Aprelin 26-da Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncam imzalamışdır. AzərTAc xəbər verir ki, Sərəncama əsasən, 2013-2015-ci illərdə Azərbaycan tarixinə dair tədqiqatların daha da genişləndirilməsi və səmərəliliyinin artırılması üçün AMEA-ya 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan üç milyon manat vəsait ayrılmışdır. Maliyyə Nazirliyinə Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, AMEA Rəyasət Heyətinə ayrılmış vəsaitin Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən təqdim edilmiş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarət, Nazirlər Kabinetinə isə sənəddən irəli gələn digər məsələlərin həlli tapşırılmışdır.