PDF Oxu

Sosial

  • 5

Aleksandr Lordkipianidze: “Azərbaycan xalqı qonaqpərvərliyi ilə təkcə Qafqazda deyil, bütün dünyada tanınır”

Aleksandr Lordkipianidze: “Azərbaycan xalqı qonaqpərvərliyi ilə təkcə Qafqazda deyil, bütün dünyada tanınır”

"Eurovision-2012" Mahnı Müsabiqəsinə start veriləcəyi günə artıq 41 gün qalır. Bir ilin nə zaman sona yetməsi gərgin, həyəcan dolu zamanda sanki sürətini artırıb çaparaq keçdi. Mahnı müsabiqəsinin il ərzində diqqətdə qalması, müxtəlif fikirlərin ətrafında dolaşması, hazırlıq işləri, keçiriləcək məkanın inşası və s. bu zamanın ixtiyarında baş verdi.

Bakıdakı bu şounu səbirsizliklə gözləyən paytaxt sakinləri, eləcə də, ümumavropa miqyaslı təmsilçilərin şəhərimizin möhtəşəmliyi ilə təması onların xüsusilə maraq dairəsindədir. Bütün əsaslar Azərbaycan paytaxtındakı "Eurovision" Mahnı Müsabiqəsinin rəngarəng olacağını, turistlərin hər birinin şəhərimizdən zövq alacaqlarına şübhə doğurmur. İçərişəhər Bakının ən sevimli və turistlərin ən çox üz tutduğu məkanlarından biri olduğundan, buradakı dünya və yerli əhəmiyyətli tarixi abidələrin hər kəsin diqqətini cəlb edəcəyi də, amilə söykənir. Paytaxtımızda tarixin ahəngini özündə yaşadan kifayət qədər belə möhtəşəm maddi nümunələr var ki, onların hər biri - Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah, Cümə məscidi və s. qonaqları valeh edəcək.

Müsabiqəyə az müddət qaldığından, artıq "Eurovision Mahnı Müsabiqəsi 2012"-nin keçiriləcəyi "Bakı Kristal Zalı"nda son tamamlanma işləri gedir. Hazırda arenaya asfalt döşənir. Tikinti işləri tam yekunlaşdıqdan sonra məkan şou hazırlıqları üçün təhvil veriləcək. Jurnalistlərin çalışması və istirahəti üçün də hər bir detal nəzərə alınıb. Belə ki, "Bakı Kristal Zalı"nın yaxınlığında inşa olunan Mətbuat Mərkəzində də işlər yekunlaşmaq üzrədir.

Bu gün həqiqətdir ki, Bakı dünyanın nəzər nöqtəsindədir. Beynəlxalq mətbuat müsabiqəyə ev sahibliyi etdiyi Azərbaycanın paytaxtı Bakıda nəqliyyat, otellər, restoranlar, şəhərin maraqlı yerləri barədə xəbərlər, fotolar və videomateriallar verilir. Bu, ölkəmizə marağın hansı səviyyədə olduğunu göstərir. Təmsilçilər də bu müsabiqəyə böyük həvəslə yanaşırlar. Həm Azərbaycanı görmək, həm də möhtəşəm musiqinin vətəni ilə tanış olmaq niyyəti ilə yaşayırlar. Belə ki, müsabiqəyə hazırlıq və şəhərimizlə bağlı təəssüratlarından sezilən fikirlər bu istəkləri özündə ehtiva edir. Estoniyanın "Eurovision-2012"i təmsilçisi Ott Leplandı Bakı səhnəsinin böyük imkanlarına əmindir. Müsahibələrinin birində o, qeyd edir ki, Bakı səhnəsi Estoniyadakından işıq effektləri və digər vacib məqamları ilə üstün olacaq. Buna görə də Ott Lepland performansını mükəmməl şəkildə yerinə yetirəcəyinə əmindir. Avropanın məşhur musiqi çatlarında izlənmə rekordlarını qıran "Erisioni" qrupunun rəhbəri Aleksandr Lordkipianidze "Eurovision" Mahnı Müsabiqəsinin Azərbaycanda yüksək səviyyədə keçiriləcəyinə inamlıdır. O, euravision.az saytına müsahibəsində bildirib ki, qonaqlar Bakıdan məmnun halda geri dönəcəklər: "Azərbaycan xalqı qonaqpərvərliyi ilə təkcə Qafqazda deyil, bütün dünyada tanınır".

"Eurovision-2012" Mahnı müsabiqəsinə "Standing still" adlı mahnısı ilə gələn Almaniya təmsilçisi Roman Lob ölkəmizi və onun sakinlərini yaxından tanımaq arzusundadır. Almaniya təmsilçisi müsabiqə ərəfəsində boş vaxt taparsa, mütləq Bakı çimərliyinə gedəcəyini də söyləyib.

Əlbəttə ki, bu təəssüratlar ölkəmizin coğrafi ərazisinə, onun iqliminə, mədəniyyətinə, incəsənətinə, milli adət və ənənələri ilə tanışlıqdan doğan istəklərin ifadəsidir. Bakı da ev sahibliyi edəcəyi müsabiqənin yüksək təşkilinə bütün gücünü səfərbər edib. Elə builki təmsilçimiz də öz ifası ilə qalibiyyətə doğru addımlayır. Avropa Yayımları Birliyinin nümayəndələri təmsilçimiz Səbinə Babayevanın ifasını yüksək qiymətləndirməsi məlumdur. "Builki mahnınız da çox güclüdür" - deyə "Eurovision" Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand Səbinə xanımın maraqlı şou göstərəcəyini və hətta qalib olacağını belə müsahibələrinin birində vurğulamışdır. "Eurovision" Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker "Azərbaycan bu il də öz çıxışı ilə fəxr edə bilər"- deməsi də ümid doğurur. O, bu fikri deməklə hər il Azərbaycanın "Eurovision" Mahnı Müsabiqəsinə möhtəşəm mahnılar bəxş etməsinə söykənir. Bu və ya digər fikirlərdən, eləcə də, Azərbaycanın nailiyyətləri bizi qələbə ümidinə səsləyir. Müsabiqənin tarixindən bizə bəllidir ki, iki il ardıcıl eyni dövlət qalib ola bilər. 1973-cü ildə bu hadisə baş verib. Belə ki, 1972-ci ildə ölkəsinə qələbə gətirən lüksemburqlu ifaçı Viki Leandrosun uğuru 1973-cü ildə də təkrarlanıb. "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi etmək şansını bu dəfə Lüksemburqa Ann-Mari David qazandırır. Odur ki, qələbələri tarixinə yazan Azərbaycanı - Bakını bəlkə də 2013-cü ildə yenidən ev sahibliyi etmək şansı gözləyir.

NƏZAKƏT

Digər xəbərlər