Seymur Orucov: "Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin Konsepsiyanın hazırlanması ilə bağlı təkliflərə önəm verilir"
Dünən "Ambassador" otelində YAP Gənclər Birliyinin təşəbbüsü ilə "Azərbaycan 2020: Gəncliyin düşüncələri" mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamından irəli gələn məsələlər aidiyyəti dövlət qurumlarına tapşırılmış və bu ilin sonuna qədər Konsepsiyanın hazırlanması nəzərdə tutulmuşdur: "Əsasən, 3 istiqamətin əhatə olunacağı bu Konsepsiya ölkəmizin qarşıdakı illərdə daha yüksək inkişafa malik dövlətə çevrilməsinə, sosial-iqtisadi həyatın daha dinamik inkişafına səbəb olacaq. Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının, turizmin və kənd təsərrüfatının yeni modellər üzrə inkişaf etdirilməsi insanların həyat şəraitinin daha da yaxşılaşdırılmasına böyük töhfələr verəcək. Bu gün Konsepsiyanın hazırlanması təkcə dövlət qurumlarında deyil, ictimaiyyət arasında, vətəndaş cəmiyyəti institutlarında, ayrı-ayrı siyasi partiya və təşkilatların toplantılarında geniş müzakirə olunmaqdadır. Əsas məqsədi Konsepsiyanın hazırlanmasına təkliflər vermək, onun ölkəmizin gələcək inkişafını davamlı təmin edən mükəmməl formada hazırlamaqdan ibarət olan bu müzakirələr mütəmadi olaraq müxtəlif mövzularda Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilir. Keçirilən müzakirələrin davamı olaraq YAP Gənclər Birliyi də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında gənclərin düşüncələrinin və təkliflərinin nədən ibarət olduğunu öyrənmək üçün "Azərbaycan 2020: Gəncliyin düşüncələri" mövzusunda tədbir keçirməyi məqsədəuyğun hesab etdi."
S.Orucov Azərbaycanın inkişafın ən yüksək səviyyəsində olduğunu qeyd etdi. Bildirdi ki, mütəmadi olaraq, Nazirlər Kabinetinin iclaslarında ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurlar əsaslı şəkildə diqqətə çatdırılır, bu nailiyyətlərin qarşıdakı illər üçün böyük stimul olduğu qeyd edilir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamda da vurğulandığı kimi, Azərbaycan inkişafın yeni mərhələsindədir. Bu mərhələnin hədəflərinə çatmaq üçün səylərimizi daha da artırmalıyıq.
YAP Gənclər Birliyinin sədri gənclərə diqqət və qayğının dövlətin siyasətində əsas yer tutduğunu önə çəkərək, Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin Konsepsiyanın hazırlanması ilə bağlı təkliflərinə önəm verildiyini diqqətə çatdırdı. "Bugünkü tədbirdə "Azərbaycan gəncləri nə düşünür", "Azərbaycan gəncləri 2020-ci ilə qədər dövrdə ölkəmizi necə görmək istəyir" sualı ətrafında fikir mübadiləsi aparacaq, konkret təkliflər dinləniləcəkdir. Sözsüz ki, bu təkliflər Konsepsiyanın hazırlanması zamanı nəzərə alınacaq."
İntiqam Babayev: "Gənclərin həyatında yeni stimullar yaranıb"
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, bugünkü tədbirin mövzusu nəinki yaşadığımız bir dövr üçün əhəmiyyətlidir, eyni zamanda, Azərbaycanımızın, gənclərimizin sabahına hesablanmış çox mühüm bir sənədin hazırlanmasına həsr olunduğunu nəzərə alsaq, bütün dövrlər üçün aktuallığını aydın görmüş olarıq. " Bu gün ölkədə daha çox gənci öz sıralarında birləşdirən YAP Gənclər Birliyinin belə bir mövzuda tədbirin keçirilməsində təşəbbüskar olması təqdirəlayiq haldır. Ölkəmizdə həyata keçirilən siyasətin əsas prinsiplərindən biri budur ki, vətəndaşlarımız, gənclərimiz müxtəlif dövlət proqramlarının, sənədlərin, qanunların hazırlanmasında iştirak edir, fikirlərini, təkliflər paketini irəli sürürlər. Azərbaycan gəncliyi ölkəmizin həm bu günüdür, həm sabahıdır. Ümumiyyətlə, bir qədər arxaya, müstəqilliyimizin ilk illərinə diqqət yetirsək, görərik ki, ölkəmizdə gəncliyin düşüncəsi, gənclər siyasəti deyilən bir məfhumun mövcudluğu sual altında idi. Həmin dövrdə bir tərəfdən hərbi təcavüz nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulması, digər tərəfdən iqtisadi tənəzzül, vətəndaş qarşıdurmasının geniş vüsət alması fonunda gənclər siyasətini prioritetlər sırasında görmək qeyri-mümkün idi. Yalnız şəxsi ambisiyalara xidmət edən siyasət ab-havası mövcud idi."
İ.Babayev bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, digər sahələrdə olduğu kimi, gənclərə diqqət və qayğı istiqamətində də əhəmiyyətli addımlar atılmağa başladı. "Bu istiqamət dövlətin siyasətində əsas prioritetlərdən oldu. Ulu Öndərin əsas arzusu bu idi ki, müstəqil dövlətin yeni bir nəsli formalaşsın. Elə bir nəsil ki, Azərbaycanın milli-mənəvi dəyərlərinə, tarixinə, mədəniyyətinə sahib çıxacaq, öz sağlam düşüncəsi ilə ölkəmizin inkişafına töhfəsini verəcək. Bu ideyaya əsaslanaraq, Azərbaycanda bu gün də uğurlu gənclər siyasəti həyata keçirilir. Gənclərin potensialının ortaya qoyulması, onların vətənpərvərlik hisslərinin artırılması, yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, ölkə daxilində və xaricində fəaliyyətləri üçün əlverişli şərait yaradılması məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir. İnanıram ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərlə bağlı əsas müddəalar öz əksini tapacaq. Gənclər və İdman Nazirliyi olaraq təkliflər paketini təqdim etmişik. Belə tədbirlər vasitəsilə siz gənclərin də təklifləri dinləniləcək və sənəddə öz əksini tapacaq."
İ.Babayev bir məqamı da diqqətə çatdırdı ki, ötən il "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hazırlanan zaman da çox geniş debatlar təşkil olundu. "Dövlət başçısı İlham Əliyevin tapşırığı ondan ibarət idi ki, qəbul ediləcək sənəd işlək sənəd olmalıdır. İki ay müddətində geniş müzakirələr aparıldı, təkliflər səsləndirildi. Düşünürəm ki, Azərbaycan gəncliyi Dövlət Proqramı həmin təklifləri özündə çox konkret şəkildə ehtiva edib. Əminəm ki, 2020-ci ilə qədər dövrü əhatə edən İnkişaf Konsepsiyasında da gənclərin fikirləri öz əksini tapacaq. Çünki həyata keçirilən siyasətin əsas prioritetlərindən biri odur ki, gənclər ölkəmizin aparıcı qüvvəsidir. Onlar ictimai həyatda, təhsildə, elmdə, idmanda, mədəniyyətdə, bütün sahələrdə öndə gedən qüvvədir. Tədbirdə səsləndirilən təkliflər paketi YAP Gənclər Birliyinin rəhbərliyi tərəfindən aidiyyəti üzrə komissiyaya çatdırılacaq və yekun sənəd nəzərə alınacaqdır."
Ramil Həsənov: "Gələcək fərqli istiqamətlərdən hərəkət edərək bir nöqtədə birləşən faktordur"
TürkPA-nın baş katibi Ramil Həsənov bildirdi ki, 2020-ci ilə qədər dövrü əhatə edəcək İnkişaf Konsepsiyasında gənclərin düşüncələrinin, fikirlərinin nəzərə alınması çox önəmlidir. "Gələcək fərqli istiqamətlərdən çıxış edərək, bir nöqtədə birləşən bir faktordur. Hər bir ölkənin inkişaf strategiyası mövcuddur. Azərbaycanın inkişaf modelinin hazırda digər ölkələr tərəfindən öyrənilməsi böyük uğurdur. Dövlət başçısı İlham Əliyev hər zaman bəyan edir ki, bizim əsas hədəfimiz qarşıdakı onillikdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Bunun üçün hər bir qurum üzərinə düşən vəzifəni daha səylə yerinə yetirməlidir. Azərbaycan gəncliyinin düşüncələri də bu baxımdan əhəmiyyətlidir. Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası, sözsüz ki, elmin sirlərinə dərindən yiyələnən, yüksək ixtisaslı, müasir dünyagörüşə malik gənclərin yetişməsinə xidmət edir. İnsan kapitalının inkişafına göstərilən diqqət və qayğı təqdir olunur. Azərbaycan gənclərinin gələcəyi üçün çox mühüm stimullar mövcuddur."
R.Həsənov bu əminliyi ifadə etdi ki, müzakirələr çərçivəsində gənclərin irəli sürdüyü təkliflərin hər biri onların daha da inkişafına öz müsbət təsirini göstərəcək.
Fərhad Məmmədov: "Gələcəyi təmin etmək üçün lazım olan resurslar mövcudluğu Azərbaycanın bugünkü inkişafından aydın görünür"
Prezident Adminstrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov bildirdi ki, hər bir dövlət özünün gələcəyi barədə düşünür. "Amma bu gələcəyi təmin etmək üçün lazım olan resurslar mövcudluğu Azərbaycanın bugünkü inkişafından aydın görünür. Azərbaycan 20 illik müstəqillik tarixində böyük inkişaf yolu keçib. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlar göz qabağındadır. Bu gün elə Avropa ölkələri var ki, özlərinin gələcəyi barədə düşünmək imkanına malik deyillər. Hazırda ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolu beynəlxalq səviyyədə təqdir olunur, ölkəmizin gələcəyinə inam daha da artır. Bu uğurların əldə olunmasında, təbii ki, dövlətimizin gələcəyinə böyük inamla baxması, müxtəlif sahələrin inkişafını nəzərdə tutan İnkişaf Konsepsiyasını hazırlaması və onun icrası istiqamətində ciddi səylər göstərməsi mühüm rol oynayır. Bu inkişafı, təbii ki, bütün dövlətlərə aid etmək mümkün deyil."
"Konsepsiya inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir" söyləyən F.Məmmədov qeyd etdi ki, konsepsiya, eyni zamanda, ümumi məsələləri özündə ehtiva edir. "Nəzərdə tutulan istiqamətlər üzrə dünya təcrübəsinə istinad edilir, qarşıya qoyulan vəzifələrin həlli yolları açıqlanır."
O da qeyd edildi ki, hazırlanacaq Konsepsiya o qədər də böyük dövrü əhatə etmir. "Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz 2020-ci ili düşünərək növbəti illər üçün stimul yaradırıq."
Konsepsiyanın hazırlanmasında gənclərin rolundan bəhs edən F.Məmmədov bildirdi ki, gənclər konkret təkliflərini irəli sürməlidir. "Bir məqamı da nəzərə alaq ki, Azərbaycan rəqabətədavamlı iqtisadiyyat formalaşdırır. Bu işin daha sürətlə aparılması üçün kadr hazırlığına böyük ehtiyac var. Gələcəyi müəyyənləşdirən bilik cəmiyyətində hər kəsin öz üzərinə qoyduğu bir məsuliyyət var ki, o da yüksək ixtisaslı kadr kimi yetişmək üçün zəruri olan addımları atmaq, biliyini daha da təkmilləşdirmək, müasir dövrün tələblərinə uyğunlaşdırmaqdır. Bir sözlə, öz təşəbbüsünü irəli sürərək, bu cəmiyyətin məsuliyyətli vətəndaşına çevrilməlidir. Ona görə də gələcəyə "güclü dövlətin hərtərəfli inkişaf edən gənci" şüarı ilə baxmalı, təkliflərimizi irəli sürməklə, hər birimiz öz üzərimizdə çalışmalıyıq."
Fərhad Hacıyev: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında gənclərin rolunun önə çəkilməsi səbəbsiz deyil"
Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirdi ki, Azərbaycan gəncləri gələcəyə istiqamətlənmiş layihələri dəstəkləyir, onların icrasına öz töhfələrini verməyə çalışırlar. "Gənclər Fondunun yaradılmasında da məqsəd gənclərin təşəbbüslərini dəstəkləmək, onların inkişafına xidmət edən layihələrin həyata keçirilməsinə dövlət tərəfindən birbaşa yardımların təmin edilməsinə nail olmaqdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasında gənclərin rolunun önə çəkilməsi də səbəbsiz deyil. Gələcəyimiz olan gənclərə diqqət və qayğı davamlıdır. Qarşıdakı illərdə gənclərin inkişafına xidmət edən layihələrin icrasına Gənclər Fondu öz dəstəyini göstərəcək."
Məlahət İbrahimqızı: "Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir"
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında Azərbaycanın gələcəyi olan gənclərə diqqət və qayğıdan geniş bəhs etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən il qəbul olunan dövlət proqramları arasında daim "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı xüsusi qeyd edilir. Bu proqramla "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası biri-birini tamamlayır.
Azərbaycan günbəgün yeniləşir, müasirləşir
Milli Məclisin deputatları Sevinc Hüseynova və Fuad Muradov çıxışlarında ölkəmizin 20 illik müstəqillik tarixində qazandığı uğurlardan geniş bəhs edərək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının nailiyyətlərimizin davamlılığını təmin etmək üçün mühüm sənəd olduğunu diqqətə çatdırdılar. Bildirdilər ki, Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Dövlət başçısı İlham Əliyev bildirir ki, müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılaraq, gənclərin təklifləri dinlənildi.
RƏFİQƏ KAMALQIZI