PDF Oxu

Sosial

  • 9

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi...

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətsizliyi, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı bu qurumun real addımlar atmaması Minsk Qrupunun formatının dəyişdirilməsi ilə bağlı fikirlərin gündəmə gəlməsinə səbəb olub. Belə bir əvəzetmənin baş verəcəyi təqdirdə, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa prinsipial addımların atılması mümkündürmü? Politoloq Elçin Mirzəbəyli bizimlə söhbətində dedi ki, ATƏT-in Minsk Qrupunun əsas fəaliyyəti prosesdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq konkret addımlar atsın.

E.Mirzəbəylinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyəti məhz BMT-nin mandatı əsasında həyata keçirilir. BMT regional təşkilat kimi ATƏT-ə mandat verib ki, bu prosesin tənzimlənməsində iştirak etsin. Burada ATƏT-in Minsk Qrupunun əsas fəaliyyəti prosesdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq konkret addımlar atmaqdır. Bu missiyanı həmsədr ölkələr tam şəkildə yerinə yetirmirlər. Yəni, işğal prosesində digər dövlətlərə tətbiq olunan sanksiyalar Ermənistana qarşı tətbiq olunmur. Təbii ki, bu da əsas verir ki, Azərbaycan növbəti dəfə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası qarşısında məsələ qaldırsın ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin məqsədyönlü fəaliyyətsizliyinə hüquqi qiymət verilsin. Fikrimcə, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlər, yəni Rusiya ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. BMT Təhlükəsizlik Şurasında qəbul olunan istənilən qərara bu dövlətlərin qorunmaq hüquqları var. Bu baxımdan, əgər hər hansı bir dövlət BMT Təhlükəsizlik Şurasında qəbul olunan qərara daimi üzvlərdən veto qoyarsa, həmin qərarın icrası mümkün olmayacaq. Bu da bir sıra ciddi hüquqi problemlər yaradır. Bu məsələnin mahiyyəti ondan ibarətdir ki, bu gün münaqişənin hansı müstəviyə çıxarılmasından asılı olmayaraq, veriləcək istənilən qərar BMT Təhlükəsizlik Şurası çərçivəsində həyata keçəcək. Bu da ATƏT-in Minsk Qrupunda həmsədr ölkələrin və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərin ədalətsiz münasibəti və ya veto hüququndan istifadə etmələri nəticəsində sözügedən münaqişənin bu və ya digər şəkildə ədalətli həllinə mane ola bilər. Yəni, formatın dəyişdirilməsi ilə biz nəyə nail ola biləcəyik?! Demək olar ki, bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin bütövlükdə fəaliyyəti və Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər donduraraq saxlaması, status-kvonun qorunub saxlanmasında maraqlı olmadıqlarını elan etdikləri təqdirdə, status-kvonun özü artıq bu problemin həmin dövlətlərin iştirakı ilə həllini mümkünsüz edir. Burada təmsil olunan üç daimi həmsədr, o cümlədən, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, həmin təşkilatın qəbul etdiyi qətnamələrə uyğun olaraq, addımlar atmalıdır. Eyni zamanda, Rusiya dəfələrlə bəyan edib ki, həmsədr ölkələrin digər prezidentləri ilə birgə verilən bəyanatlarda status-kvonun qorunub saxlanması düzgün deyil. Yəni, status-kvo dəyişməlidir. Lakin Rusiyanın rəsmiləri Azərbaycana səfər etdikləri zaman bildirirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli uzun vaxt tələb edir. Burada uzun vaxtın da konkret bir müddəti olmalıdır. Bu baxımdan, Azərbaycan üçün, təbii ki, sülh danışıqlarını davam etdirməklə yanaşı, əsas olan nəticədir, atılacaq addımlar nəticəsində özünün silahlı qüvvələrinin potensialını daha da gücləndirməsi və öz ərazilərini başqa çıxış yolu qalmayacağı təqdirdə, işğaldan hərbi yolla azad etməsidir. Bunun üçün ilkin başlanğıc olaraq, Azərbaycan dövlətinin indi təqdim etdiyi mövqe çox düzgün və ədalətlidir. Çünki BMT Təhlükəsizlik Şurası və Assambleya çərçivəsində Azərbaycan tərəfi məsələ qaldırıb ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların müddətsiz olmamalıdır. Yəni, sazişin imzalanması üçün konkret bir zaman olmalıdır. Bu da, o deməkdir ki, bir və ya iki ilə ərzində saziş imzalanacaq. Bir sözlə, bu mövqenin üzərində israrlı dayanmaq lazımdır. Əgər bu müddət məsələsində Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsələr, onda o zaman Azərbaycanın BMT Nizamnaməsinə uyğun olaraq, özünün ərazilərini işğaldan azad etmək üçün tam hüququ var.


GÜLYANƏ

Digər xəbərlər