Hazırda ölkəmizdə sahibkarlığın, özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. İqtisadiyyatın şaxələndirilməsi, digər iqtisadi fəaliyyət sahələri ilə yanaşı, özəl bölmənin daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin və müəssisələrin yaradılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan prioritet istiqamətlərdən sayılır. Özəl iqtisadi fəaliyyət sahəsində azad, sağlam rəqabət mühitinin yaradılması, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək milli sahibkarlar zümrəsinin formalaşması həm dövlətin, həm də cəmiyyətin marağındadır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün özəl sektora göstərilən dəstək öz layiqli bəhrəsini verir, qeyri-neft sənayesinin, xidmət sferasının, sosial infrastrukturunun daha da inkişaf etməsinə gətirib çıxarır. Ölkəmizin sosial-iqtisadi tərəqqisi özəl sektorun inkişafını sürətləndirməklə yanaşı, bu istiqamətdə vətəndaş təşəbbüslərinin genişlənməsinə əlverişli zəmin yaradır. Hazırda həm hüquqi, həm də fiziki şəxslər, sosial-iqtisadi fəaliyyət təmayüllü QHT-lər bu imkanlardan geniş şəkildə yararlanırlar, özəl bölməni, sahibkarlıq fəaliyyətini müəyyən mənada, ictimai nəzarətdə saxlayırlar. Belə təşəbbüslər, özəl müəssisələrə, sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi ilə yanaşı, ictimai nəzarət mexanizminin mövcudluğu, ümumilikdə, sözsüz ki, müsbət təqdirəlayiq haldır. Bu, həm özəl sektorun təmsilçilərində, sahibkarlarda sosial məsuliyyət hissini artırır, həm də çoxşaxəli istehsal fəaliyyəti sferasında keyfiyyətin daha da yüksəlməsinə səbəb olur. Bununla yanaşı, ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsullar rəqabətə davamlı olur, dünya bazarında daha geniş yer tutur.
Təəssüf ki, bütün bu imkanlardan sui-istifadə edən, "istehlakçıların hüquqlarını müdafiə" adı altında özəl müəssisələrin işinə, sahibkarların fəaliyyətinə çox zaman yersiz, qanunsuz müdaxilə edən bəzi QHT-lər, qeyri-hökumət qurumları da var və bunlardan biri də Azad İstehlakçılar Birliyidir. Azad İstehlakçılar Birliyi və onun sədri Eyyub Hüseynov, həmişə olduğu kimi, yenə də sözdə istehlakçıların qayğısına qalır, bazarlarda, ticarət, iaşə, istehsal müəssisələrində keçirdiyi saysız-hesabsız yoxlamaları, monitorinqləri "ictimai zərurət"lə əsaslandırmağa çalışır. Bəzən bu "qayğı və təşəbbüskarlıq" o qədər həddini aşır ki, adıçəkilən qurumun sədri E.Hüseynov bazarda müxtəlif məhsulların qiymətinin 6-7 faiz azaldılmasına nail olacağını bildirir və bəyan edir ki, bu azı 8 ay davam edən monitorinq nəticəsində gerçəkləşdiriləcək. Əlbəttə, bazarda bu və ya digər məhsulun qiymətinin mümkün qədər aşağı, əlçatan olmasını hər bir istehlakçı, hər bir potensial alıcı istəyir. Lakin bunu indi orta məktəb şagirdi də bilir ki, qiyməti, məhsulun alıcılıq qabiliyyətini bu və ya digər qeyri-rəsmi ictimai nəzarət qurumu, o cümlədən, Azad İstehlakçılar Birliyi deyil, bilavasitə, tələb və təklif müəyyənləşdirir. Əgər hər hansı bir məhsulun qiyməti süni şəkildə qaldırılırsa, yəni real bazar qiymətindən daha yüksək qiymətə təklif olunursa, bunun qarşısını almaq üçün çox fərqli, effektli, təcrübədə özünü kifayət qədər doğrultmuş üsullar var. Bu mənada, əslində, mövcudluğu yalnız E.Hüseynovdan ibarət olan Azad İstehlakçılar Birliyi (AİB) nə səmərəli monitorinq aparmaq, nə də özəl sektorun fəaliyyətində uğurlu nəticələrə səbəb ola biləcək hər hansı səmərəli təşəbbüslə çıxış etmək iqtidarında deyil.
Bəlli olan odur ki, bu ictimai təşkilatın fəaliyyətindən artıq ciddi narazılıq var. Səbəb isə AİB-in həm ictimai, həm də hüquqi səviyyədə yol verilən səlahiyyət həddini aşması, satış, istehsal, xidmət müəssisələrinin fəaliyyətinə dəfələrlə təkrarlanan "yoxlamalar", qanunsuz müdaxilələrdir. Diqqəti çəkən odur ki, AİB qeyri-hökumət təşkilatı olmasına baxmayaraq, bilavasitə iqtisadi təyinatlı bu və ya digər dövlət qurumunun səlahiyyətlərində olan məsələlərə qarışır, heç bir xəbərdarlıq etmədən bir çox iri, orta və kiçik özəl müəssisələrin fəaliyyətini yoxlayır. Bəzən bu yoxlamalar həddən artıq yorucu, günlər, aylar ərzində təkrarlanan olur. Bir sıra hallarda isə, E.Hüseynovun şəxsən etiraf etdiyi kimi, 8 aydan 1 ilə qədər davam edir.
Bütün bunlar bəzi müəssisələrin haqlı etirazına səbəb olur. Belə görünür ki, "istehlakçıların hüquqlarını müdafiə edən" E.Hüseynov, əslində, korporativ maraqlarını güdür, bir sıra hallarda özəl sektorun təmsilçilərinin. Sahibkarların fəaliyyətinə, imicinə əsassız şəkildə kölgə salmaqla azad, sağlam rəqabət prinsipini etinasız bir şəkildə pozur.
Aşkar görünür ki, AİB "istehlakçıların hüquqlarını müdafiəsini" öz inhisarına alıb. Başlıca funksiyası iqtisadi sahədə azad, sağlam rəqabətin qorunması, təmin edilməsi olan İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti isə, faktiki olaraq, buna şərait yaradır. Qeyd olunan məqamlar və faktlar sübut edir ki, AİB bu gün ictimai qurum kimi, özəl sferada - istehsal və istehlak sahəsində inhisarçılıqla mübarizədə dövlətə, cəmiyyətə fəal dəstək vermək əvəzinə, özü qatı inhisarçıya çevrilib. Antiinhisar Siyasəti Departamenti bu quruma müvafiq yoxlamalarda iştirak və ya ayrıca olaraq belə yoxlamaları təşkil etmə imkanı yaratmaqla bilərəkdən, və ya bilməyərəkdən, istehlak sferasında inhisarçı kimi çıxış edən AİB-in himayəçisinə çevrilir, bununla da öz funksional vəzifələrindən xeyli uzaqlaşmış olur. Sözsüz ki, bu dövlət və cəmiyyət səviyyəsində xüsusi əhəmiyyət daşıyan antiinhisar bilavasitə cavabdehlik daşıyan dövlət qurumu üçün heç də müsbət, xoşagələn hal deyil.
Naib NİFTƏLİYEV