Dünən "Park-İNN" otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı dəyirmi masa keçirildi. Dəyirmi masada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, siyasi partiyaların rəhbərləri, tarixçi alimlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəyirmi masanı açıq elan edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov qeyd etmişdir ki, uydurma "soyqırımı" məsələsi ermənilərin yalan və saxtakarlıq üzərində qurulmuş siyasətinin tərkib hissəsidir.
Belə ki, ən böyük tarixi yalan və iftiralardan biri "erməni soyqırımı" adlanır: "Təəssüf ki, bu yalan 100 ilə yaxındır ki, yaşadılır. Kimlərsə onun yaşamasına maraqlı olduğuna görə, bir çox məkrli üsul və vasitələrdən istifadə etməkdən çəkinmirlər. Bu məkrli ideologiya, yalan meydana gələndən sonra yaşadığımız bölgədə dəfələrlə gərginliklər, qarşıdurmalar olub. Çünki bu yalanın kökündə insanlığa qarşı ideologiya dayanır. Yəni insanlar, xalqlar arasında düşmənçilik toxumu səpmək kimi məkrli məfkurə bu ideologiyanın əsasını təşkil edir. Fikir versəniz, XX əsrin əvvəllərindən başlayaraq sovet dönəmini istisna etməklə bütün dövrlərdə məhz erməni yalanları əsasında yaşadığımız bölgədə dəfələrlə qan tökülüb, düşmənçilik yaranıb, müharibələr baş verib. Təəssüf ki, bu günün özündə də belə "təşəbbüslər" baş alıb getməkdədir. Mən deyərdim ki, 20 faiz torpağımızın işğal olunması ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzarlıq siyasətinin əsasında da uydurmalar üzərində qurulmuş "erməni soyqırımı" ideologiyası dayanır".
Əli Əhmədov daha sonra qeyd etmişdir ki, uydurma "erməni soyqırımı"nın da ikrah doğuran sifəti var. Çünki bu, bütünlüklə, iftira, uydurmalar və böhtanlar üzərində qurulmuş ideologiyadır: "Bu, həmçinin, xalqlar arasında düşmənçilik toxumu səpmək kimi çox ziyanlı bir məqsədi öz qarşısına qoyub və 100 il müddətində bu məqsədə xidmət etməkdədir. Digər tərəfdən, bu ideologiyanın sifətini müəyyənləşdirən məqamlardan biri onun müharibələrə xidmət etməsindədir. Qeyd etdiyim kimi, bu ideologiya XX əsrin əvvəllərindən başlamış həmişə müharibə təbliğ edib, nəinki təbliğ edib, hətta müharibələrin başlamasına səbəb olub. Bu ideologiya, eyni zamanda, təcavüzkar ideologiyadır. Çünki onun məqsədi ayrı-ayrı xalqlara mənsub olan torpaqları ələ keçirmək məqsədi güdür. Heç şübhəsiz, Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin kökündə də bu ideologiyadan irəli gələn məqsədlər dayanır. Nəhayət, bu ideologiyanın sifətini müəyyənləşdirən çox ziyanlı məqamlardan biri onun Türkiyəyə və Azərbaycana, bu xalqlara qarşı çevrilməsidir. Anti-türk, anti-Azərbaycan mahiyyəti "erməni soyqırımı" uydurmasının kökündə dayanan məqamlardan biridir. Bu gün həmin ideologiya nə qədər ziyanlar verib, qanlar töküb, düşmənçilik toxumunu səpib. Hazırda da ermənilər bu işlərini davam etdirirlər. Türkiyə və Azərbaycan vətəndaşlarının müqəddəs vəzifələrindən biri bu yalana qarşı mübarizə aparmaq, onu bütün dünyada ifşa etməkdən ibarətdir. Hesab edirəm ki, müqəddəs Qarabağ torpaqlarının işğaldan azad edilməsindən ibarət olan vəzifənin də həyata keçirilməsinin ən vacib istiqamətlərindən biri budur. Erməni yalanlarını bütünlüklə ifşa etmədən Qarabağın azadlığı uğrunda apardığımız mübarizənin məqsədinə çatması da çətinliklərlə müşahidə olunacaq. Bu problem ümumbəşəri mahiyyət daşıyır və türklərə, azərbaycanlılara qarşı qırğınlar törətmiş ermənilərin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində səylər gücləndirilməlidir".
Dəyirmi masada Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva, YAP İdarə Heyətinin üzvü Zahid Qaralov, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki səfiri Zəki Qazioğlu, YAP Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı və YAP İdarə Heyətinin üzvü Kərim Kərimov çıxış edərək, uydurma "erməni soyqırımı"nın saxtakarlıq olduğunu, tarixi həqiqətləri əks etdirmədiyini vurğulamış, bu çirkin oyundan qardaş Türkiyəyə qarşı təzyiq kimi istifadə olunduğunu qeyd etmişlər.
Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc bu məsələdə göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür etmişdir. O, vurğulamışdır ki, uydurma "erməni soyqırımı"nın dünyada ifşa olunması istiqamətində Azərbaycan Türkiyəyə çox ciddi dəstək verir. Səfir bildirmişdir ki, hər iki dövlətin birgə səyi ilə erməni yalanlarının ifşasında mühüm nəticələr əldə olunur və həmin istiqamətdə aparılan işlər davamlı şəkil almaqdadır.
RÖVŞƏN NURƏDDİNOĞLU