Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Erməni cinayətləri silsiləsindən - Ağdaban faciəsi" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini Sərraf Hüseynov bildirib ki, ermənilərin soyqırımı əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı Qarabağın dilbər guşəsi olan Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır.
Onun sözlərinə görə, Kəlbəcər rayonunun Ağdaban kəndinin sakinləri bu soyqırımı cinayətinin qurbanları sırasında yer alır. "1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə erməni separatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itgin düşdü, 12 nəfərə ağır bədən xəsarətləri yetirildi. Bu bir kəndin sakinlərinə qarşı tutulmuş amansız və insanlıq adına sığmayan divan idi", - deyə o əlavə edib.
Tədbirin davamında çıxış edən gənclər qeyd ediblər ki, Ağdaban faciəsi bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biri kimi canlı şahidlərin yaddaşında silinməz izlər qoyub. Bildirilib ki, bu törədilən cinayət faktı tarixin elə də uzaq səhifələrində yer almayıb. Faciənin şahidləri bu gün də yaşayır və insanlığın vəhşicəsinə məhvinə yönələn hərəkətlərin edilməsi faktları bugün təzədir.