Xəbər verdiyimiz kimi, aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Toplantıda ölkəmizin cari ilin ilk 3 ayında sosial-iqtisadi mənzərəsi müzakirə olunub, əldə edilən uğurlar və həll olunması vacib olan problemlərə aydınlıq gətirilib.
Prezident İlham Əliyev hökumətin toplantısında ilk 3 ayda əldə olunan uğurlara toxunaraq, bütün sahələrdə yeni nailiyyətlərin əldə olunduğunu bildirib. Müşavirədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da ciddi aparılmasını və bu sahədə müvafiq göstərişlərin verildiyini, sərəncamların imzalandığını vurğulayıbdır: "Biz korrupsiyaya və rüşvətxorluğa qarşı daha da geniş və ardıcıl mübarizə aparmalıyıq, aparırıq və aparacağıq".
Qeyd edək ki, son vaxtlar korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan sərt mübarizə tədbirləri özünün müsbət nəticələrini verməkdədir. Bizimlə həmsöhbət olan millət vəkilləri təşkilat sədrləri də həyata keçirilən işlərin önəmindən və vermiş olduğu müsbət nəticələrin doğurduğu ictimai maraqdan bəhs ediblər.
İsa Həbibbəyli: "Azərbaycan özünün malik olduğu yüksək xüsusiyyətləri ilə bütün dünya üçün örnəyə çevrilib"
Milli Məclisin üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru, professor İsa Həbibbəyli davamlı olaraq korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət strukturlarında və aidiyyətli orqanlarda tədbirlərin, kollegiya iclaslarının keçirildiyini və şəffaflığın daha aydın formada təmin edilməsi üçün atılan addımların bütün cəmiyyət tərəfindən izlənildiyini vurğuladı. Bildirdi ki, həmin iclaslarda toxunulan məsələlər və qarşıya qoyulan konkret tapşırıqlar və həyata keçirilməsi vacib olan işlər idarəçilik sistemindəki qarışılıqlı münasibətlərə artıq öz töhfəsini vermiş olub. İ.Həbibbəyli ölkəmizdə korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizənin proqram xarakterində həyata keçirilməsilə bağlı və həmin xarakterli fəaliyyət planından irəli gələn konkret məsələlərin həllini tapdığını önə çəkdi. Professor neqativ hallara mövcud olan ölkələrdə, onların iqtisadi inkişafında, siyasi arenada irəliləməsində, sosial proqramların icra olunmasında, infrastruktur layihələrinin yerinə yetirilməsində durğunluqların yarandığını və bunun da təbii olaraq, insanların haqlı narazılıqlarına səbəb olduğunu söylədi.
Aydın Hüseynov: "Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətimizin idarəçilik strategiyası demokratik dəyərlərə və şəffaf prinsiplərə söykənir"
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, Aydın Hüseynov da bizimlə söhbətində korrupsiyaya və rüşvətxorluğa qarşı dövlətimizin həyata keçirdiyi zəruri işlərin qarşılığında əldə olunan müsbət uğurların əhəmiyyətindən danışdı. Bildirdi ki, sözügedən məsələ dövlət başçısının daim diqqət mərkəzində olub. Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə ölkə Prezidenti korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daim diqqət mərkəzində olduğunu bildirdi: "Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır".
"Artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyində bu cür rolunun yüksək olmasını dünya birliyi də qəbul edib" deyən A.Hüseynov davamlı inkişaf strategiyasının müsbət nəticələrinin hələ bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırdı. Korrupsiyaya və rüşvətxorluğa qarşı bu cür əks tədbirlərin həyata keçirilməsi hamı kimi bizlər tərəfindən də təqdirəlayiq hal kimi qiymətləndirildi. Dövlətimizin bu cür hallara qarşı görmüş olduğu tədbirlərdən və atmış olduğu addımlardan əlavə, cəmiyyət üzvlərinin də bu məsələdə aktiv olması vacibdir. Çünki ölkəmizin inkişafının tendensiyalarına təsir edən ən xırda neqativ hala qarşı belə sərt mövqenin olması labüddür. Məhz Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli müstəqilliyimiz və dövlətimizin idarəçilik strategiyası da demokratik dəyərlərə, şəffaf prinsiplərə söykənir. Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin də, ölkəmizdə apardığı çox böyük uğurlu iqtisadi siyasətlə, həyata keçirdiyi analoqu olmayan iri layihələrlə dövlətimizin daha da qüdrətlənməsini, beynəlxalq arenada gücünün artmasını təmin edir. Ona görə də, ölkəmizdə görülən böyük işlərə hər hansı bir uyğunsuzluqla kölgə salmaq mümkün deyil.
Ərəstun Cavadov: "Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri müsbət nəticələrini verməkdədir"
Milli Məclisin üzvü Ərəstun Cavadov da, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə məsələlərinin öz aktuallığını saxladığını qeyd etdi. Cəmiyyət tərəfindən də çox yüksək səviyyədə diqqətdə saxlanılan bu məsələnin artıq öz müsbət nəticələrini verdiyini bildirən Ə.Cavadov ölkəmizdə bu cür neqativ hallara qarşı mübarizənin bir kampaniya xarakterli olması ilə bağlı səslənən fikirlərlə qəti şəkildə razılaşmadığını söylədi. "Gündəlik həyatımızda hər bir vətəndaşın bu cür hallara qarşı öz iradəsini bildirməsinin vacibliyi, cəmiyyətimizin belə məqamlarda bir qədər aktiv olması lazımi strukturların işinə köməklik göstərmələri də məqbul hallardandır. Həmçinin, bu cür hallara qarşı digər məqamlarla yanaşı, mənəvi prinsiplərin də öz aktuallığını saxlaması, həm subyektiv, həm də obyektiv amillərin mövcud olması vacib amillərdəndir. İctimai qınağın olması, cəmiyyət üzvlərinin bir qədər fəallıq göstərmələri müəyyən töhfələrin verilməsi ilə nəticələndi" deyən Ə.Cavadov korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin müsbət nəticələrini ictimaiyyətin də diqqət mərkəzində olduğunu və yüksək qiymətləndirildiyini söylədi.
RƏFİQƏ KAMALQIZI