PDF Oxu

Sosial

  • 14

Davamlı sosial-iqtisadi inkişaf

Davamlı sosial-iqtisadi inkişaf

Dünən Səbail rayon icra hakimiyyətində ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon icra hakimiyyəti başçısı yanında şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olundu. İclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkə Prezidenti cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunan iclası barədə ətraflı məlumat verdi.

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan A.Əsgərov onu da vurğuladı ki, 2012-ci ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən istehlakçılara 6.921,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Nəqliyyat müəssisələri tərəfindən 148,6 milyon manatlıq, rabitə müəssisələri tərəfindən 211,6 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz çox rabitə xidmətləri göstərilmişdir. 2012-ci ilin ilk üç ayı ərzində əhaliyə 161,0 milyon manatlıq istehlak malları satılmış və ya pullu xidmət göstərilmiş, bu da ötən illə müqayisədə 19,2 faiz çoxdur. İlin əvvəlindən əhaliyə 129,8 milyon manatlıq istehlak malları satıldığını deyən A.Əsgərov rayonda çalışan işçilərin sayının 98670 nəfər, orta aylıq əmək haqqının məbləğinin isə 846,8 manat olduğunu bildirdi. Rayon başçısının sözlərinə görə, cari ilin birinci rübü ərzində rayon ərazisində 363 yeni iş yeri açılmışdır ki, bunlardan hamısı daimi iş yerləridir.

Cari ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurma işlərinin müvəffəqiyyətlə davam etdirildiyini söyləyən A.Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Səbail rayonu ərazisində "Bakıelektrikşəbəkə" ASC-nin "İçərişəhər" yarımstansiyasının və beşulduzlu "CW Marriott Abşeron" mehmanxanasının açılış mərasimlərinin keçirildiyini bildirdi: "Hazırda rayon ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, "Alov qüllələri" kompleksinin, "Four Seasons" mehmanxanasının, Zərifə Əliyeva küçəsində "İş Adamları Mərkəzi"nin, MTN-nin yeni hospitalının və Oksford məktəbi üçün yeni tədris korpusunun, İncəsənət Muzeyi üçün əlavə korpusun, "Azadlıq" Meydanında yeraltı və Fəvvarələr Meydanında yerüstü qarajların tikintisi aparılır. Neftçilər prospektində və Bayraq Meydanına uzanan magistral yolda yeni yeraltı keçidlər inşa olunur. Badamdar qəsəbəsində yeni su anbarlarının, mərkəzdə "Cənub" mehmanxanasının sökülərək, yerində 7 mərtəbəli yeni mehmanxananın tikintisi işləri aparılır. Artıq "Yeni Bayıl" və "Bayraq Meydanı" yarımstansiyaları istifadəyə verilmişdir. 20-ci yaşayış sahəsində "Bibiheybət" stadionu əsaslı şəkildə yenidən qurulur, Dövlət Filarmoniyasının binasındakı təmiri başa çatmış, Dövlət Musiqili Komediya Teatrının, Səadət Sarayının binasının, Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri aparılır, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün 146 mənzilli yeni binanın inşası, mərkəzdə yaşayış binalarının fasadlarının üzlənməsi və təmiri, səkilərə dekorativ daş düzülməsi işləri davam etdirilir. "Şəhidlər Xiyabanı" Kompleksinin bir hissəsində əsaslı təmir-yenidənqurma işləri, şəhərimizin simvollarından biri olan Bakı Funikulyorunun tam şəkildə yenidən qurulması, Səbail rayonunun rəmzi olan "Qız qalası"nda mərhələlərlə bərpa və konservasiya işləri aparılır. Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Bulvarın Bayraq Meydanı istiqamətində genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması işləri böyük sürətlə davam etdirilir. "Eurovision" Mahnı Müsabiqəsinə hazırlıqla bağlı rayon ərazisində genişmiqyaslı işlər həyata keçirilir".

Cari ilin ilk 3 ayı ərzində 430 ailənin ünvanlı sosial yardım almaq üçün müraciət etdiyini deyən rayon başçısı bildirdi ki, hər bir ailə üzvünə 27,90 manat olmaqla, orta hesabla hər bir ailəyə 115,10 manat sosial yardım təyin olunmuşdur. Həmçinin, iclasda əldə olunan nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri barədə də məlumat verildi, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər