Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB)-ın İdarə Heyətinin sədri Murat Bakırın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevi yeni təyinatı münasibətilə ziyarət edərək, gələcək fəaliyyətində uğurlar arzuladılar.
Görüş zamanı bir millət - iki dövlət kəlamını xatırladan xidmət rəisi Azərbaycan ilə Türkiyə Respublikaları arasında, hər sahədə olduğu kimi, miqrasiya sahəsində də əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və ikitərəfli münasibətlərin gələcəkdə daha da artırılması üçün iş adamlarının qarşılaşdıqları problemlərin həllinə nəzarətin gücləndirildiyini vurğuladı.
Səmimi qəbula görə təşəkkürünü bildirən Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) İdarə Heyətinin sədri Murat Bakır "1994-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xeyir-duası ilə qurulan cəmiyyətimizə, hal-hazırda 50 mindən çox işçisi olan 300-ə yaxın yaxın şirkət üzvdür. Müxtəlif sektorlar üzrə fəaliyyət göstərən bu şirkətlər içərisində neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna milyardla manat sərmayə qoyan böyük şirkətlər də mövcuddur. Bununla yanaşı, bizim əsas hədəflərimizdən biri əlimizdən gəldiyi qədər bu rəqəmlərin daha yüksək nöqtəyə gəlib çatması üçün var güclə çalışmaqdır" deyərək cəmiyyətin fəaliyyəti haqqında qısa məlumat verən sədr, "Miqrasiya sahəsində qarşılıqlı əməkdaşlığa hər zaman hazır olduğumuzu nəzərinizə çatdırır və bu əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirməsini ümid edirik" dedi.
TÜSİAB İdarə Heyətinin sədr vəkili M. İhsan Ongun və baş katib Yasin Göral da, öz növbələrində, xidmət rəisinə dəyərli məlumatlarından ötrü təşəkkür edərək, yeni vəzifəsində ona uğurlar arzu etdilər.
Firudin Nəbiyev yeni hazırlanan qanun məcəlləsində iş adamlarının Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları və yaşamaları üçün müvafiq icazələrin verilməsi məsələləri ilə bağlı bəzi məqamlara təkrar nəzər yetiriləcəyini vurğulayaraq, "Məqsədimiz iş adamlarına problem yaratmaq deyil, daha çox yaranmış problemi aradan qaldırmaqdır. Bu səbəblə Azərbaycanda fəaliyyət göstərən irimiqsaylı qeyri-hökumət təşkilatı olan TÜSİAB-la əməkdaşlığımızı hər zaman davam etdirməyə hazırıq" deyən sədr sonda qonaqlara ziyarətlərinə görə minnətdarlığını bildirərək, TÜSİAB-a bu önəmli fəaliyyətində müvəffəqiyyətlər dilədi.