həmsədri Kristian Vigenin də deyib ki, Dağlıq Qarabağ münaqişəsi regiondakı təhlükələrdən biridir. Lakin regionda digər təhlükəli münaqişə bölgələri də var. Digər həmsədr Boris Tarasyuk isə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməli olduğunu söyləyib.


Biz Azərbaycanın hüdudlarından kənarda fəal şəkildə sərmayələr yatırırıq


Prezident İlham Əliyev qeyd edib ki, bu gün bəzi Avropa ölkələrində neftimizin həcmi enerji balansının təxminən 30 faizini təşkil edir: "Biz Azərbaycanın hüdudlarından kənarda fəal şəkildə sərmayələr yatırırıq. Bu gün milyardlarla dollar həcmində sərmayə qoyulur, xüsusilə də, Avropada və təbii ki, regionda. Buna görə də uğurlu siyasət, neft və qaz boru kəmərlərinin tikintisi nəticəsində biz bir dəhliz yarada bildik. Biz Xəzər dənizini Qara dənizlə və ilk dəfə olaraq, Aralıq dənizi ilə boru kəmərlərimizlə birləşdirə bildik".

Bu gün Azərbaycan Aralıq dənizi bazarında güclü mövqelərə malikdir. İxrac olunan neftin 45 faizi Aralıq, 20 faizi isə Şimali Amerika bazarında satılır. Hazırda Odessa-Brodı kəməri vasitəsilə, Ukraynaya da neft məhsulları ixrac edilir. Bu kəmər vasitəsilə həmçinin, Belarusa da karbohidrogen ehtiyatlarının nəql edilməsi nəzərdə tutulur. Gələcək illərdə isə məqsəd xam neftin Çexiya, Slovakiya və Macarıstan kimi dövlətlərə satışını təşkil etməkdir. Artıq 2015-ci ilədək bu planlar realizə oluna bilər. Avropa dövlətlərində də müəssisələri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünya enerji bazarında böyük sərmayə imkanlarına malikdir və nüfuzlu neft şirkəti kimi tanınır. Bütün bunlar isə Azərbaycanda həyata keçirilən enerji siyasətinin uğurlarıdır.


Azərbaycana təşəkkür düşür


"Avronest" Parlament Assambleyasının II sessiyası aprelin 4-də öz işini yekunlaşdırdı. Assambleyanın növbəti, III sessiyası isə 28-29 may tarixlərində Brüsseldə təşkil olunacaq.

"Avronest" Parlament Assambleyasının həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk sessiyanın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. K.Vigenin bildirib ki, Azərbaycan tərəfinə təkcə texniki hazırlığa görə deyil, həm də siyasi mühit, şərait yaratdığına görə təşəkkür düşür. O, Azərbaycanın sürətli inkişaf edən bir ölkə olduğunu da vurğulayıb.

K.Vigenin "Avronest" PA-da Ermənistan nümayəndə heyətinin iştirakını və təşkilatçılar tərəfindən onlar üçün lazımi şəraitin yaradılmasını yüksək qiymətləndirib: "Azərbaycan və Ermənistan arasında münaqişənin mövcudluğuna baxmayaraq, onların nümayəndə heyətləri "Avronest" PA-da qərarların hazırlanmasında iştirak etməyi və kompromis tapmağı bacarıb". K.Vigeninin sözlərinə görə, Azərbaycanın beynəlxalq arenada rolu yalnız ölkədə energetika resurslarının mövcudluğu hesabına deyil, həm də onun bir sıra beynəlxalq problemlərə mövqeyinə görə artır: "Biz şadıq ki, Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi, əsasən, Avropa Birliyinin mövqeyi ilə üst-üstə düşür".

CABİR

Digər xəbərlər