BSU-da tələbələrin hərtərəfli inkişafı, dünyagörüşünün daha da genişləndirilməsi məqsədilə çoxsaylı tədbirlərin, layihələrin həyata keçirilməsi artıq ənənə şəklini alıb. Belə layihələrdən biri də "Səfir saatı"dır. Layihə çərçivəsində respublikamızda akkreditə olunmuş səfirlərlə mütəmadi olaraq görüşlər keçirilir. Bu dəfə də "Səfir saatı" klubu öz ənənəsinə sadiq qalaraq növbəti qonağını - ATƏT-in Bakı ofisinin rəhbəri cənab Koray Tarqayı qəbul edib.
Görüşü giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev tədbir iştirakçılarını salamlayaraq, qonağı auditoriyaya təqdim edib. Qonağa dəvəti qəbul etdiyi üçün öz təşəkkürünü bildirən Kamal müəllim kollektiv adından onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. Dəvət üçün təşəkkürünü bildirən Koray bəy Azərbaycan gəncləri ilə ünsiyyətdə olmaqdan böyük zövq aldığını və buna Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin də təsiri olduğunu, Azərbaycanda Türkiyəni təmsil etməsə də, özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirib. Daha sonra səfir diplomat peşəsinin çətinliklərindən, özünün 40 ilə yaxın diplomatik fəaliyyətindən geniş söz açıb. Tələbələrə isə öz peşələrini sevməyi tövsiyə edib, insanın öz ölkəsinə xidmət etməsinin həm şərəfli iş, həm də böyük zövq olduğunu bildirib. Ölkəmizin ATƏT-lə əməkdaşlığına toxunan səfir Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini deyib və ATƏT-in Bakı ofisinin fəaliyyətinin ölkəmizdə dövlət quruculuğu, demokratikləşmə proseslərinə yaxından yardım etmək, qarşılıqlı əməkdaşlığı daha da genişləndirilmək məqsədi daşıdığını bildirib. Bir neçə gün bundan öncə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi məsələsinin müzakirəyə çıxarıldığına toxunan cənab səfir, müzakirədə ATƏT-in Bakı ofisinin nümayəndələrinin də iştirak etdiyini qeyd edib. Səfir rəhbərlik etdiyi ATƏT-in Bakı ofisinin bölgələrdə də geniş fəaliyyət göstərdiyini və qurumun nəzdində bir çox bölgələrdə hüquq məsləhətxanalarının da açıldığını bildirib. Azərbaycanın hazırda inkişafı üçün çoxsaylı islahatların həyata keçirildiyini, hər qəbul edilən yeni qanun layihəsinin bir islahat olduğunu, müstəqillik əldə olunduğu vaxtdan bugünədək ölkəmizin böyük inkişaf yolu qət etdiyini bildirib. Azərbaycan-Türkiyə münasibətlərindən danışan səfir Ulu Öndər Heydər Əliyevin Türkiyə və Azərbaycanın "bir millət-iki dövlət" olduğu sözlərini bir daha təkrarlayaraq Azərbaycanın diplomatik nümayəndəlikləri olmayan ölkələrdə Türkiyə səfirliklərinin bizim vətəndaşlara yardım etməyə daim hazır olduğunu dilə gətirib. Tədbir iştirakçılarının çoxsaylı suallarını məmnuniyyətlə cavablandıran səfir Koray Tarqay tədbirin sonunda "Fəxri Qonaqlar Kitab"ına ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkli çəkdirib.
ZÜMRÜD