Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu İranın Fələstin kimi Dağlıq Qarabağ məsələsindən də siyasi spekulyasiya məqsədi ilə istifadə etməsinə münasibət bildirib. SİA politoloqun məqaləsini dərc edir:
İranda müəyyən bir qrup adam Fələstin məsələsi kimi Dağlıq Qarabağ məsələsini də siyasi spekulyasiya predmetinə çevirmişdir. Siyasi spekulyasiya predmeti kimi Dağlıq Qarabağ məsələsi ilə Fələstin məsələsinə münasibətdə fərq mövcuddur. Fələstin məsələsindən İran uzun müddət istifadə etdi, islam dinini, islam həmrəyliyini açıq-aşkar istismara məruz qoydu. Həmçinin Fələstin məsələsi İranda Ali dini liderdən tutmuş kiçik uşağadək, ölkənin ən şimalından başlayaraq ən cənubunadək hamının bildiyi bir məsələdir. Bununla yanaşı Fələstin məsələsi az pul xərcləməklə böyük piar kampaniya aparılmasına görə Ginnesin rekordlar kitabına düşə bilər. İranın Fələstin haqqında bu qədər danışmasına baxmayaraq, İranla Fələstinlə arasındakı iqtisadi parametrlər "sıfır" hüdudlarındadır.
Dağlıq Qarabağ məsələsində parametrlər kiçikdir, məhdudiyyətlər mövcuddur. İranın yüksək rəhbərliyində elə şəxs var ki,Dağlıq Qarabağ terminini bəlkə də son 15 ildə dilinə gətirməyib.Ola bilər məhz Qarabağ məsələsinə belə münasibət İranın Fələstin məsələsində tutduğu mövqeyinin səmimiliyinə şübhə yaratdı. Az sonra bütün islam dünyası, o cümlədən Fələstin liderləri İrandan uzaqlaşdılar. Sərhədinin dibində şiə torpağının işğalına göz yuman İranın 700-800 kilometr aralıda Fələstin torpağının azadlığı uğrunda mübarizə aparacağına ancaq axmaqlar inana bilər.
İranın təbliğatçıları Qarabağ məsələsində əndazəni tez-tez aşırlar. İranın Dağlıq Qarabağ məsələsinə mövqeyi erməniləşdikcə təbliğatçılar bunun əksini daha inadla və böyük enerji ilə təkid edirlər.
İranın Bakıdakı səfiri Qarabağ məsələsi barədə danışarkən eynilə Ermənistandakı həmkarı kimi danışmağa başladı. Sanki İranın Dağlıq Qarabağ məsələsində vasitəçiliyinə Ermənistan yox, Azərbaycan maneçilik edib. Öz vasitəçiliyini "dostu", "strateji müttəfiqi", "tarixi qardaşı", "eyni mədəniyyətin daşıyıcısı" adlandırdığı Ermənistana qəbul etdirə bilməyən İran Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini qəbul etdi. İndi onun reallaşması uğrunda mübarizə aparır.
Moskvada yaşayan, İranın müəyyən qüvvələrilə sıx əlaqəsi olan H.Camalın erməni jurnalist N.Gevorkovanı Bakiya o cümlədən, Nardarana gətirməsi İranın erməni maraqlarına xidmət etməsinin aydın sübutlarından biridir.
Bəzən öz səviyyələrini aşağı salan məlumatlardan istifadə edirlər. Guya hansısa jurnalist tutulmasaydı, Xocalı faciəsindən belə yazacaqdı və ya belə süjet hazırlayacaqdı. Bu il Xocalı soyqırımı hətta ABŞ Konqresində qeyd olunsa da, İranda heç yerdə qeyd olunmadı. Mətbuatın yaydığı məlumatdan bəlli olur ki, İrandakı Azərbaycan səfirliyinin və konsulluğunun keçirdiyi tədbirlərdə də İran rəsmiləri və İran parlamentinin deputatları iştirak etməyiblər.
Belə halda İranın "abır"a dini və mənəvi kateqoriya kimi yanaşmadığının şahidi oluruq. Hər-halda "abır" siyasi kateqoriya deyil. Siyasi kateqoriya olsaydı belə, İran ona Azərbaycan Respublikası ilə münasibətlər kontekstindən neqativ münasibət göstərəcəkdi.
İranın Dağlıq Qarabağ məsələsinə münasibətdə spekulyasiyaya son qoymasının vaxtı çatıb. Qabaqdan daha qəliz dövr gəlir. Söhbət İrana qarşı ehtimali müharibədən getmir; bizim o müharibədə işimiz yoxdur, sözümüzü demişik: Nəzarətimiz altında olan ərazilərimizdən heç bir şərt daxilində heç kimə İrana qarşı istifadə etməyə imkan verməyəcəyik. Qəliz dövr dedikdə İranla Türkiyə arasındakı münasibətlərin gərginləşmə ehtimalını nəzərdə tuturuq. İran hətta ritorikasında özünü Türkiyəyə uzun müddət dost kimi təqdim edə bilmədi, bu ölkə ilə ritorik dostluğun da ömrünü qət etməyə məcbur oldu. Bu irançılığın mahiyyətindən irəli gəlir. İran heç bir qonşusu ilə normal münasibətdə deyil və ola da bilməz. Bu natura əvvəldən qonşulara düşmənçilik üzərində qurulub: 1967-ci ildə yəhudilərə ərəb torpağını oğurlamaqda kömək etdi; Azərbaycan torpağının işğalı işində 1990-cı illərdən ermənilərin yanında oldu. İran İsraillə olan münasibətlərini ötən əsrin 1980-ci illərin ortalarından minimuma endirsə də, Azərbaycan torpaqlarının işğalından 20 ildən çox bir zamanın ötüb keçməsinə baxmayaraq, hələ də İran ermənilərlə müttəfiqliyini nəinki azaltmır, əksinə artırır.
Türkiyənin Baş naziri R.T.Ərdoğanın İranın ünvanına səsləndiyi fikirlər onun eynilə İsrail və Fransa ilə münasibətləri korlamazdan əvvəlki çıxışlarını xatırladır. Əgər İran yaxın vaxtlarda Türkiyəyə qarşı münasibətini dəyişib səmimi etməyəcəksə, Ərdoğan başda olmaqla Türkiyə hökuməti İrana qarşı sərt siyasət aparacaqdır. Bu zaman Ərdoğan hökuməti Azərbaycandan da analoji addımlar atmağı tələb edə bilər. Yeri gəlmişkən, İranın təbliğat maşını Azərbaycan Respublikası və onun rəhbərliyi üçün problemlər yaratmaq məqsədilə Türkiyənin həm İsrail, həm də Fransa mövzusu üzrə Azərbaycana təzyiqlərinə dəstək vermişdir.
Azərbaycan müstəqil olduqdan sonra ilk dəfə olaraq Türkiyə ilə İran arasında münasibətlər gərginləşir və bu gərginləşmənin də günahı İrandadır.
Türkiyə İran-Azərbaycan münasibətləri üçün ABŞ və ya Rusiya deyil: Cənubi Azərbaycan əhalisi dərhal ruhlana bilər. Türkiyə Qarabağ mövzusu üzrə İrana müxtəlif növlü təzyiqlər edə, o cümlədən İran ərazisi vasitəsilə işğal olunmuş ərazilərə dinc yürüşlərin təşkili məsələsini qaldıra bilər. Türkiyə siyasətinin aparıcı xüsusiyyətlərindən biri də təzyiqlərə başlayarkən ətalətli, təzyiqlər başladıqdan sonra isə sürəkli olmaqdır. O baxımdan Azərbaycan Respublikası İran İslam Respublikasının arzuladığı kimi böyük təzyiqlə üzləşəcək, amma bu təzyiqdə Azərbaycan Respublikası aralıq və ya ötürücü məkandır. Sonda təzyiq İranın ərazisindən cəmləşəcəkdir. Yaranacaq effekti modelləşdirməklə İran analitikləri özləri məşğul olsunlar. Göründüyü kimi Dağlıq Qarabağ məsələsindən İranın spekulyasiyanı dayandırması onun üçün həyati zərurətə çevrilir.
İran Hörmüz boğazında heç bir əhəmiyyəti olmayan təlim keçirməklə ABŞ-ın gəmilərini ora yenidən qaytardı. İran Fələstindən danışa-danışa müsəlman dünyasının gözündən düşdü və Fələstin ritorikası əlindən çıxdı. Çox belə misallar çəkmək olar. İran nə addım atırsa, əks-effekt yaradır. İranın Qarabağ məsələsilə bağlı tutduğu mövqe də əks-effekt yaratmağa başlayır. Bunu nəzərə alsınlar. Onu da nəzərə alsınlar ki, İranın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirakı bizim üçün ən arzuolunmazdır. Xristianla əməkdaşlıq edib Qarabağ torpağını azad etmək İran kimi müsəlman dövlətlə eyni məsələ üzrə əməkdaşlıq etməkdən qat-qat halaldır. İran bir tikəni min dəfə başa qaxınc edən dövlətdir.