Bu gün Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri hər iki ölkənin milli-mənəvi və tarixi maraqlarına uyğun şəkildə uğurla davam etdirilir. Ölkəmizi müstəqil dövlət kimi birinci olaraq tanıyan qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, ölkələrimizin həyatında olan hər bir uğur birgə nailiyyət kimi dəyərləndirilmişdir.
Belə ki, dövlət başçılarımız çoxsaylı bəyanatlarında vurğulayıblar ki, Azərbaycanın artan gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür. Və əlbəttə ki, bu çərçivədə səmimi, qardaşlıq münasibətlərinin inkişafı ölkələrimizin bir çox regionları, şəhər və rayonları arasında da əlaqələrin möhkəmlənməsini ehtiva edir. Belə əlaqələrdən biri də Türkiyənin Tartus şəhəri ilə qurulub. Qeyd edək ki, Türkiyə Respublikasının Tarsus şəhərinin nümayəndə heyəti Xətai rayon icra hakimiyyətinin dəvəti ilə Bakıya səfərə gəlib.
İlk olaraq, Xətai rayon icra hakimiyyətində Tarsus şəhərinin nümayəndə heyəti ilə qarşılıqlı, səmərəli görüş keçirilib. Qonaqları salamlayan icra hakimiyyətinin başçısı Razim Məmmədov vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli qardaşlıq münasibətləri bütün dünya dövlətləri üçün örnək təşkil edir: "Ulu Öndərimiz Heydər Əliyevin "Bir millət - iki dövlət" adlandırdığı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər həm dövlətlərimizin inkişafına xidmət edir, həm də bölgədə və regionda təhlükəsizliyin təmin olunmasına töfhələr verir".
Tartus şəhərinin bələdiyyə başqanı Burhanettin Koçamaz isə iki qardaş dövlət arasında əlaqələrin inkişafından məmnunluqlarını ifadə edib: "Azərbaycan və Türkiyə dövlətləri ən çətin zamanlarında belə, bir-birinə yardım edib, əlaqələrimiz tarixin mürəkkəb sınaqlarından uğurla çıxıb. Tarsus şəhəri və Xətai rayon arasında 2007-ci ildə əsası qoyulan bu əlaqələr bu gün də yüksək inkişaf dövrünü yaşayır".
Dünən isə Tarsus şəhəri nümayəndə heyəti Fəxri Xiyabana gələrək Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüblər. Eyni zamanda, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər. Qonaqlar şəhərimizdə yerləşən Atatürk abidəsini də ziyarət ediblər.
RÖVŞƏN