PDF Oxu

Sosial

  • 8

ARDNŞ-in Təhlükəsizlik İdarəsi Sulutəpədə söküntülərlə bağlı mətbuat konfransı keçirib

ARDNŞ-in Təhlükəsizlik İdarəsi Sulutəpədə söküntülərlə bağlı mətbuat konfransı keçirib

Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsi Sulutəpədə həyata keçirilən söküntülərlə bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, ARDNŞ-nin Hüquq İdarəsinin rəhbəri Elşad Orucov ötən gün Binəqədi rayonunda Sulutəpə ərazisində qanunsuz tikililərin sökülməsi ilə əlaqədar baş vermiş insidentin təfərrüatları barədə ətraflı məlumat verib. Hadisə ilə bağlı araşdırma aparıldığını deyən E.Orucov bildirib ki, hələlik bu insidentləri törədən şəxsin təqsiri sübut olunmalıdır. Onun sözlərinə görə, bu hər iki tərəfdən şəxslərin təqsiri sübut olunandan sonra onlar barəsində rəsmi məlumat verilə bilər.

İdarə rəhbəri qeyd edib ki, bu ərazilər "Binagadi oil" əməliyyat şirkətinə məxsusdur və qanunsuz tikililər səbəbindən yatağın işlənməsi layihəsinin iştirakçısı olan xarici tərəfdaş müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri ödəyə bilmir. ARDNŞ də öz növbəsində bu müqavilələr üzrə dövlət zəmanətini reallaşdırmır.

"Bu ərazilərdə araşdırma aparmışıq, orada olan qanuni ayırmalar, yəni dövlət tərəfindən qanuni verilən sərəncamlar müəyyən edilib, həmin ərazilər neft-qaz əməliyyatları ərazisindən çıxarılıb. Bu o deməkdir ki, kimlərinsə tikilisi qanunvericiliyin tələblərinə uyğun deyil, onlar özbaşına tikilidir. Özbaşına tikilinin taleyi isə qanunvericilikdə konkret verilib. Həmin ev də onu inşa edən şəxs tərəfindən sökülməlidir. Bu barədə beynəlxalq saziş 2005-ci ilin sentyabr ayında qüvvəyə minib. Amma saziş qüvvəyə minənə kimi Dövlət Neft Şirkəti orada neft-qaz əməliyyatları həyata keçirib. Bu o demək deyil ki, sazişdən əvvəl kimsə orada qanunsuz tikili tikibsə, onlara icazə verilməli və ya rəsmiləşdirilməlidir", - deyə o əlavə edib.

E.Orucov qeyd edib ki, qanunsuz tikililər daha əvvəllər tikilib, amma mədən ərazisinin mühafizəsi çox sonralar yaradılıb. Onun sözlərinə görə, qanunsuz tikililər həddindən artıq yayıldıqdan sonra belə bir idarənin yaranmasına məcbur olduq: "Amma Təhlükəsizlik İdarəsinin əsas məqsədi bu təhdidlərin qarşısını almaqdır. Dövlət Neft Şirkəti kommersiya qurumu kimi torpaqların mühafizəsini təşkil etməyə borclu deyil. Bu torpaqların üzərində dövlət mülkiyyəti var və bu obyektlərin qorunması üçün müəyyən məsul qurumlar mövcuddur. Vaxtilə həmin əraziyə bələdiyyələr sənəd verəndə həmin ərazinin rayon icra hakimiyyəti, polisi vardı. Onlar həmin vaxt hara baxırdı? Amma bələdiyyələr də öz sərəncamında yazıb ki, bu torpaq onlar təərfindən ayrılır, qanunvericilik hüququ olaraq vətəndaşlar tərəfindən tikinti razılaşdırılaraq həyata keçirilməlidir. Sulutəpədə bələdiyyə öz səlahiyyətini aşaraq icazə verib. Amma vətəndaş heç bələdiyyənin qərarına da əməl etməyib. Ona görə də məhkəmə işə baxarkən bütün halları araşdırır".

ARDNŞ-ın rəsmisi bildirib ki, məhkəmə qərarları insanların yaşadığı evlər üzrə qəbul olunur. Onun sözlərinə görə, qurum tərəfindən məhkəmələrə müraciət edilir, məhkəmə qətnamlərinin icrası isə onlar tərəfindən həyata keçirilir: "Hazırda 100-lərlə məhkəmə işi icrasını gözləyir. Heç bir sənədi olmadan yeni tikiliyə başlayanlara qarşı isə biz özümüz tədbir görürük".

Ərazidə yaşanan insidentə gəlincə, şirkət rəsmisi deyib ki, ötən gün mədən ərazilərində baş verən insident ARDNŞ işçilərinin hüquq-mühafizə orqanları ilə birlikdə qanunsuz tikintiyə mane olmaq niyyətləri ilə bağlı olub. Onun sözlərinə görə, ARDNŞ işçiləri öhdəliklərini yerinə yetirərkən qanunsuz tikililərin sahibləri tərəfindən aqressiv münasibət və güc tətbiqi ilə üzləşiblər. Özünü xəsarət alan kimi təqdim edən jurnalistlər isə qohumları ilə ARDNŞ işçiləri, hüquq-mühafizə orqanlarına qarşı təşkil edilən qarşıdurmanın iştirakçılarından biri olublar.

E.Orucov vurğulayıb ki, Dövlət Neft Şirkətinə aid olan ərazilərdə qanunsuz tikililərin sökülməsi ilə bağlı həyata keçirilən siyasətin əsas məqsədlərdən biri də bağlanan beynəlxalq sazişə əsasən üzərimizə götürülən öhdəlikləri təmin etmək və gələcəkdəki risklərin qarşısını almaqdır.

Digər xəbərlər