Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konfrans-sərgi keçirildi
Dünən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 89-cu ildönümünə həsr edilmiş konfrans-sərgi keçirildi. Tədbirdə çıxış edən AMEA-nın Mərkəzi- Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli Zərifə xanım Əliyevanı intellektual keyfiyyətləri özündə birləşdirən alim, böyük elmi axtarışlarla dolu ömür yolu keçmiş ictimai xadim, yüksək mənəvi keyfiyyətləri qoruyan görkəmli həkim, gözəl ana, vəfalı ömür-gün yoldaşı kimi qiymətləndirdi. İnsanlara olan humanizm duyğusunu seçdiyi peşəsində xüsusilə əks etdirdiyini vurğulayan Aybəniz xanım Zərifə xanım Əliyevanın göz həkimi kimi insanlara nur bəxş etməsini tarixin ona böyük tale və missiya olaraq verdiyini söylədi.
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Gülşən Əliyeva Zərifə xanım Əliyevanın Azərbaycanın əməkdar elm xadimi, parlaq alim və eyni zamanda, həssas, qayğıkeş pedaqoq, müdrik təşkilatçı olmasını diqqətə çatdırdı. Onun fundamental əsərlərinin, irsinin, elmi nailiyyətlərinin, pedaqoji təcrübəsinin daim tədqiqat obyekti olmasına səbəb olacağını söylədi. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar apararaq, dəyərli elmi-tədqiqat işləri hazırlamış elm xadiminin, həmçinin, zəngin tibbi biliyə və həyat müdrikliyinə dayanaraq, Azərbaycan tibb elminə yeniliklər gətirdiyini qeyd etdi. O bildirdi ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbirdə iştirak edən tarix elmləri doktoru Qasım Hacıyev akademik Zərifə Əliyevanın həm bir alim, həm də bir qadın kimi ömür və həyat yolu haqqında maraqlı məqamları vurğuladı.
Bildirildi ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə xanım Əliyeva çox zəngin həyat yolu keçmişdir. Zərifə xanım görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Zərifə xanım Əliyeva müstəqil dövlətimizin banisi və yaradıcısı, böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, etibarlı silahdaşı olmuşdur.
Qeyd olundu ki, Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Qayğıkeş insan, təcrübəli həkim kimi bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir.
Görkəmli alim malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator alim olmuşdur. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinin ürəklərdə əbədi yaşayacağını bildirdilər. Sonra konfrans iştirakçıları sərgi ilə tanış olmuşlar. Sərgidə görkəmli alimin əsərləri, onun həyat və fəaliyyətini əks etdirən 150-dək müxtəlif dillərdə kitab və digər nəşrlər, həmçinin, fotoşəkillər nümayiş etdirildi.
Qeyd edək ki sərgi 15 gün davam edəcək.