İrandan Ermənistana Novruz bayramı günlərində gələn turistlərin sayı xeyli azaldı. Mövzuya münasibət bildirərkən, bəzi ekspertlər azalmanın 30-35% olduğunu göstərdikləri halda, digər ekspertlər bu rəqəmin keçən ildə gələn turistlərin sayının cəminin 30-35% olduğunu bildirirlər. Ermənistan Novruz bayramı günlərində İrandan gələn turistlərin sayının azalmasını gözləmirdi və buna hazır deyildi; daha çox turistin gəlməsinə hazırlıq görülmüşdü. Ermənistan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Turizm şöbəsinin müdiri M.Apresyanın mətbuata verdiyi açıqlamalar bunu deməyə tam əsas yaradır. İrandan turist axınının azalmasının bir neçə səbəbi ola bilər:
*a) İranda əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlaşması xaricə gəzməyə gedən iranlıların sayını xeyli azaltmışdır;
*b) Novruz ərəfəsində İranda milli valyutanın devalvasiyası və valyuta bazarındakı gərginlik də İrandan Ermənistana gələn turistlərin sayında azalma yaradan ən mühüm faktorlardan ola bilər. Məhz valyuta bazarında dövlətin qoyduğu məhdudiyyətlər bir qrup iranlını son anda turizmlə bağlı planlarını dəyişə, xarici turizmlə bağlı planlarını daxili turizmlə əvəzləyə bilərdilər;
*c) Əvvəlki, İrandan Ermənistana turistlərin hədsiz çox gəldiyi illərdə iranlı turistlərə göstərilən "qonaqpərvərlik" turistləri Ermənistandan çəkindirdi. Ermənilər iranlılara yuxarıdan aşağı baxır, onları ikinci növ insan hesab edirdilər. İranlılar Ermənistanda tez-tez
döyülmə, şantaj, oğurluq subyektinə çevrilir, hətta İranda molla hökumətinin onların başına açmadığını Ermənistanda açırdılar. Bu baxımdan rəsmi Tehranın turizm siyasətində Ermənistan birinci yerdə olsa da, əhali bu məsələdə öz hökumətlərinə qulaq asmadı. Ermənistana turist axını təşkil etməyin İranın rəsmi siyasətində mühüm məsələ olmasını bu ölkənin xarici işlər naziri Ə.Salehinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər də təsdiq edir. Ə.Salehi İranla Ermənistan arasına 2011-ci ildə qeydə alınmış 25 minlik turist sayının bu Novruzda 100 minə çatdırmağa, növbəti illərdə isə bu rəqəmi 1 milyona qaldırmağı vəd vermişdi. Ə.Salehinin bu vədi yerinə yetirilmədi. Görünür, İran hökuməti tərəfindən ələ salınan, ləyaqəti tapdanan, döyülüb-incidilən iranlılar eyni rəftarı İranla eyni mədəniyyət daşıyıcısı olan Ermənistandan qəbul etmək istəmirlər. Diqqət çəkən məqam kimi Novruz bayramı münasibətilə İran parlamentinin spikerinin Ermənistanı təbrik etməsini də yada salmağı faydalı hesab edirik.
Ermənistan rəsmilərinin yaydıqları məlumata görə, 2010-cu ildə İrandan Ermənistana 20 min turist gəlmiş və hər bir turist 700-1000 ABŞ dolları pul xərcləmişdir. 2011-ci ildə gələn turistlərin sayı 25 min nəfərə çatmış, hər bir iranlının xərclədiyi pulun miqdarı isə 1000-1200 ABŞ dolları olmuşdur.
İrana, onun rəhbərliyinə və xalqına yuxarıdan aşağı baxmağa vərdiş etmiş Ermənistan rəhbərliyi turist axınında vəziyyətin belə dəyişməsinə dərhal reaksiya verdilər. Çünki ermənilərin xarakteri bunu tələb edir.
Ermənistanın Baş naziri Tiqran Sərkisyan İsrail mətbuatına verdiyi müsahibədə Ermənistanın İsraillə turizm əlaqələrini genişlənirmək niyyətində olduğunu bildirdi. Dərhal İsrail mətbuatında Ermənistanı mədh edən yazılar dərc olundu. Yeri gəlmişkən, Tiqran Sərkisyanın müsahibə verdiyi mətbu orqanı (Ynet) İran-Azərbaycan münasibətlərinə dair də yazılar verir. Və bu yazılar İranın diqqətini tez-tez cəlb edir. Amma nədənsə İsrail mətbuatında Ermənistanla münasibətlər haqqında yazılanlar İran tərəfinin diqqətini cəlb etmir. Hər-halda bu dövlətlər bir-birini yaxşı tapıblar.